TAHER GOZEL: "OYUNUNUZ ATƏŞƏ BƏNZƏYİR. BU ATƏŞİN QALAN MATÇLARINIZDA DA ALIŞIB YANACAĞINA İNANIRAM"

single-news
15 Apr 2005

TAHER GOZEL: "OYUNUNUZ ATƏŞƏ BƏNZƏYİR. BU ATƏŞİN QALAN MATÇLARINIZDA DA ALIŞIB YANACAĞINA İNANIRAM"



“Qarabağ” Futbol Klubunun Vitse- Prezidenti Taher Gozel məşqçi və futbolçu heyəti ilə görüş keçirdi. Giriş sözü ilə toplantını açan Taher bəy, çempionata ilk turlarından liderlik edən və ən vacibi bu liderliyi davam etdirən “Qarabağ” Futbol Klubunun bütün heyətini təbrik etdi. Son zamanlarda isə, klubda durum haqqında məşqçi və futbolçu heyətindən bir məlumat almaq istədiyini bildirdi. Baş Məşqçimiz İgor Ponomaryov son bir neçə matçı qısa analiz edərək, vəziyyəti Vitse -Prezidentə çatdırdı. Klubda əhval-ruhiyyənin yüksək olduğunu, bu əhval-ruhiyyə ilə Klubumuzun sonadək iddiasını davam etdirəcəyinə əmin olduğunu bildirdi. Futbolçulardan Samir Musayev, Vadim Vasilyev, Ruslan Musayev,Emin İmaməliyev də öz ürək sözlərini dedilər. Onlarda yaradılmış şəraitə görə, Klub rəhbərliyinə öz təşəkkürünü bildirdilər. Həmişə olduğu kimi, bu dəfə də səmimi atmosferdə keçən görüşdə futbolçular ürəklərindən keçəni dedilər. Rəhbərlik isə, bundan sonra da Futbolçularına hər cürə şəraitin yaradılacağına söz verərək, qarşılığında isə yalnız baxımlı oyun sərgiləməyi istədi. Sonda Taher bəy toplantının önəmindən danışdı: “Bu gün mən özümü həddən artıq yaxşı hiss edirəm. Çünki mən sizlərlə, siz isə mənimləsiniz. Mən bu gün eşitmək istədiyim hər şeyi sizdən eşitdim. Buna görə sizə öz təşəkkürümü bildirirəm. Birlik olan yerdə bütün nailiyyətlərə imza ata bilərik. Biz də birik. Sizə bundan sonra da istədiyiniz şəraiti yaradacağıq. Özünüz də bilirsiniz ki, siz istəyəndə sizin qarşınızda heç bir klub tab gətirə bilmir. Bunu oynadığınız futbolla da sübut etmisiniz. Əminliklə deyə bilərəm ki, “Qarabağ” Futbol Klubunun futbolçuları Azərbaycanın ən yaxşı futbolçularıdır. Oyununuz atəşə bənzəyir. Bu atəşın bütün qalan matçlarınızda da alışıb- yanacağına inanıram.”

Paylaş