”Soyuq müharibə” başlandı(CHAMPİON, 02.05.2005)
2 May 2005
”Soyuq müharibə” başlandı(CHAMPİON, 02.05.2005)
Mövsümün sonu yaxınlaşdıqca çempionluq mübarizəsi də get-gedə qızışır. Artıq hakim səhvləri, oyunların alınıb-satılması günün prioritet mövzularına çevrilir.
Düzdür, ədalət təmsilçiləri yetərincə ciddi xətalara yol versələr də, bəzən məşqçilər də özlərini sığortalamaq üçün bütün günahları onların üstünə atırlar. Yaxşı ki, cari mövsümdə rəqabət kifayət qədər çoxaldığından hər tur gözlənilməz nəticələrin şahidi oluruq. Elə “Qarabağ”ın da “ədliyyə”yə uduzacağı heç kimin ağlına gəlməzdi. Amma elitada qalmaq üçün bütün gücünü ortaya qoyan əfqan Talıbovun komandası lideri sevimli yerindən ayrı salmağı bacardı. Artıq Ağdam klubu “Neftçi” ilə oyuna o qədər də rahat çıxmayacaq. İqor Ponomaryovun yetirmələri zirvədəki yerlərini qaytarmaq üçün “ağ-qaralar”ı məğlub etmək məcburiyyətindədirlər. Odur ki, mayın 4-də keçiriləcək matçın indidən diqqət mərkəzinə düşməsi təəccüblü qarşılanmamalıdır. Daim qardaş klublar kimi eyni mövqedən çıxış edən “Qarabağ” və “Neftçi”nin indi bir-birlərinə qarşı sərt bəyanatlar vermələri çempionluğun şirin röya olmasını göstərir. Hər şey ağdamlıların yenidən Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına stadionda oynamaq istəyindən başlandı. əslində “Qarabağ” mövsümün əvvəlində də ev oyunlarını həmin arenada keçirdiyindən bunu bir qədər təbii qarşılamaq lazımdır. əyalət təmsilçisinin iddia etdiyinə görə, adı çəkilən stadiondakı təmir işləri yenicə yekunlaşıb. Amma bu matçın bayram ab-havasına çevirilməsi üçün mərkəzdəki arenalardan birini, daha doğrusu, “Qarabağ”ın indiyə kimi “ev” oyunlarını keçirdiyi “Şəfa”ya üstünlük verməsini gözləyirdik. Hər halda burada həm azarkeşlərin sayı çox olar, həm də arzulayanlar oyuna getməkdə heç bir problemlə üzləşməzlər. Matç öncəsi intiraqanı Ağasəlim Mircavadovun APA-ya verdiyi açıqlama bir az da qızışdırdı. Onun sözlərinə görə, Suraxanıdakı stadionda bir müddət heç bir oyun keçirilmədiyindən ot örtüyü bərbad vəziyyətə düşüb. “Neftçi”nin baş məşqçisi AFFA-nı və klubları qanunlara riayət etməyə çağırıb: “Oyun zamanı baş verə biləcək hər hansı neqativ hadisəyə görə, məsuliyyət AFFA-nın üzərinə düşəcək. Amma bizim üçün fərqi yoxdur. Meydançaya qələbə üçün çıxacağıq”. Maraqlıdır ki, Mircavadovun bu açıqlamasınqdan sonra “Qarabağ”ın mətbuat xidməti də sakit dayanmayıb. Bu dəfə Ağdam klubu “cavab atəşi” ilə əks tərəfi susdurmağa çalışıb. Onlar ad çəkməsələr də, açıqlamanı diqqətlə oxuyanda görmək olur ki, “Xəzər-Lənkəran”ın da “bostanına daş atılıb: “Oyunlarımızı sabit bir meydançada keçirməmək barədə deyilənləri də düzgün saymırıq. Çempionat dövründə ev oyunlarını hətta dörd meydançada keçirən klublarımız var. Ona görə də bizə irad tutmaq yersizdir. Biz sadəcə meydança dəyişmir, öz meydançamıza qayıdırıq”. Deməli, “Qarabağ” - “Neftçi” “soyuq müharibəsi” hələ iki gün də davam edəcək. əsas hadisələr isə ayın 4-də bəlli olacaq. ən pisi isə odur ki, hələ də matçın hansı stadionda keçiriləcəyi bəlli deyil. Gərək AFFA məsələyə vaxtında müdaxilə edəydi, yoxsa sonradan verilən qərar istər-istəməz yeni mübahisələrə səbəb olacaq.