TAHER GÖZEL: “QARABAĞ” SƏDASI DÜNYANIN ADLI SANLI KLUBLARI ILƏ YANAŞI EŞIDILƏCƏK ”

single-news
8 May 2006

TAHER GÖZEL: “QARABAĞ” SƏDASI DÜNYANIN ADLI SANLI KLUBLARI ILƏ YANAŞI EŞIDILƏCƏK ”



Ölkə kubokunun püşkü atıldığı zaman çoxları Son Ölkə Çempionunun, Son Ölkə kubokunun sahibinin yer aldığı qrupdan “Qarabağ” Futbol Klubunun finala vəsiqə qazanacağına inanmırdılar. Lakin 1/4 finalda “Bakı”nı, 1/2 finalda “Neftçi”ni məğlub etməklə “Qarabağ” tarix yazdı. Oyunu ilə sübut etdi ki, “Qarabağ” heç də digər klublardan zəif deyil, əksinə məhz bu klub finalda oynamağa layiqdir. Komandanın finala aparan yolu isə o qədər də asan olmadı. Hətta son yarımfinal cavab oyunu öncəsi rəqib məğlubiyyəti həzm edə bilməyərək, oyundan sonra da hadisələrin bu cür gedişinə görə hisslərini cilovlamağı bacarmadılar. Bütün bu olanlarla bağlı sayt ziyarətçilərimizə, azarkeşlərimizə komandamızın Vitse Prezidenti Taher Gözəlin fikirlərini çatdırmağı özümüzə borc bildik: - İlk oyundakı heç-heçə ikinci oyuna olan marağı daha da artırmışdı. Çünki hər şey Suraxanıda keçiriləcək oyundan asılı idi. Hələ oyunun başlanmasına xeyli müddət qalmış stadionda boş yerin qalmaması gözəl futbol bayramı olacağından xəbər verirdi. Stadiona daxil olarkən “Neftçi” azarkeşlərinin komandamızın azarkeşləri ilə birlikdə dostluq – qardaşlıq atmosferi yaratdığını da hiss etməmək olmurdu. Buna görə də, “Neftçi” azarkeşlərini də salamlayır, onlara öz təşəkkürümü bildirirəm. Məhz onlar üçün ayrılmış bölüm qarşısından keçərkən mənə qarşı göstərilən isti münasibət məni çox qürurlandırdı. Bu atmosferi Əzəli rəqiblərin əbədi dostluğunun bir göstəricisi kimi dəyərləndirmək olar. - “Əzəli Rəqib əbədi Dost” adı verilən “Qarabağ”-“Neftçi” oyununda isə hadisələr baş verdi. Bunu necə dəyərləndirərdiniz? - Oyun çox maraqla keçdi. Futbolçular belə maraq göstərilən oyunda həqiqətən də Azərbaycan Futbolunun iki köklü klubu olduqlarını sübut etdilər. Meydanda əsl savaş, futbol adına hər şey gördük. Rəqimiz “Neftçi” Futbol Klubu idi. Həmişə bu kluba qarşı böyük hörmətlə yanaşmış, özümüzün boyük qardaşı hesab etmişik. “Neftçi” Azərbaycan Futbolunun Flaqmanıdır - “Qoç”udur. Beynəlxalq arenada bu klubun hər bir uğuruna görə heç də onların azarkeşlərindən az sevinmirəm. Son olan hadisələr isə olmamalı idi. Həqiqətən də olanlara görə çox təəssüflənirəm. Lakin olanları da çox şişirtməmək lazımdır. Belə şeylər ola biləcək şeylərdir. Kubokdur, həyəcan olur, hisslər burada mühüm amildir ki, son onları da sadəcə hisslərə hakim olmama kimi dəyərləndirərdim. Taher bəy, “Qarabağ”ın gələcəyi barədə də maraqlı fikirlər söylədi: - Biz “Qarabağ” olaraq,doğru yolda olduğumuzu bilir və bu yolu davam etdirmək gücündə olduğumuzu düşünürəm. Finaldayıq, komandama inanıram və kubokun məhz “Qarabağ”ın muzeyinə gətiriləcəyini düşünürəm.. Bu gün “Qarabağ” öz tarixini yaradır. Komandamız güclüdür. Hədəfimiz gələcəkdə daha da güclü, avropa səviyyəli bir komanda yaratmaqdır. Bu hədəfə doğru inamla addımlayırıq. Hər kəs bilsin ki, ən yaxın zamanda Azərbaycan Futbolu tarixində, Beynəlxalq arenada “Qarabağ” öz sözünü deyəcək, “Qarabağ” sədası dünyanın adlı sanlı klubları ilə yanaşı eşidiləcək.

Paylaş