TAHİR GÖZƏL:"KOMANDADA BİRLİK OLSA HAKİMLƏR MATÇIN TALEYİNİ DƏYİŞMƏYƏ GÜCLƏRİ ÇATMAZ" (üç nöqtə, 17.05.2005)

single-news
17 May 2005

TAHİR GÖZƏL:"KOMANDADA BİRLİK OLSA HAKİMLƏR MATÇIN TALEYİNİ DƏYİŞMƏYƏ GÜCLƏRİ ÇATMAZ" (üç nöqtə, 17.05.2005)



Bazar günü Lənkəranda yerli "Xəzər-Lənkəran" Ağdamın "Qarabağ" komandasını 3:0 hesabı ilə məğlub etdi. Görüşdən sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəldən oyun barədə və klubdakı ümumi vəziyyətlə bağlı söhbət etdik. - "Xəzər-Lənkəran"nı təbrik edərəm. Rəqib bu gün çox gözəl oyun nümayiş etdirdi. "Qarabağ"ın oyununda kordinasiyanın olmamasının şahidi olduq. Futbolçularımız matç ərzində bir sıra kobud səhvlərə yol verdilər. Bu qarşılaşmadan sonra klub haqqında oturub sakit başla fikirləşməyin vaxtı çatdığını güman edirəm. - Komandanız bir neçə tur öncə zəif "Ədliyyə"yə məğlub olduqdan sonra xarakter nümayiş etdirərək "Neftçi"yə qalib gəldi... - Həmin məğlubiyyətdən sonra komandadakı ab-havanı dəyişməyə çalışdıq. Futbolçuların üzərində olan psixoloji ruh düşkünlüyünü aradan qaldırmağa nail olduq. "Ədliyyə"yə uduzmağımız isə komandanın təmiz oyun göstərməsinin təzahürüdür. Futbolda bu cür sensasiyalar həmişə mövcud olub. Hesab edirəm ki, "Qarabağ" çempionatın güclü komandalarından biridir. - Azərbaycan çempionatının səviyyəsi haqda fikirləriniz necədir? - Bu mövsümü əvvəlkilərlə müqayisə etmək düzgün olmaz. Keçən illə müqayisədə xeyli irəliləyişin şahidi olmuşuq. Amma beynəlxalq səviyyəli klub formalaşdırmaq üçün hələ Azərbaycanda çox işlər görülməlidir. - Yaxın planlarınız haqqında nə deyə bilərsiniz? Klub üçün hansı işləri görməyi planlaşdırmısınız? - İstənilən bir klubun uzunmüddətli strategiyası olmalıdır. Ona görə də uşaq futboluna xüsusi diqqət göstəririk. "Beşiktaş"dan Sərpi Hamdi Tüzünü klubun uşaq futboluna məşqçi gətirmişik. Hesab edirəm ki, gələcək planlarımızda uşaq futboluna daha da yaxından yardım etməyi qərara alacağıq. Klubun təşkil etdiyi müsabiqə prosesi də uğurla davam edir. İstedadlı uşaqların komandanın aşağı yaş qruplarına götürülməsinin ilk mərhələsi başa çatıb. Artıq 1300 nəfərdən 50 istedadlı uşaq seçilərək komandaya cəlb edilib. Müsabiqəni uğurla keçən uşaqlar həftədə 3 dəfə məşq edirlər. - Yeni yerdəyişmələr hesabına klubu gücləndirmək niyyətiniz varmı? - Çox açıq şəkildə deyə bilərəm ki, "Qarabağ"ın hədəfi 1-2 ulduz futbolçu transfer etmək deyil. Biz özümüzü buna hazır hesab etmirik. Çünki, aşağı yaş qruplarında xeyli çatışmazlıqlar mövcuddur. Etiraf edim ki, Azərbaycanda büdcəsinə görə ən zəngin klublardan biri sayılırıq. Amma hansısa futbol ulduzuna küllü miqdarda pul xərcləyib gətirmək niyyətimiz yoxdur. - Azərbaycanda belə bir təcrübə mövcuddur ki, klublar Avropa Kuboklarına vəsiqəni təmin edə bilmədikdə zəifləməyə başlayırlar. Sizcə növbəti mövsümdə iddialı komandalardan hansısa bu aqibəti yaşaya bilərmi? - "Qarabağ" olaraq biz hədəfimizi gələcəyin klubunu yaratmaq üzərində qurmuşuq. Komandanın bütün yaş qruplarında uşaq futbolu inkişafdadır. Ona görə də "Qarabağ"ın iddiaçılar sırasından çıxmayacağını əminliklə söyləyə bilərəm. Eyni zamanda inanmıram ki, "Xəzər-Lənkəran", "Neftçi", "Karvan" və "Bakı" kimi komandalar bu il qoyduqları investisiyaları gələcəkdə də davam etdirməsinlər. Mən "Qarabağ"ın adından deyə bilərəm ki, işlərimizin bəhrəsini 4-5 ildən sonra görəcəyik. Avro Kuboklarda uğur qazanmaq məhz uşaq futbolunun inkişafından başlayır. - Hazırkı "Qarabağ"la Avro Kuboklarda uğur qazanmaq mümkündürmü? - Komandamız yaxşı heyətə malik olsa da hələlik istədiyimiz səviyyəni əldə etməmişik. "Qarabağ"ı 2-3 yaşında