SON TUR ÖNCƏSİ: "QARABAĞ" ARDICIL 6-CI QƏLƏBƏNİN ASTANASINDA . . .

single-news
29 May 2006

SON TUR ÖNCƏSİ: "QARABAĞ" ARDICIL 6-CI QƏLƏBƏNİN ASTANASINDA . . .



"Qarabağ" Futbol Klubu XIV Milli Çempionatın son turunun oyununda Sumqayıtın "Gənclərbirliyi" komandası ilə matçın hazırlıqlarını davam etdirir. 7 gündür "Ambiance" otelində məskunlaşmış komanda gündəlik 2 dəfəlik məşqlərə fasilə verərək, bu gün matçın keçiriləcəyi M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 17:00-da son məşqinə çıxacaq. Komandanın heyətində zədəlilərlə bağlı problem yoxdur. "Neftçi" ilə kubok oyununda zədələnmiş Mübariz Orucov artıq bir neçə gündür ki, tam gücü ilə komandanın heyətində məşqlərə çıxır. Aslan Kərimovun da qırmızı vərəqə alması səbəbindən iki oyunluq cəzası başa çatmışdır. Bütün bunlar haqqında matç öncəsi Baş məşqçimiz Böyükağa Ağayev öz fikirlərini bölüşdü: "Bildiyiniz kimi, komandamız artıq 1 həftədir ki, təlim məşq prosesinə toplanıb. Nəticədən məmnunam.Uşaqlar verdiyim bütün göstərişləri böyük istəklə yerinə yetirirlər. Son yoldaşlıq matçında "Olimpik"lə keçirdiyimiz oyunda da uşaqlardan razı qaldım. Lakin problemlərimiz də yox deyil. Belə ki, Aslan Kərimov və Romal Hüseynovun üç sarı vərəqəsi planlarımızı pozan nüanslardandır. Bütün bunlara baxmayaraq, inanıram ki, həm çempionat, ən əsası kubokun final matçında sevinəcək tərəf "Qarabağ" olacaq." Bir daha xatırladaq ki, son turun oyunu 30.05.2005-ci il tarixində M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Paylaş