TAHER GÖZEL: “GƏLƏN IL TAM FƏRQLI – ÇEMPIONLUĞA LAYIQ BIR “QARABAĞ” GÖRƏCƏKSINIZ” (FUTBOL DÜNYASI, 29.04.2006)
29 Apr 2006
TAHER GÖZEL: “GƏLƏN IL TAM FƏRQLI – ÇEMPIONLUĞA LAYIQ BIR “QARABAĞ” GÖRƏCƏKSINIZ” (FUTBOL DÜNYASI, 29.04.2006)
Həmsöhbətimiz "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəldir. O, əvvəlcə klubun bugünkü vəziyyəti barədə məlumat verdi:
- Gözəl komandamız var və bunun da bu gün matçı izləyənlər şahidi oldular. Hər iki dost komandanın oyunu mənə mənəvi istirahət verdi. “Neftçi” ilə oyun həmişə tam fərqli xarakter daşıyıb. Bu gün həm də kubok oyunu olduğundan tarixi kökə malik olan bu qardaş klubların 90 dəqiqə meydanda mücadiləsini seyr etdik. Mən fəxr edirəm ki, belə bir komandanın Vitse Prezidentiyəm.
Siz futbolçularla daha yaxın münasibət qurmağınızla seçilirsiniz. Məsələn, təbiətin qoynunda, dəniz sahilində istirahətlər və s... Bir neçə gün öncə də elə klubla birgə idiniz.
- Azərbaycanın gözəl guşələri çoxdur. Futbolçularımı çox sevirəm, onların da elə yerlərdə istirahət etməsini istədiyimdən belə təşəbbüslər irəli sürürəm. Düz dediniz ki, istirahət günüdə komandamla Dübəndidə dəniz sahilinə getdik. Çox gözəl istirahət etdik. Mən futbolçularla hər görüşdən sonra özümü xöşbəxt hiss edirəm. Çünki arada isti münasibəti, qarşılıqlı sevgi varsa, allahın bəxş etdiyi gözəlliklər olan yerə səyahət əsl yerinə düşür.
Klubun saytına yerləşdirilmiş şəkillərdən görürük ki, Futbolçular ordakı istirahətlərini həm də əyləncəli oyunlar, şou ilə daha da rəng qatırlar.Maraqlıdır ki sizlə birgə?
- Əgər istirahət ediriksə orada futbolçularımdan fərqlənməyə çalışmıram. Rəsmi görüşü ofisdə də etmək olar. Orada isə tamam başqa atmosfer olur ki, onu da bütünlüklə sözlə ifadə etmək olmaz. Təəssüflər olsun ki, həm mənim iş qrafikim, həm də onların məşq prosesi bəzi maneçiliklər törədir. Buna baxmayaraq, komandamın bütün oyunlarını izləyirəm.
Yeri gəlmişkən, ilk yarımfinal oyunu başa çatdı və sizin fikrinizcə, bugünkü “Qarabağ” kuboku almağa qadirdirmi?
- Bu gün “Qarabağ” öz oyunu ilə həm stadionda, həm də ekran qarşısında matçı izləyən bütün azarkeşlərə sübut etdi ki, “Qarabağ” öz sözünü deyəcək. İkinci dövrədə komandamızın daha güclü təsir bağışladığını hamınız görürsünüz. ¼ finalda son ölkə kubokunun sahibini də kubokdan kənarlaşdıran klub məhz “Qarabağ”dır. İndi yarımfinaldır və rəqibimiz də Ölkə Çempionudur. Onlarla oyunun daha çətin olduğunu deməyə lüzum bilməsəm də, komandama inanıram.
Başqa sözlə finala vəsiqənin “Qarabağ”ın qazanacağına inamınızı bildirirsiniz?