uşağa da bənzətmək olar. Ona görə də Avropada hansısa iddia ilə oynaya biləcəyimizi hesab etmirəm. - Türkiyə çempionatının hansı komandaları ilə Azərbayacanın birinciliyinin iddialı klublarını müqayisə etmək olar? - Düzünü desək, Azərbaycan çempionatının səviyyəsi Türkiyə ilə müqayisədə xeyli geridədir. Hazırda Azərbaycan çempionatının ən güclü klubları Türkiyənin birinci liqasının son yerlərini tutan və ikinci hissədə qərarlaşan komandalarla müqayisə etmək olar. - "Qarabağ"ın Türkiyənin ortabab klubları ilə də bərabər gücdə olduğunu düşünmürsüz? - Məncə hələ bu cür komandalarla da eyni qüvvədə ola bilmərik. Səbəbi isə odur ki, Azərbaycan yeni yaranmış bir dövlətdir. Qəbul etməliyik ki, futbolumuzun inkişafı üçün müəyyən qədər vaxt lazımdır. 5 il sonra siz bu sualı mənə versəniz mən iddialı bir komandanın rəhbəri adından danışacağam. Bizim tutduğumuz yol bu cür hədəflərə istiqamətlənib. - 2001-ci ilin sonundan siz "Qarabağ"ın rəhbərliyində təmsil olunursuz. Həmin dövrdəki ilə indiki komanda arasında hansı fərqləri görmək olar. - O vaxtkı "Qarabağ"la indikini müqayisə etmək olduqca çətindir. Komandanı qəbul edəndə vəziyyət çox acınacaqlı idi. Futbolçular hətta oyunlara getməyə avtobus tapmağa çətinlik çəkirdilər. Maddi durumu çox pis vəziyyətdə olan komandanı "Azərsun Holdinq" şirkətlər qrupu sponsorluğa götürdü. - Prinsipial oyunlarda qələbə qazanarkən futbolçulara hansısa mükafat verilirmi? - Təbii ki, qələbəyə görə, futbolçulara mükafatlar verilir. Amma əmin ola bilərsiniz ki, biz elə bir komanda yartmışıq ki, burada ancaq mənəvi dəstək əsas rol oynayır. Mükafatlara gəlincə isə futbolçulara normal məbləğdə pul verilir. Ümumiyyətlə komanda mükafatların verilməsi üzərində qurulmayıb. "Qarabağ"da yüksək səviyyədə bir-birinə inam mövcuddur. Güman edirəm ki, Azərbaycanın ən təmiz ürəkli futbolçuları da məhz bizim komandada toplanıb. - Klubun normal stadionla təmin olunması istiqamətində işlər nəzərdə tutulubmu? - Bu məsələ də daim diqqət mərkəzindədir. Yaxın vaxtlarda stadionun tikintisi ilə əlaqədar investisiyalar da olacaq. Suraxanı qəsəbəsindəki stadiona küllü miqdarda sərmayə qoymağı nəzərdə tutmuşuq. Həmçinin, Ağdamda da uşaqların oynaya biləcəyi xalçalı stadionun tikintisini planlaşdırmışıq. Bu mənim ağdamlılara hədiyyəm olacaq. Futbolçularımızın daha yaxşı şəkildə dincəlib-istirahət etməsi üçün də yeni tikililər yaradacağıq. - Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafda olduğunu düşünmək olarmı? - Son dövrlər Azərbaycan futbolunda baş verənləri inkişafın başlanğıcı kimi qiymətləndirmək olar. Amma dövlətin də futbolun inkişafı üçün ciddi dəstək verməsi vacibdir. - Ölkə çempionatındakı hakimlərin işini necə qiymətləndirisiniz? - Hakimlərdən narazı olmamaq mümkün deyil. Bu sahədə bir sıra çatışmamazlıqlar mövcuddur. Gənc hakimlərin işindən istifadə etmək daha yaxşı olardı. Yaxış olardı ki, AFFA Hakim məktəbi açsın.Mən tövsiyyə edərdim ki, Futbol Federasiyası Türkiyədən hakimlərin hazırlanması üçün təcrübəli məşqçi gətirsin. Bizim komandaya qarşı da bəzi oyunlarda ədalətsizlik olub. Amma hesab edirəm ki, bir komandada birlik və bərabərlik olsa, hakimlərin matçın taleyini dəyişməyə gücü çatmaz. - Türkiyədə bəzi mütəxəssislər Futbol Federasiyasının "Fənərbaxça"ya köməklik göstərərək çempion etdiyini düşünürlər. Bu praktikanı Azərbaycana da aid etmək olarmı? - AFFA-nın hansısa klublara köməklik göstərməsinin şahidi deyiləm. "Qarabağ" komandası olaraq bizə qarşı ədalətsizlik edildiyini düşünmürəm. AFFA-dakı hansısa şəxslərin bəzi klublara simpatiyası olduğunu da istisna etmirəm.

Paylaş

// pop up