Ticani "Qarabağ"a şans vermədi (FUTBOL+, 24.10.2005)
24 Okt 2005
Ticani "Qarabağ"a şans vermədi (FUTBOL+, 24.10.2005)
Cari çempionatda "Şahdağ" azarkeşləri önündə qələbə sevinci dadmamışdı. Adətən iddialı komandaları səfərdə büdrədən Qusar klubu "Qarabağ"la matça da yüksək əhval-ruhiyyədə çıxırdı. Üç xal şimallılar Qusar klubuna ən azı meydandakı rəqibini keçməyə imkan verirdi. Qonaqların əsas müdafiəçilərindən biri Bekovaç cəzalı olduğundan meydana çıxmayacaqdısa, meydan sahiblərinin iki oyunçusu zədəli olduğundan start heyətində yer almamışdı. Bəhram Şahquliyev və Əli Abışovun əvəzinə gənc Arif Daşdəmirov və Marius Humenike ilk dəqiqələrdən mübarizəyə qoşulurdu.
Start fitindən matçın sonuna kimi "Şahdağ" hücum etdi. Cinahlarda Daşdəmirov və Ağayevin fəallığı nəticəsində Kovalyov ilk dəqiqələrdən oyuna qoşulmalı oldu. İlk hücumdaca Ticani hesabı aça bilərdi. Amma qolu vurmaq vurmamaqdan çətin olduğu epizodda nigeriyalı hədəfdən yayındı. Zahir Əsgərovun sağ cinahda Həbib Ağayevlə ideal anlaşması "Qarabağ"lı müdafiəçiləri çaş-baş salmışdı. Onu da deyim ki, Samir Musayevdən başqa qonaqların bütün oyunçuları müdafiəçi rolunda çıxış etməyə məcbur olmuşdu. Buna baxmayaraq, Sabir Əliyevin yetirmələri ilk 10 dəqiqədə fərqlənməyi bacardı. Həbib sağ cinahdan cərimə meydançasına daxil olub Ticaniyə elə ötürmə etdi ki, Əhməd bu dəfə Kovalyova şans vermədi.
Qoldan sonra da meydan sahibləri sakitləşmədi. Oyun ancaq qonaqların qapısı ağzında gedirdi. 20-ci dəqiqənin tamamında Ticani dublunu rəsmiləşdirə bilərdi. Süni oyundankənar vəziyyət yaratmaq istəyən "Qarabağ"lı müdafiəçilər səhv etdi ki, bunun nəticəsində forvard qapıçıyla üzbəüz qaldı, amma... Nəhayət, qonaqlar da qusarlıları narahat etməyə imkan tapdı. 25-ci dəqiqədə Denis Sokolovskinin standart vəziyyətdən göndərdiyi top az fərqlə yandan keçdi. Cavabında isə Rahid Əmirquliyevin ötürməsini Həbib qola çevirə bilmədi. Şahquliyevin yoxluğunda kapitan sarğısını daşıyan Əli Babayev isə vəzifənin öhdəsindən lazımınca gəldi. İlk hissənin sonlarında oyun nisbətən bərabərləşdi. "Qarabağ" təzəcə özünə gəlirdi ki, qapısında ikinci qolu gördü. Bu dəfə sol cinahdan Daşdəmirovun boş qapıya girməkdə olan asmasına Ticani başını qoyub dubla imza atdı.
"Şahdağ"ın yeni yazılmış himni azarkeşləri fasilədə feyziyab etdi. Elxan Abdullayevsə ikinci hissəyə dəyişikliklərlə başladı. Samir Musayevin fəaliyyətsizliyi Voskoboyniklə əvəzlənməsinə səbəb olmuşdusa, ikinci də ondan heç nə ilə fərqlənmirdi. Mübariz Orucov isə sağ cinahı nisbətən fəallaşdırdı. Ümumiyyətlə, ikinci yarını ilk 15-20 dəqiqəsi bərabər mübarizə şəraitində keçdi. Bu dəqiqələr "Qarabağ"ın fərqlənmək üçün fəal olduğu anlardan idi. Amma oyunun ssenarisi dəyişə bilərdi. Bəlkə də 62-ci dəqiqədə Sokolovskinin cərimə zərbəsindən göndərdiyi top dirəkdən dönməyib tora daxil olsaydı, qonaqlar ruhlanardı. Yeri gəlmişkən, oyunboyu "Şahdağ"ın sağ cinah müdafiəçisi Vüqar İsmayılovun ümumi ansambldan geri qaldığı aydın sezilirdi. Meydan sahiblərinin qapısı önündə yaradılan azsaylı təhlükəli vəziyyətlərə səbəbkar məhz İsmayılov olurdu. Oyun sona yaxıqlaşdıqca qüvvələr nisbəti meydan sahiblərinin xeyrinə dəyişdi. Rahiddən sonra Ticani üçüncü topu vurmağa yaxın oldu. Ancaq Kovalyov ustalığını nümayiş etdirdi. Ümumiyyətlə, Vitali "Qarabağ"da demək olar sonuncu müdafiəçi kimi çıxış edirdi. O hər dəfə cərimə meydançasından kənarda rəqibi qarşılayırdı. Buna baxmayaraq, o da Ticaninin het-trik etməsinə mane ola bilmədi. Zahirin ideal ötürməsi və 3:0. 3-cü qoldan əvvəl isə Rahidin ötürməsini nigeriyalı boşa vermişdi. Əlavə olunmuş son dəqiqədə isə Azər Cabbarov arxayınlaşmış qusarlıların qapısına təsəlli qolunu vurdu.
"Şahdağ" öz meydanında ilk qələbəsini qazanıb azarkeşlərini sevindirdi. Qələbə sevinci yaşayan afrikalıların rəqsini isə görməyə dəyərdi.
Sabir Əliyev, "Şahdağ"ın baş məşqçisi: "Oyun nəzarətimiz altında keçdi. Uşaqlar tapşırıqları əla yerinə yetirdi. Arif U-19-da olduğundan bizə kömək edə bilmirdi. Bu gün o da start heyətində meydana çıxdı və nəyə qadir olduğunu göstərdi. Qarşımıza çempionluq və ya avrokuboklara vəsiqəni məqsəd qoymamışıq. Amma futbolda hər şey ola bilər. Əsas məramımız yaxşı komanda yaratmaqdı".
Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Bu gün komandamızın fiziki və ya psixoloji cəhətdən uduzduğu fikrindən uzağam. Məğlubiyyətə səbəb "Şahdağ"ın əzmkarlığı və meydanın hər qarışı uğrunda mübarizə aparmasıdı".