Tağızadə şousu qələbə qazanmadı (HET-TRİK, 23.08.2005)
23 Avq 2005
Tağızadə şousu qələbə qazanmadı (HET-TRİK, 23.08.2005)
Oyunun gərgin və prinsipial mübarizə şəraitində keçəcəyini əvvəlcədən söyləmək olardı. Çünki «Qarabağ» və «Neftçi» Azərbaycan çempionatında əzəli rəqiblərdəndir.
QARABAĞ 2 – 2 NEFTÇİ
Hüseynov 2. Kravçenko 53 – Mişura 23. Tağızadə 64.
Qarabağ (Ağdam): Cahangir Həsənzadə, Dmitri Spirin, Vasif Haqverdiyev, Blazenko Bekovaç, Aslan Kərimov, Samir Musayev (Aleksandr Boskoboynik 71), Müşfiq Hüseynov (Dmitri Yeremeyev 80), Mübariz Orucov, Azər Cabbarov, Sergey Kravçenko, Denis Sokolovski (Rəşad Muradov 40).
Baş məşqçi: Elxan Abdullayev.
Neftçi (Bakı): Vladimir Miçoviç, İqor Getman, Valeriy Abramidze, Vadim Borets, Aleksandr Çertoqanov, Rəşad Sadiqov, Bəxtiyar Musayev (Branimir Subaşiç 74), Tomislav Mişura, Ruslan Abbasov (Elvin Əliyev 28), Nadir Nəbiyev, Zaur Tağızadə.
Baş məşqçi: Ağasəlim Mircavadov.
Vərəqələr: Çertoqanov 42. Getman 44. Tağızadə 77. Kravçenko 53. Muradov 90+1 – sarı.
Hakimlər: Feyzulla Feyzullayev, Sultan Məmmədov, Azər Məmmədov, Ramiz Əhmədov (hamısı Bakı).
22 avqust. Suraxanı. Tofiq İsmayılov adına stadionu. 2000 tamaşaçı.
Ağasəlim Mircavadov ənənəsinə sadiq qalaraq yetirmələrini yenə də 3-5-2 taktiki düzülüşlə meydana çıxarmışdı. Müdafiədə Ruslan Abbasov, İqor Getman, Valeriy Abramidze yer almışdı. Aleksandr Çertoqanov dayaq yarımmüdafiəçisi mövqeyində, Bəxtiyar Musayevlə Vadim Borets mərkəzdə, Rəşad Sadiqovla Zaur Tağızadə isə müvafiq olaraq sol və sağ cinahlarda yer almışdılar. 31-ci dəqiqədə Ruslan Abbasov zədələnərək yerini Elvin Əliyevə verdi. Əvvəlcədən qeyd edim ki, Əliyev heç də Ruslandan geri qalmırdı. Yeri gəlmişkən, onu da qeyd edim ki, məşqlərin birində zədələnən Aqil Məmmədov ilk dövrədə «Neftçi»yə kömək edə bilməyəcək. Meydan sahibləri isə 4-4-2 taktiki sxemi ilə çıxış edirdi. Müdafiədə Dmitri Spirin, Vasif Haqverdiyev, Blazenko Bekovaç, Azər Cabbarov, yarımmüdafiədə Aslan Kərimov, Mübariz Orucov, Denis Sokolovski, Sergey Kravçenko, hücumda isə Samir Musayevlə Müşfiq Hüseynov yer almışdı. Oyuna mərkəzdən «Neftçi» başladı. Hesabın açılmasını çox gözləmək lazım gəlmədi. İkinci dəqiqədə sol cinahdan qapı önünə qaldırılan top Ruslan Abbasova çarparaq istiqamətini dəyişdi. Müşfiq Hüseynov isə çətinlik çəkmədən topu boş qapıya göndərdi. Az sonra «ağ-qaralar» iki epizodda fərqlənməyə yaxın idi. Əvvəlcə Bəxtiyarın zərbəsi yadda qaldı. Mişura isə qapı tirini nişan aldı. Az sonar Tomislav 4 müdafiəçini ayağına doladıqdan sonra eks-«Neftçi»li qapıçı Cahangir Həsənzadəyə də şans vermədi. Komandalar fasiləyə sülhlə yollandılar.
İkinci yarıya da Ağdam klubu fəal başladı. Sergey Kravçenkonun zərbəsinə Miçoviç inanılmaz reaksiya göstərdi. 53-cü dəqiqədə isə Samir Musayevin ötürməsini müdafiəçilərin nəzarətsiz buraxdığı Kravçenko tora qovuşdurdu. Bu qoldan sonra oyun tamamilə «Neftçi»nin nəzarəti altına keçdi. Bu dəqiqələrdə bəxt də «Qarabağ»ın üzünə güldü. Əvvəlcə Rəşad Sadiqovun sol cinahdan ötürməsini Nəbiyev qapıya istiqamətləndirsə də, Həsənzadə səhvsiz oynadı. Daha sonra Nadirin ardıcıl iki zərbəsi dirəyə dəydi. Üçüncü dəfə topu Tağızadə qapıya yönəltsə də, müdafiəçilər son anda kürəciyin qapı xəttini keçməsinə imkan vermədi.
İkinci yarıda meydan sulayan Tağızadə 64-cü dəqiqədə istəyinə çatdı. Sağ cinahla irəliləyən «qızıl oğlan» klass hərəkətlər edərək rəqibin 5 futbolçusunu çaş-baş saldıqdan sonra uzaq 9-luğu snayper dəqiqliyi ilə nişan aldı. Bundan sonra Vadim Borets «Neftçi»nin qəhrəmanı ola bilərdi. Lakin onun ardıcıl iki zərbəsi az fərqlə qapıdan yan keçdi. Daha sonra Tomislavın qapıya yönəltdiyi zərbəsini Cahangir Həsənzadə çətinliklə də olsa dəf edə bildi. Oyunun sonlarına yaxın isə Kravçenko fərqlənmək imkanını boşa verdi.
Oyundan sonra mətbuat konfransı keçirilməsə də, hər halda məşqçilərin fikirlərini ayaq üstə öyrənə bildik.
Elxan Abdullayev, «Qarabağ»ın baş məşqçisi: «Oyun pis deyildi. Müdafiəçilərin kobud səhvləri qələbə qazanmağımıza mane oldu. Komanda gec formalaşdı. Biz bu gün flaqmanla başabaş oynadıq. Yaxşı komanda yaratmaq üçün zamana ehtiyacımız var. İlk turlarda güclü rəqiblərlə qarşılaşdıq. Bundan da razıyam. Çünki bu oyunlar bizim üçün ciddi sınaq oldu».
Ağasəlim Mircavadov, «Neftçi»nin baş məşqçisi: «Bu gün zəif oynadıq. Belə hakimlik olmaz. Onsuz da nə desək, düzələsi deyillər». (Mircavadov əsəbi olduğundan danışmağa belə çətinlik çəkirdi).