Tahir Gözəl: `Axan çayın qarşısı bir daşla alına bilməz !!!`

single-news
18 Apr 2013

Tahir Gözəl: `Axan çayın qarşısı bir daşla alına bilməz !!!`




Dünən ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə `Qarabağ`ımız səfərdə `Neftçi`ylə qarşılaşdı.  `Qarabağ`ımız Vüqar Nadirovun möhtəşəm qoluyla önə keçsə də, görüşü idarə edən Anar Salmanovun  qondarma penalti qərarı hesabın bərabərləşməsinə şərait yaratdı. Oyunboyu `Qarabağ`ımızın əleyhinə verilən qərarlarla müşayət olunan görüşdə sonuncu dəqiqədə vurulan qolla `Neftçi` 2:1 hesabıyla qalib gəldi. Daim komandamızın yanında olan `Qarabağ`ımızın başqanı Tahir Gözəl də oyunu canlı izləyərək haqsızlığın birbaşa şahidi oldu.  Tahir bəyin başverənlərlə bağlı münasibəti: 
`Dünən baş verənləri seyr etdikcə çox məyus oldum. Həqiqətən də çox üzüldüm. Həyatımda nadir hallarda belə üzülmüşəm.  Penalti epizodunda 1 deyil, 2 qüsur var. Hakim penalti zamanı  epiozda çox yaxın idi.  Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdu. Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq  üçün çıxdığına şübhəm var.  Səhərə kimi gözümə yuxu getməyib. Bu qədər çəkilən əziyyət bir fitlə puça getməməlidir.  `Qarabağ`da hər kəs bu mövsüm üçün böyük əzmkarlıq nümayiş etdirir. Çempionluğa oynamaq böyük iradə və həvəs tələb edir. `Qarabağ` bu il heç bir zaman olmadığı kimi iradəsini ortaya qoyub.  Bu il `Qarabağ`ın arzusu, motivasiyası, yanğısı ötən illərlə müqayisədə inanılmaz bir həddə gəlib çıxıb.  Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq.  Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fitiylə hədər gedir. `Qarabağ`ın əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadır. Mən komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 km qaçırlar.  Onların zəhmətini belə `qırmamalıydılar`.
Mən `Neftçi`ni `Qarabağ`la 1:1 bərabərə qalması münasibətiylə təbrik edirəm. Onlar üçün bu gözəl nailiyyətdir.  Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Və bilsinlər ki, `Qarabağ` daima `Neftçi`nin əzəli rəqibi olacaq. Çünki, `Qarabağ` da `Neftçi` kimi tarixi keçmişi olan bir klubdur. Bunu hamı görür, bilir və biləcəklər.  Bu futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdi.  Bugün gedib şəxsən AFFA-nın baş katibi Elxan Məmmədovla PFL-in prezidenti  Ramin Musayevlə görüşdüm.  Hər 2 qurum rəhbərliyindən belə neqativ halların bir daha yaşanmaması üçün nələrinsə etmək lazım gəldiyini vurğuladım.  Sevindirici haldır ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul etmiş və `Qarabağ`ın haqsızlığa uğradığını etiraf etdilər.  Bildirdilər ki, məsələylə bağlı araşdırmalar davam edir.  Əminəm ki, məsələylə bağlı futbol qurumları ən düzgün qərarı qəbul edəcəklər. AFFA və PFL düzgün və şəffaf çempionatın keçirilməsində maraqlıdırlar. Çünki, AFFA Azərbaycan futbolunun dünya çapında inkişafını  istəyir  və bunun üçün çalışır.
Mən `Neftçi`yə xəbərdarlıq edirəm. Siz gələn həftə daha da iradəli, əzmkar `Qarabağ` görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik.  Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq.  Görüşün nəticəsi nə olacaq bilmirəm. Bu futboldu.  Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam.  Komandam da bilsin ki, bu matç mənə çempionluq, final  görüşü kimi qiymətlidir. Biz sübut etməliyik ki, axan çayın qarşısı bir daşla alına bilməz.  Biz o daşı aşacağıq və hədəfimizə çatacağıq.`


Paylaş

// pop up