Sönük oyunda qusarlılar qalib gəldilər (ÇEMPİON,

single-news
7 Apr 2006

Sönük oyunda qusarlılar qalib gəldilər (ÇEMPİON,



Bu oyuna “Qarabağ” ciddi itkilərlə çıxmışdı. Zədə və cəza səbəbindən matçı buraxanlar sırasına Egidius Yuşka da qoşulmuşdu. “Şahdağ”dan isə Rahid Əmirquliyev bu matçda da komandasına kömək edə bilmirdi. Oyun “Qarabağ”ın hücumları ilə başlandı. Artıq 3-cü dəqiqədə hesab açıla bilərdi. Lakin Mübariz Orucovun zərbəsi qapıdan azca aralı keçdi. İlk yarıda küləyin qonaqların qapısına əsməsi onlara əlavə problem yaradırdı. Buna görə də Sabir Əliyev yetirmələri əsasən topu özlərində saxlamağa çalışırdılar. “Şahdağ” daha çox mərkəzə nəzarət edir, uzun ötürmələrlə cinah yarımmüdafiəçilərini oyuna qoşurdu. Buradan isə Ticani topla təmin olunmalı idi. Bu taktika haradasa özünü doğruldurdu. Məhz bu tip hücumların birində Zahir Əsgərov hesabı aça bilərdi. Lakin arxadan özünü yetirən müdafiəçilər çətinliklə topu onun ayaqları arasından çıxarda bildilər. Meydan sahiblərindən isə Müşfiq Hüseynov fərqlənmək imkanı qazandı. Lakin Dmitriyeviç qola imkan vermədi. “Qarabağ” bundan sonra bir-neçə kəsərli hücum qursa da, bu hücumları məntiqi sonluğa çatdıra bilmirdi. İkinci hissədə isə artıq “Şahdağ” küləyin köməyindən yararlanmağa başladı. “Qarabağ”dan fərqli olaraq onlar bunu daha yaxşı bacardılar. Matçın 57-ci dəqiqəsində sağ cinahdan təşkil olunan hücum qolla nəticələndi. Zahir Əsgərov Həbib Ağayevin hava ötürməsini başla qapıdan keçirdi. Az sonra isə meydançada gərgin anlar yaşandı. Qonaqların 55 nömrəli futboçusu Aleksandr Nurəliyev Aslan Kərimova qarşı kobud oynadı. Hakim isə dərhal cərimə zərbəsi təyin etdi. Lakin özünü saxlaya bilməyən Kərimov Nurəliyevi vurdu. Digər futbolçuların da hadisəyə müdaxiləsi aranı bir qədər də qarışdırdı. Ara sakitləşəndən sonra isə referi haqlı olaraq Aslana sarı vərəqə göstərdi. Bu dəqiqələrdə ağdamlıların rəqib qarşısında acizliyi hiss olunurdu. “Şahdağ” isə əksinə, bir neçə dəfə onları əks-hücumda tutaraq təhlükəli vəziyyətlər yaradırdı. Əvvəlcə ilk qolun müəllifi Zahir Əsgərovun təhlükəli zərbəsinin qarşısını Kovalyov kəsdi. Arif Daşdəmirov isə sol cinahdan topu ələ keçirərək Vitali ilə üz-üzə qalsa da, topu düz onun üstünə vurdu. Demək olar ki, qonaqların müdafiə xətti də işinin öhdəsindən layiqincə gəldi. Bunun nəticəsi idi ki, “Qarabağ” oyun ərzində bir dəfə də olsun real qol imkanı yarada bilmədi. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Bizim problemlərimiz çox idi. Zədə və cəza səbəbindən bir çox futbolçunun imkanlarından məhrum idik. Ən yaralı yerimiz isə hücum xətti ilə bağlı idi. İndi çalışacağıq ki, yığmanın oyunu ilə əlaqədar yaranmış ongünlük fasilədən səmərəli istifadə edək”. Sabir Əliyev (”Şahdağ”ın baş məşqçisi): “Biz bu oyuna qədər öz meydançamızdakı oyunları uduzduğumuzdan komandada psixoloji gərginlik var idi. Bu qələbə yəqin ki, böhrandan çıxmağımıza kömək edəcək.

Paylaş

// pop up