Tahir Gözel ziyarət etdi, Musayev tövsiyə etdi

single-news
21 Yan 2011

Tahir Gözel ziyarət etdi, Musayev tövsiyə etdi



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Toplanışın 13-cü günündə `Qarabağ`ı xoş bir sürpriz gözləyirdi.  Beləki, daim komandanın yanında olan klubumuzun başqanı Tahir Gözel işlərinin çoxluğuna baxmayaraq Antalyada `Qarabağ`ı ziyarət etməyə vaxt tapmışdı. Tahir bəyin ziyarəti xoş bir təsadüflə də üst-üstə düşdü. Belə ki, Antalyada olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və bir qrup jurnalist komandamızı ziyarət etdi. Beləliklə, `Qarabağ`ın bütün heyətinin və qonaqların iştirakıyla olduqca səmimi və maraqlı görüş baş tutdu.
Görüşdə ilk olaraq komandamızın başqanı Tahir Gözel danışdı. Tahir bəy öncə 20 yanvar şəhidlərini anaraq, onların xatirəsinə ehtiramla yad etdi.  Ardınca `Qarabağ` haqqında danışan Tahir bəy komandanını get-gedə böyüdüyünü, hədəflərinin yüksəldiyini bildirdi. `Qarabağ`la fəxr etdiyini,  bu il də komandadan nəticə gözlədiyini bildirən başqan sonuna qədər komandanın arxasında olduğunu bildirdi.
Ardınca PFL-in prezidenti Ramin Musayev danışdı. Ramin bəy bütün Azərbaycanın `Qarabağ`la qürur duyduğunu və hər kəsin qəlbində bir  `Qarabağ` sevgisinin olduğunu bildirdi. `Qarabağ`ın getdikcə daha yüksəkliyə ucaldığını, bunun üçün `Qarabağ`da hər cür şəraitin olduğunu vurğuladı. Ramin bəy özəlliklə,  jurnalsitlərin onunla söhbətində `Qarabağ`ı tənqid etmək istəmədiklərini də etiraf edildiyini bildirdi. Ramin bəy futbolçulara Tahir bəyin böyük ürəyindən, Qurban müəllimin futbol biliyindən yararlanmağı məsləhət gördü. 
Qurban müəllim də öz nitqində`Qarabağ`ın hazırlığından danışdı.  Getdikcə, daha yaxşı  çalışdıqlarını və komandaya daha çox güvəndiyini bildirən Qurban müəllim sonda yaxşı nəticə ümid etdiklərini bildirdi.
Sonra media mənsubları öz suallarını Tahir bəyə ünvanladılar. Bir zamanlar `kəmərlərini bərkidin, `Qarabağ` gəlir` şüarını bu il üçün də təkrar edə bilərsinizmi sualına başqanımız belə cavab verdi:`Bəli, mən sözümün arxasında dururam. `Qarabağ` gəlir, amma sadəcə bu il üçün deyil. O, hər zaman gələcəyə irəliləyir. Bizim 15 yaşlılarımız, 13 yaşlılarımız ümumiyyətlə, gənclərimiz  bizim sabaha inamla addımlamağımıza güc verir`.
Başqa bir media mənsubu isə `Qarabağ`ın son 2 ildə oynadığı futbolla `Qafqazın Barselona`sı ləqəbini qazandığını, belə komandadan daha böyük hədəflər – qrup mərhələsi,  qrupu adlamaq kimi hədəflər gözlədiyini bildirdi. Tahir bəy də bu hədəflərə inandığını və `Qarabağ`ın buna qadir olduğunu bildirdi. 
Ardınca Ramin bəy də jurnalistlər adından Qurban müəllimə təsnifat mərhələsinin  son 3 oyunundan nə gözlədiyini söruşdu. Qurban müəllimdən öncə Tahir bəyin inamla təbii ki, ancaq 9 xal deməsi gülüşə səbəb  oldu. Tahir bəyin eyni inamla Qurban müəllimdən eyni sualı soruşması Qurban müəllimin gülərək hər oyuna biz 3 xal deməsiylə nəticələndi.
Belə də, bu xoş görüş başa çatdı.

 

 

Paylaş

// pop up