Tahir Gözəl: Hakim təmiz penaltimizi vermədi (apasport.az)

single-news
29 Noy 2010

Tahir Gözəl: Hakim təmiz penaltimizi vermədi (apasport.az)



“Komandamızın nümayiş etdirdiyi oyunu bəyəndim. Əlbəttə, heyətdə zədəli futbolçuların çox olması, işimizi bir qədər çətinləşdirir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Unibank Premyer Liqasının XV turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” mövsümdə ardıcıl 3-cü məğlubiyyətini alıb. Ruslan Abışovun başla vurduğu qol sayəsində məğlub olan Ağdam təmsilçisinin rəsmisi bəxtsizlikdən şikayətlənib: “Qol vurmaq üçün imkanlarımız oldu. Ancaq bəxt amili də bizdən üz döndərdi. Təmiz penaltimiz də verilmədi. Digər tərəfdən, “Neftçi” də böyük komandadır”.

Bu nəticədən sonra ilk “altılıq”dan kənarda qalan “Qarabağ”ın durumu klub rəhbərliyini narahat etməyə bilməz. Vitse-prezident futbolçularla görüşüb, söhbət edəcəklərini deyib: “Bu vəziyyət bizi narahat edir. Yığışıb, söhbət edəcəyik. Bu gün Əfran İsmayılov, Maksim Medvedev kimi əsas heyət futbolçularımız yox idi”.

Ardıcıl üçüncü məğlubiyyəti ilə barışan Qurbanovun yetirmələrinin qazandığı nəticələrlə bağlı klub rəhbərliyi yaxın günlərdə strategiyasını açıqlayacaq: “Bununla bağlı strategiyamız olacaq. Yaxın günlərdə məlumat verəcəyik”.

Paylaş

// pop up