- Mən sadə azarkeş kimi istəyirəm ki “Qarabağ” kubokun sahibi olsun. Çünki “Qarabağ”ın təəssüflər olsun ki, çempionata zəif başlaması bu gün yalnız kubokda iddiasını davam etdirməsi anlamına gəlir. Avropaya çıxmaq üçün bu şansı əldən verməmək lazımdır. Futbolçularıma inanıram və onların bu vəzifənin öhdəsindən gəlmk iqtidarında olduğunu düşünürəm. “Neftçi”nin isə Çempion kimi Avropada oynayacağına inamım böyükdür.
Komandanın Vitse –Prezidenti olaraq, Klubun cari və perspektiv planlarını açıqlaya bilərsinizmi?
- 14-cü milli çempionata hazırlığı məlum səbəblərdən bir qədər gec başladıq ki, bu da heyət yaratmaqda bizə mane oldu. Lakin ilk hissənin sonluğunda komandada köklü dəyişikliklərə əl atdıq. Komandanın Baş Məşqçisi postuna vurğuladığımız kimi, Azərbaycanın tanınmış məşqçilərindən olan Böyükağa Ağayevi gətirdik. Onun istəmədiyi futbolçuları komandadan uzaqlaşdıraraq, istədiyi və komandada gömək istədiyi futbolçulara komandaya gətirdik. Komandada olan futbolçulara və Baş Məşqçiyə inamım böyükdür. Bu heyətlə bizim ilk beşliyə düşə biləcəyimizi düşünürəm. Bundan başqa kubokda yarımfinala yüksəlmişik ki, burada da sonadək iddiamızı davam etdirəcəyik.
Komandaya bu gün top qovan futbolçuları isə biz nəinki cari çempionat üçün, eləcədə perspektiv üçün kluba cəlb etmişik. Baş məşqçinin məsləhət bildiyi futbolçuları komandada saxlamaqla yanaşı istədiyi bütün futbolçuları da kluba cəlb edəcəyik. Gələn il tam fərqli – çempionluğa layiq bir “Qarabağ” görəcəksiniz. Bunun təməlini isə artıq indidən qoymağa çalışırıq. Artıq heyətimizdə olan bir çox futbolçular gələn ildə də komandamızda qalmağa öz razılığını vemişlər.
İddialı olduğunuz kubokun yarımfinalında rəqibiniz Çempionluğa da iddia edən “Neftçi” klubudur. Bu klub haqqında fikirlərinizi öyrənmək bizə də maraqlıdır:
- “Neftçi” Azərbaycan Futbolunun Flaqmanıdır və bu söz hər şeyi özündə əks etdirir. Bu klub mənə “Qarabağ” qədər əzizdir. “Neftçi” klubu ilə “Qarabağ” arsında dostluq əlaqələri hər bir klubun həsəd aparacağı səviyyədədir. Mən həmişə demişəm və bir daha bildirmək istəyirəm ki, “Neftçi” bizim böyük qardaşımız olub və daima da bu qardaşlıq davam edəcək. “Neftçi”nin uğuru bizim də uğurumuzdur və inanıram ki, bu il hər iki klubuuz Avropaya vəsiqə qazanacaq və Azərbaycan Futbolunu layiqincə təmsil edəcəklər.
Sonda Tahir bəy “Qarabağ” azarkeşlərinə də öz fikirlərini çatdırdı:
“Qarabağ” həmişə gözəl, baxımlı oyuna üstünlük verib və bu gün də bu yolu davam etdirməyə çalışır. Biz həmçinin oyunlarda təmizliyin tərəfdarı kimi dəfələrlə çıxış etmiş, iki rəqibdən güclü kimdirsə, onun qalib gəlməsini istəmişik. Bu il “Qarabağ” Avropaya vəsiqə qazanmağa və Azərbaycan futbolunu “Qarabağ” adı ilə orada təmsil etməyə çalışır. Bu istəyə nail olduqdan sonra isə klubumuz güclü futbolçularla daha əzəmətli görünəcək.
“Qarabağ” azarkeşlərini bir mesajım var: “Siz “Qarabağ”ı dəstəkləməkdə davam edin, biz isə əlmizdən gələni edəcəyik ki, sizi sevindirək!”