Son dəqiqədə gələn qələbə
Son dəqiqədə gələn qələbə
“Qarabağ” – “Ayntraxt” – 3:2
Kamilo Duran, 4, 80, Bəhlul Mustafazadə, 90+4 – Can Uzun, 10; Fares Çaibi, 78 (pen.)
Komandamız Çempionlar Liqasında növbəti oyunu keçirib. “Qarabağ” Liqa mərhələsində sonuncu ev matçına çıxıb.
VII turda rəqibimiz Almaniya klubu “Ayntraxt” olub. Görüş komandamızın ərazi üstünlüyü ilə başlayıb. İlk dəqiqələrdən hücuma atılan futbolçularımız 4-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Çoxgedişli ötürmələr torun silkələnməsinə gətirib çıxarıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürməsini Kamilo Duran ikinci cəhddə qolla tamamlayıb.
Lakin 10-cu dəqiqədə müdafiədə ani diqqətsizlik rəqibin bərabərlik topunu vurması ilə nəticələnib. Buna baxmayaraq, komandamız üstünlüyünü sona qədər davam etdirib. Birinci hissədə oyuna tam diktə edən futbolçularımız meydanın “Ayntraxt”a aid hissəsində paslaşaraq, rəqib müdafiəsində boşluq axtarıb. Ancaq fasiləyə qədər hesabı dəyişmək mümkün olmayıb.
İkinci hissə qarşılıqlı hücumlarla keçib. Hər iki komanda qələbə üçün nisbətən açıq futbola üstünlük verib. Qonaqlar 78-ci dəqiqədə penalti qolu sayəsində önə keçiblər. Amma cəmi 2 dəqiqə sonra komandamız status-kvonu bərpa edib. Yenə Cəfərquliyev-Duran tandemi iş başında olub və Kamilo dublunu rəsmiləşdirib. Bütünlüklə hücuma atılan futbolçularımız 90+4-cü dəqiqədə qələbə topunu vurublar. Cinah ötürməsini Bəhlul Mustafazadə dəqiq tamamlayıb.
Beləliklə, 3:2 hesablı qələbə qazanan “Qarabağ” aktivindəki xalların sayını 10-a yüksəldib.
Qeyd edək ki, sonuncu - VIII turda rəqibimiz “Liverpul” olacaq. İngiltərə klubu ilə “Enfild Roud”dakı görüş yanvarın 28-də baş tutacaq.
Photo: Mahammad Mammadov
