Tarixi uğur: “Qarabağ” Avropa Liqasının 1/8 finalında

single-news
23 Fev 2024

Tarixi uğur: “Qarabağ” Avropa Liqasının 1/8 finalında



“Qarabağ” – “Braqa” (Portuqaliya) – 2:3, əlavə vaxtda

Mateus Silva, 102, Nəriman Axundzadə, 120+2 - Rocer Fernandes, 70, Alvaro Calo, 83, Simon Banza, 113-p.

İlk oyun – 4:2

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Komandamız Avropa Liqasının pley-off mərhələsində cavab matçına çıxıb. Qurban Qurbanovun yetirmələri evdə “Braqa”nı qəbul edib.

 

Qonaqlar ilk dəqiqələrdə fəallıq nümayiş etdirsələr də, “Qarabağ” müdafiədəki inamlı oyunu ilə rəqibə şans verməyib. Ardınca üstünlüyü ələ alan komandamız fasiləyədək topa daha çox nəzarət edib.

 

Səfərdə 4:2 hesablı qələbə qazanan “Qarabağ” artıq ilk 45 dəqiqədə hesabı açmağa da yaxın olub. Elvin Cəfərquliyev, Leandro Andrade və Marko Yankoviçin zərbələrini rəqib qapıçı dəf edib. Hissənin sonlarında Olavio Juninyo topu rəqibdən alaraq Leandro Andradeni qapıçı ilə üz-üzə qoyub. Kabo-verdeli yarımmüdafiəçi bu imkandan yararlana bilməyib.

İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. Fasilədən az sonra Marko Veşoviç və Abdullah Zubir əlverişli imkanları qaçırıblar.

 

Elvin Cəfərquliyevin qapı önünə ötürməsi isə dəqiq alınmayıb. Onun ikinci sarı vərəqəyə görə qırmızı almasından sonra rəqib say üstünlüyü qazanıb. Bundan yararlanan qonaqlar ərazi üstünlüyünə də yiyələnib. Müdafiə xətti və qapıçımız Andrey Lunyov “Braqa”nın önünü dəfələrlə kəssə də, Portuqaliya klubu matçın sonunadək 2 qol vura bilib.

 

Cütün taleyinə əlavə vaxtda aydınlıq gəlib. Öncə Mateus Silva fərqi azaldıb. Lakin rəqib penalti ilə üstünlüyünü iki topa çatdırıb. Uzatma dəqiqələrində qol vuran Nəriman Axundzadə komandamızı 1/8 finala aparan topun müəllifi olub – 2:3.

 

Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinə 1/8 finala yüksələn ilk komanda kimi düşüb. Komandamızın rəqibi bu gün keçiriləcək püşkatmada dəqiqləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Paylaş

// pop up