Sokolov “Zimbru” ilə oyunu buraxa bilər (çempion, 24.07.2006)

single-news
24 İyl 2006

Sokolov “Zimbru” ilə oyunu buraxa bilər (çempion, 24.07.2006)



Srağagün UEFA Kubokundakı təmsilçilərimizdən biri “Qarabağ” daha bir yoldaşlıq görüşündə qüvvəsini sınadı. “Turan”la qarşılaşmanını nəticəsini Ağdam klubu üçün istənilən mənada uğursuz saymaq olar. Əvvəla, Böyükağa Ağayevin yetirmələri qələbə qazana bilmədilər. Ən başlıcası isə “Qarabağ”ın 3 futbolçusu - Sergey Sokolov, Hakan Dəmir və Azər Məmmədov oyunu yarımçıq dayandırdı. İlk dəqiqələrdən Ağdam təmsilçiləri təşəbbüsə yiyələndilər. Lakin tovuzlular müdafiədə inamlı oyun sayəsində qapılarını toxunulmaz saxlaya bilirdilər. Oyunu əks-hücum taktikası üzərində quran “Turan” 30-cu dəqiqədə hesabı açdı. Sol cinahdan cərimə meydançasına girən Hafiz Əliyev “çərçivə”ni dəqiq nişan aldı. Fasilədən sonra bərabər səviyyəli oyunun şahidi olduq. Tovuzlular birinci hissədə olduğu kimi, yenə də əks-hücumlara bel bağlayırdılar. Müdafiədə yaxşı təsir bağışlayan “Turan” rəqibin hücumuna tuş gəlirdi. Buna baxmayaraq “Qarabağ”ın həmlələri bəhrəsini verdi. Qarşılaşmanın sonlarında Vasif Haqverdiyevin yerinə yetirdiyi künc zərbəsini Kənan Kərimov başla tora yolladı -1:1. Zədəli futbolçulara gəlincə, onların durumu baş məşqçi Böyükağa Ağayevin narahatçılığına səbəb oldu: “Oyundan necə razı qala bilərəm? Üstünlük bizim tərəfimizdə olsa da, qol vura bilmirdik. Üstəlik, 3 futbolçumuz zədələndi. Çalışacağıq ki, “Zimburu” ilə cavab matçına qədər zədəlilər sıraya dönsün. Hər üç futbolçunun bizə kömək etməsini istəyirik”.

Paylaş