TAHER GÖZEL: “AZƏRBAYCANDA İDMAN HƏKİMLİYİ INFRASTRUKTURUNDA BÖYÜK BOŞLUQLAR VAR...”

single-news
2 Noy 2006

TAHER GÖZEL: “AZƏRBAYCANDA İDMAN HƏKİMLİYİ INFRASTRUKTURUNDA BÖYÜK BOŞLUQLAR VAR...”



Bir neçə gün öncə “Qarabağ” Futbol Klubunun Vitse – Prezidenti cənab Taher Gözəl həmişə olduğu kimi, yenə də komandası ilə görüş keçirərək onların hazırkı durumları barədə məlumat toplayıb, onların cari problemlərini dinlədi. Görüş sonrası Klub Başçımızın komandası haqda fikirlərini öyrənib, cari və perspektiv planları sayt ziyarətçilərimizin diqqətinə çatdırırıq: - Siz həmişə komandanın qayğısına qalan, onun hər zaman yanında olan bir Klub Başçısı kimi tanınırsınız. Bu gün də istisna deyildi. Siz futbolçularınızla bir arada idiniz. Görüş sonrası komanda Sizdə nə təəssürat yaratdı? - Mən həmişə “Qarabağ” Futbol Klubunun üzvləri ilə görüşlər keçirir,onların özlərindən çatışmamazlıqlar haqqında məlumat alıram. Carı çempionat başlandıqdan sonra bir neçə dəfə futbolçularla görüş keçirsəm də bu gün daha fərqli atmosferin olduğunu gördüm. Səmimi söhbət əsnasında mənim və onların edəcəklərini müzakirə etdik və sonda mən onlardan istədiyimi aldım – Futbolçularım yekdilliklə mənə ÇEMPİONLUQ vəd etdilər ki, bu sözdən sonra da mən özümü çox üst səviyyədə hiss edirəm. Çünki ötən il onlar mənə Kubok vəd etdilər və sözlərinə əməl etdilər. Bu onlara inanmağa əlavə stimuldur. - Carı mövsümdə klub rəhbərliyi tərəfindən nə yeniliklər gözlənilir? - Bildiyiniz kimi, Azərbaycan Futbolunda stadion məsələsi ən qlobal problemlərdən biridir. Bu səbəbdən, komandamızın Ağdamı təmsil etməsinə görə, həmin rayonda uşaq futbolunun inkşafı üçün bir stadion inşa etməyi planlaşdırırıq. Biz söz vermişdik və bu sözümüzə əməl etmək üçün işlər görürük. Hal-hazırda Türkiyənin bir neçə bu sahədə fəaliyyət göstərən şirkətləri ilə görüşlər keçirir,onların təklifləri üzərində işləyirik. Ən uyğun variant üzərində dayanıb, ən yaxın zamanda bu planımızı həyata keçirəcəyik. - Eyni zamanda son turlarda “Qarabağ”ın Suraxanıda oynamaması orada da işlərin görüldüyünü deməyə əsas verir... - Əlbətdə. Bildiyiniz kimi, Suraxanı stadionunun ot örtüyü ötən il Bakıda olan meydanlar arasında seçilənlərdən idi. Bu mövsümün əvvəlində isə öt örtüyünün bir qədər təmirə eytiyacı olduğu bildirildi ki, biz də bu işə başladıq. Bundan əlavə, stadionda daha geniş işlər görülməsi üçün lahiyələr hazırlanır. Orada əlavə məşq meydançaları, geyinib-soyunma otaqları tikilməsi planlaşdırmışıq. Bu lahiyənin mövsümün sonuna qədər reallaşdırmağa çalışacağıq. - Bu mövsüm komandaya bir neçə yeni futbolçu cəlb etmisiniz. Komandanın son oyunlarından sonra onlardan razısınızmı? - Biz ötən il kubok aldıq və bundan sonra bu heyətin bütün futbolçularını komandada saxlaya bildik. Mən daha çox bunu böyük nailiyyət hesab edirəm. Eyni zamanda heyəti güclü futbolçularla daha da genişləndirdik. Mən onların gəlməsi ilə komandada rəqabətin artmasına sevinirəm. Bu futbolçuların özlərinə məsuliyyətini artırır. Məsuliyyət isə nailiyyətın ən başlanğıc şərtidir. - Rəqabətin artması fonunda “Qarabağ” komandasında “zədə sindromu” da mövcuddur... - Bəli, bəzi oyunlarda komandamın əzmkarlığına məhz bu mane olurdu ki, bu da nəticəyə təsir edən amillərdəndir. Məni qısa müddətli zədələrdən çox, futbolçuların bir qədər ciddi zədə alması zamanı proflaktikası düşündürür. Onların düzgün müalicə olunması əsas şərtdir ki, bəzən bizim həkimlər bu işi edə biləcəklərini düşünməyərək, öz öhdələrinə götürürlər. Misal kimi, komandamın futbolçusu İrakli Berayanın göstərərdim. Ötən ilin qış fasiləsində transfer etdiyimiz bu futbolçu “Qarabağ”a ilk dövrədən sonra bombardir kimi gəlmişdi. Oynadığı üç oyunda da