Suraxanıda daha nələr deyilmədi?! (HET-TRİK, 05.05.2006)
5 May 2006
Suraxanıda daha nələr deyilmədi?! (HET-TRİK, 05.05.2006)
Heç kəs gözləmirdi ki, "Qarabağ" - "Neftçi" oyunu bitər-bitməz Suraxanı stadionunda belə həngamə qopacaq. Son saniyələrdə Boretslə Kərimovun kəllə-kəlləyə gəlməsi "Neftçi"nin düşərgəsində olan insanları xeyli əsəbləşdirmişdi. Komanda həm finala çıxa bilmədi, həm də "Bakı"yla matçöncəsi əsas fiqurlarından birini itirdi. Amma bu, vitse-prezident Ramin Musayevə və digər "ab-qaralara" haqq vermirdi ki, arenanı döyüş meydanına çevirsinlər.
"BİR BABA HİNDİ"
Əslində qalmaqalın əsasını elə tribunada əyləşən azarkeşlər qoymuşdu. Matçın gedişində komandalarını dəstəkləməkdən doymayan tərəfdarlar arada bir-birinin bostanına daş atmağı da unutmurdu. Xüsusilə də "Qarabağ"lı fanatlar bacarığını göstərirdi. Onların arabir səsləndirdiyi "Neftçi" - qaz!" şüarı az imiş kimi, plagiata əl atması lap biabırçı oldu. "Fənərbaxça" - "Qalatasaray" görüşündə yerli azarkeşlərin oxuduğu və bununla da heyvansevərlərin qəzəbinə tuş gəldiyi "Bir baba hindi" bəstəsi matçın sonlarına yaxın "Qarabağ" tərəfdarlarının dilindən düşmədi. Əlbəttə, sevimli komandanı dəstəkləmək yaxşıdır. Amma niyə rəqibi söyürsən?
KÜÇƏ SÖYÜŞÜ
Baş hakim Fariz Yusifov final fitini təzəcə səsləndirmişdi ki, bir də gördü üstünə "Neftçi"nin vitse-prezidenti Ramin Musayev başda olmaqla bir qrup insan gəlir. Emosionallığıyla dillərə düşən Musayev birinci dəfə deyildi ki, hakimlərə barmaq yelləyirdi. Deyəsən, mühafizəçi və polis dəstəsi də bunu anlamışdı. Hər halda, onlar ədalət təmsilçilərini vaxtında əhatəyə alaraq zərbədən qorumağı bacardı. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl də Musayevi sakitləşdirmək məqsədiylə ora tərəf gəldi. Və bu da aranın daha da qızışmasına səbəb oldu.
Hirsli başla Çəlikələ "Sən kimsən?" deyə etiraz edən Ramin bəyə "Neftçi"nin məşqçisi Tofiq Mustafayev də qoşuldu. Başladı, nə başladı. Söyüşün biri bir qəpik. Yığ apar bazarda sat. Dilləşən tərəflərə hər zaman özünü yuyulmamış qaşıq kimi ortaya atan azarkeşlər də qoşuldu. Ayaq altında hərlənən balaca uşaqlar isə lap səbr tükədirdi. İnsanla dolu izdiham yavaş-yavaş soyunub-geyinmə otaqlarına tərəf hərəkət edirdi.
Bu arada Çəlikəlin "Adam kişi olar, biz uduzanda da sizi təbrik etmişik" deməsinə, əks tərəfdə duran Mustafayev onu ən qədim peşənin sahiblərinə bənzətməklə cavab verdi. O da borclu qalmadı. Gərginlik artırdı. Hadisə yerində isə hələ polisə bənzər bir kəs yox idi.
GEC GƏLDİLƏR
Elə bu yerdə xəbər tutdum ki, əli dəyənəklilər tribunadan stadiona axışmağa cəhd göstərən azarkeşlərin qarşısını almaqla məşğuldur. Yalnız bundan sonra, təxminən 10-15 dəqiqə keçmiş polislər hadisə yerində görünməyə başladılar. Elə bil qurbağa gölünə daş atdın. Kütlə 2-3 yerə parçalandı. Futbolçularla hakimlər birtəhər otaqlara daxil olmağı bacardı. Amma Yusifov və köməkçiləri çox çalışsalar da, şillə-təpikdən canını qurtara bilmədilər. "Neftçi"nin mühafizəçilərindən biri yolüstü hakimlərə 1-2 qapaz endirməyə imkan tapdı.
Maraqlıdır, matçın protokolunda Yusifov yalnız İlham Əliyevin zərər çəkdiyini qeyd etmişdi. Bu tərəfdə isə "Neftçi"nin oyunçusu Rəşad Sadıqov insanları sakitləşdirmək istəyirdi ki…
"NƏ DEYİRSƏN Ə, PİŞİKBAŞ?"
"Qarabağ"ın bir türkiyəli azarkeşi "Neftçi" avtobusuna yaxınlaşıb komandanın ünvanına yağlı söyüş işlətdi. Avtobusun içində olan Nadir Nəbiyev cəld çölə çıxıb "Nə deyirsən, pişikbaş?" deyərək azarkeşi qovmağa başladı. Ardınca da Adamiya, Subaşiç və başqaları. Bir müsibət də orada qopdu. Hətta baş məşqçi Ağasəlim Mircavadov da "Uşaqlarım orada qalıb" - deyib onların arxasınca yüyürdü. Mütəxəssis yalnız sonuncu oyunçu avtobusa daxil olduqdan sonra sakitləşdi. Ağasəlim bəy yaman hirslənmişdi. Təbii ki, mətbuat konfransı baş tutmadı. Bu həngamədə ən axırıncı yada düşən iş bu idi…
… Sonra da xəbər tutduq ki, dava edən tərəflər hakimlər otağına yığışıb söhbət edib. Cəmi beş dəqiqə əvvəl bir-birilərində salamat yer qoymayan insanların əl verib görüşməsi təəccüblü idi.