Süquta doğru (FUTBOL+,12.07.2005)
12 İyl 2005
Süquta doğru (FUTBOL+,12.07.2005)
Tarixdə şanlı quruluşların məhvinə "süqut" deyirlər. Neçə-neçə xırda tayfalar dişi-dırnağıyla mübarizə aparıb, böyüyüb imperiyaya çevrilib. Sonra isə rəhbərlərin səhvləri ucbatından dağılıb, yer üzündən silinənlər də olub. Həmişə mənəvi itki isə sadə caamata təsir edib. Səriştəsiz xaqanlar sadəcə, günahlarını əcəlləriylə aparıb, yox olublar.
Açığı, "Qarabağ"a heç cür indiki imicini yaraşdıra bilmirəm. Qaçqın komanda kimi ölkə futbolunun içində tanınan, nüfuzlanan klubumuz indi daha çox şirkət təmsilçisi görüntüsü verir. Əvvəllər komandalara ürəkləriylə bağlanan neçələrinin Ağdam klubuna üz döndərdiyinin şahidi olmuşam. Onlar Qarabağlarını itirib onun futbol meydanlarındakı rəmzi ilə nəfəs alan qaçqınlarımız idi. İndi şirkətləşən "Qarabağ"ı dəstəkləyənlər arasında belələrini tapmaq çətindi. Artıq çoxlarının qəlbindəki ülvi hiss zəifləyib. Sevgilər isə heç vaxt ölmür. İnsanın eşq atəşi köksündə sönsə də, sevgisinin közünü sonuna qədər daşıyır. Amma əzabla-əziyyətlə... İmperiyalar süqut edəndə də belə olur...
Hazırda qaçqın futbolsevərlər komandalarını - yəni növbəti dəfə "Qarabağ"ı itirə bilər. Açığı, şanlı klubumuzun belə vəziyyəti yoxluq kimi bir şeydi. Himayəçi "Azərsun" Holdinqin səxavəti deyəsən, buraya qədər imiş...
İqor Ponomaryovun gedişindən sonra boş qalan baş məşqçi postunun dolacağı günü gözləyə-gözləyə gözümüzün kökü saraldı. Rəhbərlik yeni "sükançı"nın kimliyini açıqlayacağını deyə-deyə sadəcə, eşitdirilirdi ki, bu mütəxəssis Türkiyədən gələcək. Doğrudan da gözəl manevr idi. Hər halda, hər kəsin düşüncəsində əcnəbinin gəlib fövqəladə işlər görəcəyi xəyalı canlandı. Əvvəldə kimsə səsini çıxarmadı. Növbəti milli çempionata hazırlaşmaq üçün hələ müəyyən vaxt var idi. Zaman keçdikcə isə "bıçaq sümüyə yaxınlaşırdı". Ölkədəki olan-qalan yararlı futbolçular özünə klub tapdı. Hələ bu azmış kimi heyətin aparıcı üzvləri də komandanı tərk etməyə başladı. Nəticədə "bıçaq sümüyü parçaladı". Əcnəbi məşqçi axtarışından bir şey çıxmadığını görən rəhbərlik isə Türkiyəyə getdi, qayıtdı və vəziyyətdən sıyrılmağın ən bəsit yolunu seçdi. "Qarabağ" məşqçi Səttar Əliyevə tapşırıldı.
Bu artıq reallaq önündə diz çökməkdən başqa bir şey deyildi. Reallığı isə daha əvvəl biz demişdik. Bəli, "Qarabağ" bu qərarla "Azərsun Holdinq"in büdcə komandası olduğumu tam açıqlığıyla gözlər önünə sərdi. Büdcə də ki, xeyli məhdudlaşdırıldı. Heç də vitse-prezident Tahir Gözəlin dediyi kimi, maddi güc çoxaldılmadı, əksinə, çərçivələndi. Hansı ki, həmin ölçülər əvvəl də mövcud idi. Lakin son mövsümdə rəqiblərin pullanması "Qarabağ"ı nəzərdə tutulandan artıq xərcləməyə məcbur etmişdi. Tərslikdən lazımi nəticə də alınmamışdı. Bütün əziyyət boşa getdi və holdinqin sponsorluğu dövründə Ağdam təmsilçisi birinci dəfə avrokuboklardan kənarda qaldı. Bu əsl iflas demək idi.
İndi ortada olan isə can verən insanın son çırpıntılarına oxşayır. Baş direktor Əmrah Çəlikəl buna gəncləşdirmək siyasəti desə də, sadəcə, özünü aldada bilər. Görəsən, "Qarabağ" Mübariz Orucov, Müşfiq Hüseynov və Vasif Haqverdiyevi gəncləşdirəcək? Gülməlidi, vallah!
Olanları xatırlatmaq və nəyisə təhlil etməyin mənası yoxdu. Sadəcə, qaranlıqdı. Özü də "Qarabağ"ın üzərinə elə bir zülmət çöküb ki, göz-gözü görmür. Gözəlin "azarkeşləri yenə həyəcanlandıracağıq" sitatı isə Ağdam təmsilçisinin rəsmi saytının manşetini bəzəyir. Hər dəfə təzə xəbər görmək ümidiylə açdığımız elektron səhifədə gördüyümüz ancaq Tahir bəyin gözəl bəyanatıdı. Bir də arada-sırada uşaq futbolundan yazırlar. Sərpil Həmdi Tüzünün qurduğu strukturdu "Qarabağ"da gözə çarpan. Başqa ciddi nə isə qalmayıb. "Azərsun holdinq"in isə maşallah hər şeyi var. Hətta təbliğat marağına xidmət edən futbol klubu da. Və həmin klub növbəti milli çempionatda varlıqlı sponsor olmasına baxmayaraq, zəifləmiş heyətlə çıxış edəcək. Bəlkə də qapazaltı olacaq. Hər halda, "Qarabağ"ı zamanın, gələcəkdə görəcəklərimizi isə tanrının hökmünə buxaraq.