Tahir Gözəl: Ən azı 2 supertransfer istəyirəm
Tahir Gözəl: Ən azı 2 supertransfer istəyirəm
"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəlin apasport.az saytına müsahibəsi
- Komandanız mövsümə çempion olmaq məqsədilə başlamışdı. Amma finişə ikinci pillədə çatdınız...
- Bəli, hədəfimiz çempionluq idi. İddialı başladıq, iddialı oynadıq. Ancaq hakimin qapımıza təyin etdiyi haqsız penalti hələ də ürəyimizdədir. Lakin "Neftçi" bizimlə çempionatda haqqı olan qələbəni qazandı. Ümumiyyətlə, yekunun ədalətli olduğunu düşünürəm. `Neftçi`ni təbrik edirəm. Söz vermişdim ki, çempionluğa oynayacağıq. İkinci olduq, buna da sevinirəm. Artıq bundan sonrakı mərhələ haqda düşünməliyik.
- Hakimin hansı görüşdəki qərarını nəzərdə tutursunuz?
- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda qapımıza təyin edilən penaltini nəzərdə tuturam. Haqsız qərar idi.
- Həmin qərarın komandanın sonrakı oyunlarına ciddi şəkildə təsir etdiyini düşünürsüz?
- Təbii, həmin qərarın mənfi təsiri böyük oldu. Ancaq avrokuboklarda sözümüzü deyəcəyik.
- Yəqin ki, nəticələri təhlil etmisiniz. Komanda harda səhvə yol verdi?
- Səhvə yol verdiyimizi demək olmaz. Bu bir rəqabətdir. "Neftçi" gözəl oynadı və çempion oldu. Biz də iradə nümayiş etdirdik, ancaq qismət belə imiş.
- Ötən ilədək klublarımız "Qarabağ"ın avrokuboklardakı uğurundan örnək götürürdü. Ancaq "Neftçi" qrup mərhələsində oynamaqla yeni hədəflər ortaya qoydu. Bəs sizi Avropa Liqasında hansı nəticə qane edəcək?
- Biz də 4 mərhələ adlayıb, qrupda oynamaq istəyirik. İnşallah, məqsədimizə nail olarıq.
- Bunun üçün yeni transferlərə ehtiyac var. Çalışmalara başlamısınızmı?
- Transferlər olacaq. Sponsor kimi biz dəstəyimizi veririk. Səlahiyyətlər isə baş məşqçidədir. Ancaq ən azı 2 yüksək səviyyəli futbolçu ilə güclənməyimizi istəyirəm.
- Nəzərinizdə tutduğunuz həmin futbolçuların tanınmış oyunçulardır?
- Ulduz olmağı vacib deyil. Əsas onun komandaya faydasının dəyməsidir. Yəni hücum qurmaqda, başqa mövqelərdə faydalı olsun.
- Əfran İsmayılovun məsələsi həllini tapdımı?
- İndi bu haqda bir söz demək istəmirəm.
- Son oyunlarda meydana çıxmamağını, adının matçın protokoluna salınmamağını nəzərə alsaq, İsmayılov üçün "Qarabağ" dəftərinin bağlandığını düşünmək olarmı?
- Yəqin ki...
Mənbə:apasport.az