Suraxanı sindromu bitdi (FUTBOL+, 08.04.2006)

single-news
8 Apr 2006

Suraxanı sindromu bitdi (FUTBOL+, 08.04.2006)



Sonuncu dəfə 2004-cü ilin Suraxanı qəsəbə stadionunda “Karvan”a yenilən (1:2) “Qarabağ”ın ilyarmlıq seriyanı ən az növbəti ayadək qoruyacağı gözlənilirdi. Meydan sahiblərinin qələbəsini şərtləndirən amil isə birinci dövrədəki qarşılaşmada qusarlıların rəqibini məğlubiyyətə uğratmasıydı. “Şahdağ”ın ikinci dövrədə uğursuz çıxış etməsi də ağdamlıların rəqibini çətinlik çəkmədən yenəcəyini təxmin etməyə əsas verirdi. Amma şimallılar bütün ehtimalları alt-üst edərək inamlı qələbə qazandı. Düzü, elə ilk dəqiqələrdən “Qarabağ”ın xal itirəcəyi açıq-aşkar hiss olunurdu. Hücum xəttinin “dişsiz”liyi və üstəlik “Şahdağ”ın müdafiədəki inamlı oyunu “Qarabağ”ın ilk yarıda bir dəfə də olsun real qol vəziyyəti yarada bilməməsinə gətirib çıxardı. Halbuki fasiləyədək külək də meydan sahiblərinin tərəfində idi. Ağdamlıların ilk yarıda sərgilədiyi oyuna baxanda adamda elə təəssürat yaranırdı ki, onlar bir xala da razıdı. Elə qonaqlar da fasiləyədək yalnız müdafiənin qayğısına qalmaqla məşğul idi. Xətti müdafiə futbolu oynayan qusarlılar rəqibin yaradıcı oyun qurmaq planını pozmağı bacarsa da, fasiləyədək əks-hücumları o qədər də effektli alınmırdı. Sabir Əliyevin Nodarı Kamranla əvəzləməsindən sonra qonaqlar bu çatışmazlığı da aradan qaldırdı. Və 52-ci dəqiqədə qonaqların növbəti kəskin əks-hücumu qolla nəticələndi. Müdafiədən verilən uzun ötürməni mərkəzdə qəbul edən Ticani ona sağ cinahdan dəstək verən Həbibi gördü. Yarımmüdafiəçi isə öz növbəsində irəli şığıyan Zahirə ideal ötürmə verdi ki, sonuncu başla hücumu dəqiq tamamladı. Hesab açılandan sonra meydan sahibləri fəallığı bir qədər artırdı. Amma rəqibin müdafiəsini mərkəzdən yara bilməyən Böyükağa Ağayevin yetirmələri əsasən cinahlardan edilən asmalara üstünlük verirdi ki, ikinci hissədə rəqibə “işləyən” külək bu cəhdlərin qarşısını alırdı. Asmaları rəqibin başı üzərindən aşırmaq mümkün olanda da “Şahdağ”lıların ustalıqla tətbiq etdiyi süni oyundankənar vəziyyət hücumların yarımçıq başa çatmasına gətirib çıxarırdı. Meydan sahibləri yalnız iki dəfə İqor Dmitriyeviçi narahat edə bildi ki, əvvəlcə Fəridin yaxın məsafədən baş zərbəsini dəf edən qolkiper az sonra Müşfiqin ötürmədən çox birbaşa qapıya zərbəyə oxşayan təhlükəli vuruşunu ikinci cəhddə zərərsizləşdirdi. Qonaqlar da bu arada boş dayanmırdı. İstər əks-hücumlarda, istərsə də standart vəziyyətlərdə daha təhlükəli olan Sabir Əliyevin yetirmələri ikinci yarının ortalarında ikinci qolu vurmağa çox yaxın idi. Amma Kamranın cərimə zərbəsini başla “çərçivə”yə yönəldən Zahirin dubl etməsinə Kovalyov imkan vermədi. İnanılmaz reaksiyayla topu tirin üstündən aşıran qolkiper bir neçə dəqiqədən sonra növbəti dəfə komandasını real qoldan xilas etdi. Həbibin ideal ötürməsi sonucunda Ticani Kovalyovla üz-üzə qalsa da, topu özündən bir qədər irəli buraxdı. Zamanı düzgün qiymətləndirən Kovalyov mövqeyini tərk edərək təhlükənin böyüməsinə imkan vermədi. Qalan dəqiqələr ərzində də oyuna nəzarəti əlində saxlayan qusarlılar səfərdən üç xalla dönməyi bacardı. Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Heyətlə bağlı problemlərimiz yetərincədi. Uşaqların mövqelərində tez-tez dəyişiklik etməyə məcbur oluram. Belə eksperimentlər isə həmişə fayda vermir. Hücum xəttimiz isə bərbad vəziyyətdədi. İki futbolçumuz iynə vurduraraq meydana çxmışdı. Samir yox, Yuşka yox... Ümumiyyətlə, 6 oyunçumuz zədəli olduğu üçün heyətdə yer ala bilmir. Bu gün sərgilədiyimiz oyunda futbol adına heç nə yox idi. Amma qarşıda yığmanın oyunu ilə əlaqədar fasilə var. Vaxtdan istifadə edib həm zədəliləri sağaldacaq, həm də oyun planında çatışmazlıqları aradan qaldıracağıq”. Sabir Əliyev, “Şahdağ”ın baş məşqçisi: “İkinci dövrədə çıxışımızdakı eniş uşaqların əhval-ruhiyyəsini korlayıb. Belə vəziyyətdə komandanı psixoloji cəhətdən oyuna hazırlamaq çox çətindi. Amma biz bunu bacardıq. Uşaqların qarşısına yenilməmək tapşırığı qoyulmuşdu. Şükür Allaha, bu vəzifənin öhdəsindən artıqlaması ilə gəldik. Ölkə kubokunun yarmfinalına adlamış bir komandanı səfərdə yendiyimizə görə sevinməyə haqqımız var. Oyunun idarəçiliyinə gəlincə, hakim xırda follarla əleyhimizə işləyirdi. Buna baxmayaraq, yaxşı ki, nəticəyə təsir edən səhvə yol vermədi”.

Paylaş