Süleymanov da komandasına rişxənd etdi (FUTBOL+, 03.10.2005)

single-news
3 Okt 2005

Süleymanov da komandasına rişxənd etdi (FUTBOL+, 03.10.2005)



Sonuncu çempionatda finişə qədər birincilik uğrunda mübarizə aparan "Qarabağ" və vitse-çempion "Xəzər-Lənkəran" indi fərqli məqsədlər uğrunda mübarizə aparır. Amma hazırda hər iki kollektiv turnir cədvəlinin aşağı pillələrində çabalayır. "Qarabağ"la görüş "Xəzər-Lənkəran" üçün həyati əhəmiyyət daşımalı idi. Məhz bu oyunda qonaqlar çempionatda 4 oyunluq xalsızlıq seriyasına son qoymağa ümid edirdi. Qarşılaşmanı prinsipiallaşdıran daha bir məqam isə bu komandalar arasında ötən mövsüm baş tutan görüşlə bağlı idi. Belə ki, sonuncu çempionatın ikinci dövrəsində Lənkəranda keçirilən oyunda "Xəzər-Lənkəran" rəqibini böyük hesablı məğlubiyyətə uğradaraq çempionluq şansını heçə endirmişdi. Qonaqlar matça aqressiv başladı. Amma "Qarabağ" elə ilk həmlədə hesabı açmağa müvəffəq oldu. Sergey Kravçenko mərkəz xətti yaxınlığında topu qəbul edib sürətlə irəli şığıdı və topu cərimə meydançasına daxil olan Müşfiq Hüseynova ötürdü. Təcrübəli hücumçu şansını qaçırmadı. Soyuq duşdan ayılmağa çalışan qonaqlar hücumların intensivləşdirdi. Amma cinah xavbeklərinin inamsız oyunu sayəsində "Xəzər-Lənkəran"ın həmlələri kəsərli alınmırdı. Əgər Rəşad Abdullayev sonradan özünə gəldisə, Vüsal Hüseynov heç nə ilə yadda qalmadı. Təsadüfi deyil ki, Nazim Süleymanov tezliklə onu əvəzlədi. "Qarabağ"ın qapısına doğru ilk təhlükəli zərbə 18-ci dəqiqədə gəldi. Zaur Ramazanovun 25 metrdən vurduğu zərbəyə Cahangir yaxşı reaksiya göstərdi. Bu dəqiqələrdə yaxşı qapanan "Qarabağ"ın əks-hücumları təhlükəli alınırdı. Bunlardan birində Müşfiq topa çatsaydı, hesab arasında fərq daha da arta bilərdi. 24-cü dəqiqədə Mahmud Qurbanovun zərbəsi təhlükəli alındı. Bu epizodda Cahangir səhvə yol versə də, topu küncə çıxarmağa müvəffəq oldu. Dörd dəqiqə sonra Sokolovskinin yerinə yetirdiyi cərimə zərbəsinə Martyoşkin inanılmaz reaksiya göstərdi. Dərhal qonaqlar hesabı bərabərləşdirmək üçün şans əldə etdi. Amma Samir Əliyev Alimin ötürdüyü topu 3 metrdən dirəyə vurdu. "Qarabağ" ikinci hissəni bütünlüklə müdafiədə keçirdi. Amma qonaqlar rəqib müdafiəçilər önündə aciz qalırdı. Xüsusilə cinahlarda səhvsiz oyun "Xəzər-Lənkəran"ı daha çox mərkəzdən hücum qurmağa vadar edirdi. Belədə gözəl əks-hücum ağdamlılara daha bir qol gətirdi. Cabbarov uzun reyddən sonra Voskoboyniki qapıçıyla üz-üzə qoydu. Martyoşkin məcbur olub onu yıxdı və Samir Musayev penaltiylə mövsümdə ilk qolunu vurdu - 2:0. Çoxları artıq oyunun taleyinin həll olunduğunu düşündüyü anda səhnəyə Samir Əliyev çıxdı. Forvard Saviçin əla ötürməsindən və Hüseyn İsgəndərovun kobud səhvindən sonra fərqi azaltdı. Bundan sonra lənkəranlılar bütünlüklə hücuma atıldı. 70-ci dəqiqədə Rəşad Abdullayevin, bir dəqiqə sonra isə Emin Quliyevin zərbələrini Cahangir zərərsizləşdirdi. 80-ci dəqiqədə yenə Eminin başla vurduğu zərbəni qapıçı qaytardı. Bundan iki dəqiqə keçmiş Samir Mahmud Qurbanovu qapıçıyla üz-üzə qoysa da, kapitan zərbə vurmağa gecikdi. Bu epizodda Emin Quliyevlə Blajenko Bekovaç arasında xırda toqquşma baş verdi. Hər iki futbolçu qırmızı vərəqəyə layiq olduğu halda, Vüsal Əliyev qətiyyətsizlik göstərdi. Vüsalın köməkçiləri də bir neçə epizodda səhvən ofsayd qərarı verdi. Gərgin keçən görüşün sonluğu qalmaqalsız ötüşmədi. Belə ki, final fiti veriləndən dərhal sonra Emin Bekovaçla münasibətlərini aydınlaşdırmağa çalışdı. Davaya hər iki komandanın oyunçuları, hətta bir neçə lənkəranlı azarkeş də qoşuldu. Amma klub rəsmilərinin və polislərin müdaxiləsindən sonra ara sakitləşdi. "Xəzər-Lənkəran" 5-ci dəfə dalbadal uduzmaqla bu gün toyu olacaq ehtiyat qapıçı Anar Niftəliyevə hədiyyə edə bilmədi. Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Futbolçularım pis təsir bağışlamadı. Bununla belə, onlardan tam razı deyiləm. Düşünürəm ki, gələcəkdə oyunumuzu bir az da yaxşılaşdırsaq, ilk "6-lığ"a düşə bilərik". Nazim Süleymanov, "Xəzər-Lənkəran"ın baş məşqçisi: "Bugünkü matç bir daha göstərdi ki, komanda düzəlir. Futbolçular nəyə qadir olduqlarını ortaya qoydular. Sözlərimi necə yozursunuzsa, yozun. Psixoloji və nizam-intizam planında problemlərimiz var. Bunları yoluna qoymağa çalışacağıq".

Paylaş

// pop up