Tahir Gözel: “Qarabağ”ın növbəti tarixi nəticəyə imza atacağına inanıram”

single-news
2 Dek 2023

Tahir Gözel: “Qarabağ”ın növbəti tarixi nəticəyə imza atacağına inanıram”



“Qarabağ”ın prezidenti Tahir Gözel Qol.az saytına açıqlama verib. O, UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Molde” ilə Norveçdəki səfər görüşü barədə fikirlərini açıqlayıb:

 

“Avropa Liqasının qrup mərhələsinin sonuna bir oyun qalmış qitə səhnəsində çıxışımızı davam etdirəcəyimiz, minimum UEFA Konfrans Liqasında mübarizə aparacağımız qətiləşdi. Bu, Azərbaycan futbol tarixində “Qarabağ”ın yazdığı növbəti şanlı səhifədir.  Çətin Norveç səfərində qazandığımız 1 xalla turnirdə növbəti mərhələyə çıxmaq şansımızı bir az da gücləndirdik. Hər zamankı kimi meydanda mübariz, cəsarətli, son ana qədər döyüşən bir “Qarabağ” gördük. Bu, məni çox sevindirdi. Komandamın göstərdiyi oyun, qazandığı nəticələr, ortaya qoyduğu birlik ruhu Qurban Qurbanovun şah əsəridir.  Matçın son dəqiqələrinə məğlub girsək də, futbolçularımız ruhdan düşmədi, baş məşqçimizin əl atdığı taktiki gedişlər öz bəhrəsini verdi. Oyuna əlavə olunmuş dəqiqələrdə müdafiəçimizin hücum xəttində fərqlənməsi bu fakta bariz nümunədir”.

 

Klub prezidenti qrup mərhələsinin son turunun “Hekken”lə Bakıdakı matçdan gözləntilərini açıqlayıb. Tahir Gözel “Qarabağ”ın UEFA Avropa Liqasının pley-offuna yüksələcəyinə inandığını bildirib: “Avropa arenasında asan oyun olmur. Bütün sürprizlərə hazır olmalıyıq. Qrupun həlledici matçında, doğma meydanda İsveç təmsilçisi “Hekken”i qəbul edəcəyik. Taleyimizin öz əlimizdə olduğu yekun turda komandamın öz missiyasını layiqincə yerinə yetirəcəyinə, azarkeşlərimizin də dəstəyi ilə mübariz ruh ortaya qoyacağına, növbəti tarixi nəticəyə - ölkə futbol tarixində ilkə imza atacağına inanıram. Çox təəssüf hissi ilə bildirmək istərdim ki, öncədən planlaşdırılmış və təxirəsalınmaz iclaslarımla bağlı 13-17 dekabr aralığında ölkə xaricində olacağıma görə sözügedən oyunu stadiondan izləmək, o həyəcanı, o alovu komandamla birgə yaşamaq, o tarixi ana azarkeşlərimizlə birgə canlı şahidlik etmək imkanım olmayacaq. Bu, məni çox üzsə də, komandamla sıx əlaqədə olacağam və matçı televiziya vasitəsilə canlı izləyəcəyəm. Dekabrın 18-də klub rəhbərliyi və texniki heyətlə cari mövsümdəki çıxışı ətraflı şəkildə dəyərləndirəcək, qış fasiləsindən sonrakı dövr üçün növbəti addımlar və planlar barədə müzakirələr aparacağlq”.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin V turundan sonra hesabında 7 xal olan “Qarabağ” 2-ci pillədə qərarlaşıb.

Paylaş