Təşəkkürlər, kapitan!

single-news
2 İyn 2024

Təşəkkürlər, kapitan!



“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub. Bu gün keçirilən Azərbaycan kubokunun final oyunu ilə yekun vurulacaq 2023/24 mövsümü 35 yaşlı müdafiəçimiz üçün sonuncu olub.

 

Maksim yetirməsi olduğu klubumuzun əsas komandasında 2006/07 mövsümündə debüt edib. Müdafiəçimiz bunadək uzun illər “Qarabağ”ın aşağı yaş komandaları və əvəzedici heyətində çıxış edib.

 

18 il əsas komandamızın formasını daşıyan Medvedev bu müddətdə 552 oyun keçirib. O, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.

 

Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.

 

Müdafiəçimiz avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub.

 

Maksim eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. Müdafiəçimiz eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.

 

Azərbaycan kubokunun bu gün “Zirə”yə qarşı keçirilən həlledici matçı Maksimin 6-cı finalıdır. O, kubokun 6 qat qalibi olmaqla bu göstəricidə yeni rekordun müəllifi kimi tarixə düşüb.

 

Karyerası ərzində yalnız bir klubda çıxış edən müdafiəçimiz Azərbaycan millisinin də şərəfini qoruyub. O, əsas yığmada 81 dəfə şans qazanıb. Bu göstəricidə yalnız sabiq kapitanımız Rəşad Sadıqovdan geri qalan Maksim millidə ikinci nəticəyə malikdir. O, yığmada 4 qola sevinib. Medvedev əsas yığmaya qədər aşağı yaş qrupları üzrə milli komandaların formasını da geyinib.

Paylaş