Tahir Gözəl: ""Qarabağ"ın qarşısında heç bir klub tab gətirə bilməz"(ÜÇ NÖQTƏ, 16.04.2005)

single-news
16 Apr 2005

Tahir Gözəl: ""Qarabağ"ın qarşısında heç bir klub tab gətirə bilməz"(ÜÇ NÖQTƏ, 16.04.2005)



VİTSE-PREZİDENT AZƏRBAYCANIN ƏN YAXŞI OYUNÇULARININ AĞDAM KOMANDASINDA ÇIXIŞ ETDİYİNİ BİLDİRİB "Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb. Görüşdə çıxış edən vitse-prezident çempionatın ilk turlarından liderliyi ələ keçirən və bunu qorumağı bacaran "Qarabağ"ın bütün heyətini təbrik edib. O, son zamanlar komandanın düşərgəsindəki durum barədə məşqçi və futbolçu heyətindən məlumat almaq istədiyini qeyd edib. "Qarabağ"ın baş məşqçisi İqor Ponomaryov son bir neçə matçı analiz edərək klubdakı vəziyyəti vitse-prezidentin diqqətinə çatdırıb. O, komandanın əhval-ruhiyyəsinin yüksək olduğunu diqqətə çatdıraraq "Qarabağ"ın iddiasını sonadək davam etdirəcəyinə əmin olduğunu vurğulayıb. Futbolçulardan isə Samir Musayev, Vadim Vasilyev, Ruslan Musayev və Emin İmaməliyev çıxış edərək komandadakı vəziyyət barədə məlumat veriblər. Onlar yaradılmış şəraitə görə klub rəhbərliyinə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda T.Gözəl çıxışında qeyd edib: "Bu gün mən özümü həddən artıq yaxşı hiss edirəm. Eşitmək istədiklərimin hamısını siz mənə çatdırdınız. Birlik olan yerdə bütün nailiyyətlərə imza atmaq olar. Bizim komandanın qarşısında heç bir klub tab gətirə bilməz. Futbolçularımız bunu oyunlarında sübut ediblər. Əminliklə deyə bilərəm ki, "Qarabağ"ın oyunçuları Azərbaycanın ən yaxşı futbolçularıdır".

Paylaş

// pop up