Tahir Gözəl:`Qarabağ` çempionluq üçün yetişib`

Tahir Gözəl:`Qarabağ` çempionluq üçün yetişib`
Premyer Liqasının XXVI turunun `İnter`lə görüşünü izləyənlər arasında `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl də yer almışdı. Komandasının 3:2 hesablı qələbəsindən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran klub rəsmisi maraqlı fikirlər səsləndirib.
- Qarşılaşma barədə təəssüratlarınızı bilmək maraqlı olardı.
- Çox çətin oldu. Hər iki komanda iddialı idi. Fikrimcə, qələbəyə `Qarabağ` layiq idi. Bizim uşaq çox istəkli idilər. Qarşıya qoyduqları məqsədə çatdılar.
- Qısa vaxt ərzində 2 qol buraxmağınız nəyin göstəricisi idi?
- Belə hallara tez-tez rast gəlinir. Belə deyim, həmin epizodlarda qapıçının da səhvi var idi. Önəmli olan yekun nəticə idi ki, bu da bizim lehimizədir.
- Hesab bərabərləşən zaman çox həyəcanlı görünürdünüz...
- Əlbəttə, çox həyəcanlanmışdım. Ancaq qələbəyə çox inanırdım.
- Bu gün baş məşqçi Qurban Qurbanovun doğum günüdür. Bu qələbəni ona hədiyyə hesab etmək olarmı?
- Əvvəla onu deyim ki, `Neftçi` ilə qarşılaşma mənə hədiyyə idi. Oyundan öncə uşaqlarla danışdıq ki, Qurban müəllim üçün ən yaxşı hədiyyə 3 xal olacaq. Yığışdıq, mübarizə apardıq, məşqçinin doğum gününə ən yaxşı hədiyyəmizi verdik.
- Final mərhələsi çərçivəsində keçirdiyiniz 4 oyundan 3-də qələbə qazandınız. Futbolçuların mükafatlandırılması nəzərdə tutulub, yoxsa bu mövsümün sonunda baş verəcək?
- Mənim həssas olduğum bəzi oyunlar var. Xüsusilə, `Neftçi` ilə qarşılaşmalar. Çünki Azərbaycanın köklü komandalarının duelidir. Həmin qarşılaşmada mən iradəmi ortaya qoydum. Qarşıda bizi 6 oyun gözləyir. Getdikcə matçların ağırlığı hiss olunur. Komanda çempionluğa layiq olduğunu sübut edəcəyi təqdirdə, biz də onlara dəstək olacağıq.
- Komandanıza meydandan kənarda da təzyiqlər başlayıb. Bu sizə necə təsir edir?
- Biz gərək sakitliyimizi, sabitliyimizi qoruyaq. Hərəkətlərimizlə digərlərinə örnək olaq. Hansısa şübhəli işlərlə əlaqəmiz yoxdur. İddialı, sürətli komandamız var. Kimlərsə səsini qaldırır deyə, biz dayanmalıyıq? İstənilən komanda uda, uduza bilər. Ancaq kənardan deyilən sözlər bizə təsir etmir. Mövsümün əvvəlində çempion olmaq üçün mübarizə apardığımızı bildirdik. Mübarizəmiz hələ davam edir.
- Çempionluq üçün komanda yetişibmi?
- `Qarabağ` buna hazırdır. `Neftçi` kimi komandanı 3 dəfə məğlub edən heyət çempionluq üçün yetişib.
- Belə çıxır ki, artıq Çempionlar Liqasının hazırlığına start vermisiniz...
- Əlbəttə, başlamışıq. Transfer məsələləri baş məşqçinin səlahiyyətindədir. İmkanımız daxilində onun istəyini yerinə yetirəcəyik.
- Qarşılaşmanın hakimliyindən necə, razı qaldınızmı?
- Təbii ki, məsələdə tam obyektiv ola bilmərəm. Amma hakimin qərarları məndə elə fikir yaratdı ki, referi bir qədər də peşəkar ola bilərdi. Etiraz edə biləcəyim qərarlar oldu. Amma qələbə qazandığımız üçün bunu qabartmıram.