güclü hücumçu olduğunu sübut etdi. İlk debüt matçında “Turan”la oyunun taleyini həll edən qola imza atdı. Lakin “Olimpik”lə çempionat oyununda ayağından zədə alması onun əməliyyat olunmasına zərurət yaratdı. Sağ ayağından əməliyyat Bakıda -Mərkəzi Klinik Xəstəxanada aparıldı. Biz bu xəstəxanadan dəfələrlə istifadə etmişik və ora ən müasir səviyyədə xidmətlə digərlərindən fərqlənir. Müasir avadanlıqların köməyi ilə hər bir zədəyə ən düzgün diaqnoz almaq üçün biz həmişə oraya müraciət edirik. Lakin faktdır ki, bu əməliyyat düzgün aparılmamış, həkim bu işin öhdəsindən gəlməmişdir. Çünki fevralda əməliyyat olunan gənc hücumçumuz həkim tərəfindən cari mövsümün startında hazır olacağı söz verilsə də, yalnız indi yaşıl meydana dönmüşdür. Bununla belə, hələ də ayağında ağrılar hiss edir. Bu isə Ölkəmizdə İdman həkimliyi sahəsində infrastrukturun aşağı səviyyədə olmasına dəlalət edir. - Sözünüzdən belə aydın oldu ki, hücumçunu yenidən əməliyyat olunması şərtdir? - İrakli 1 ildə yaşıl meydana dönməsi halında, onun qardaşı Qoqa Beraya iyulun sonunda Türkiyədəki həmyerlimiz, Professor Mehmet Binnet tərəfindən əməliyyat olundu və noyabrın sonunda futbolçu yaşıl meydana dönəcək. Halbuki hər iki futbolçunun zədəsi eyni kateqoriyaya daxil idi və hər ikisi sağ ayağın diz nahiyəsindən əməliyyat olunmuşdur. Biz hər bir futbolçumuzun sağlamlığına cavabdehik və İraklinin də Türkiyədə yenidən malicə olunması üçün bütün addımları atacağıq. Onun tam gücü ilə komandasına kömək edəcəyinə inanıriq. Lakin niyə qardaşı Qoqa kimi 4 aydan sonra yox, bir ildən sonra? Və bu qədər zaman sonrası yenə də natamam güclə. Bu fərq təcrübəli həkimlə bizi inandırmağa çalışan ölkəmizin qeyri-peşəkar həkimi arasındakı fərqdir. Biz futbolçularla müqavilə imzaladığımız zaman onların kluba verəcəyi fayda haqqında düşünürük. Futbolçuların özlərinin karyera qurması baxımından da bu onlara önəmlidir. Lakin kənar təsirlər sonda həm komandanın ümumi mənafeyinə, həm də futbolçunun şəxsi karyerasına zərbə vurur. Demək istədiyim odur ki, biz bu yaxşı olmayan təcrübəni keçdik və həkimlərin qeyri - peşəkarlığı futbolçunu uzun müddət yaşıl meydandan kənarda qoydu. Bu səbəbdən, Ölkəmizdə idman həkimliyinin inkşafına böyük eytiyac olduğunu düşünürəm. - Belə aydın oldu ki, İraklinin həkimindən narazısınız və onun yenidən müalicəsi üçün başqa həkimə müraciət edəcəksiniz? - Biz İraklini yenidən Türkiyəyə göndərəcəyik. Onun reabilitasiyası üçün əlimizdən gələni edəcəyik. Bu zaman əgər futbolçunun yenidən əməliyyata eytiyacı olduğu aşkarlansa, onda düzgün əməliyyat aparmayan həkim haqqında qanun çərçivəsində tədbirlər görmək barədə düşünəcəyik. - Sizin fikrinizcə Futbolumuzun inkşafı fonunda Azərbaycanda idman həkimliyi yaxın gələcəkdə lazımi səviyyəyə qalxa biləcəkmi? - Mən üzümü digər klub rəhbərlərinə tutaraq xahiş edirəm ki, onlar futbolçularını daha təcrübəli, əsası isə peşəkar idman həkimlərinə etibar etsinlər. Əgər biz qeyri-peşəkarlara etibar etməsək, daha səviyyəli həkimlərə inansaq onda mütləq bizdə də bu sahə inkşaf edəcək. Futbolumuz inkşaf edir və bu inkşafda peşəkar idman həkimlərinə də tələbat artır. Tələbat olan yerdə inkşaf mütləqdir. - Qarşıdakı ayda “Qarabağ” Futbol Klubunu bir-birindən çətin çempionat və kubok oyunları gözləyir. Komandanızdan nə gözləyirsiniz? - “Qarabağ” Futbol Klubu öz gücünü çətin oyunlarda daha yaxşı göstərə bilir. Bu oyunların ədalətli, idman prinsipləri əsasında keçəcəyini düşünür, futbolçuların azarkeşlərə gözəl futbol bayramı yaşadacağına inanıram. Mən komandama inanır, ondan yalnız qələbə gözləyirəm. “Qarabağ” Futbol Klubu öz oyunu ilə ən yüksəklərə layiq olduğunu qarşıdakı oyunlarda göstərəcək.

Paylaş