Top cədvəli (FUTBOL+, 19.11.2005)

single-news
19 Noy 2005

Top cədvəli (FUTBOL+, 19.11.2005)



Ötən həftə ölkə çempionatının 9-cu turuyla yekunlaşdı. Bununla da çempionatın 1/3-dən çoxu arxada qaldı. Artıq turnir cədvəlinə nəzər salıb bəzi qeydlər də etmək olar. Amma heç də az maraq doğurmayan məqam qollarla bağlıdı. Görəsən, turnir cədvəlində özünə layiq yer tutmaq üçün məhsuldarlıq, yoxsa etibarlı müdafiə faydalıdı? "Neftçi" çox dəyişib Birinci növbədə komandaların hücum xəttinə nəzər salaq. 4-cü pillədə qərarlaşmasına baxmayaraq, "Neftçi" hamıdan çox qol vurub. Bu göstəricidə ən yaxın izləyicisini 6 qol qabaqlayan flaqmanın məhsuldarlığına (2,44) həsəd aparmağa dəyər. Onu da qeyd edək ki, ötən mövsümün bu hissəsində cəmi 10 qol (1,11) vuran komandada hücumçu qıtlığı gündəmdə idi. İndi isə digər mövqelərdə də hücumçuları sınayan "ağ-qaralar" bütün matçlarda qol sevinci yaşayan iki komandadan biridi. Zirvəni zəbt edən "İnter" eyni uğrula öyünsə də, heç bir matçda ikidən çox qol vurmayıb. Bəlkə də ardıcıl 5 qələbəsi olan və yenilməzliyini 9-a çatdıran "bank təmsilçisi"nin ilk sırada olmasının səbəbi də bu sabitlikdi. "İnter"lə eyni sayda qol vuran, amma geri qalan "Bakı"yla "Turan"ın bu aqibətinin səbəbi də gün kimi aydındı. Belə ki, hər iki komanda "Qarabağ", "Göyəzən", OMİK ardıcıllığıyla keçirdiyi üç matçda 11, digər 6 oyunda isə 5 dəfə qola sevinib. Hətta "Neftçi" də bu rəqiblərə daha az - 9 qol vurmuşdu. Paytaxtın eyniadlı təmsilçisi iki oyunda qol vurmamaqla ikincidisə, 5-ci olan "Turan" üçü ardıcıl olmaqla 4 matçı qolsuz bitirib. Maraq üçün onu qeyd edək ki, bu "dördlük"dən qol seriyasıyla öyünə biləcək futbolçular yalnız 3 ardıcıl oyunda buna sevinib. Elə digər komandalara nəzər salsaq, yalnız turnir cədvəlinin zirzəmisində olanların "Bakı" kimi məhsuldarlıq və mövqeyinin uyğun gəldiyinin şahidi olarıq. Bu mənada ikinciliyi bölüşən ikinci yerin sahibi kimi ötənilki ikincidə də uyğunluq pozulmayıb. Məhsuldarlığa görə 11-ciliyi bölüşən lənkəranlılar elə 11-ci yerdə qərar tutub. Özündən bir pillə qabaq olan "Olimpik"lə eyni sayda qol vuran cənublular "Turan" kimi üçü ardıcıl olmaqla 4 matçda qola həsrət qalıb. Elitanın debütantı isə oyunların yarısından çoxunda - 5-də rəqib qapısına yol tapmayıb. UEFA kubokuna qatılan hər iki təmsilçimiz kimi, OMİK-lə "Göyəzən"də də hansısa fərq hiss olunmur. Ən az qol vuran komandalar elə hamından da geri düşüb. Digərlərindən isə "Karvan", "MKT-Araz" və "Şahdağ" az qolla yuxarı tullanmağı bacarıb. Cəmi üç futbolçusu qol sevinci dadan şiallılar bir matçda qol vura bilməyib. Əhməd Ticani isə 6 oyundu susmur. Beşmatçlıq seriyası olan Yakuba Bambalı "Karvan"ın az qol vurması üçüncülüyə hələ ki, yetərlidi. Onlar 4 matçdan qolsuz ayrılıb. Eyni uğursuzluğu olan "MKT-Araz" da xeyli yaxşı mövqe tutub. Digər "üçlük" isə çox qol vursa da, turnir cədvəlində bunun əksinə nail olmayıb. Bu mənada 5 pillə geri düşən "Gənclərbirliyi" son tura qədər hər oyun fərqlənirdi. Onlar kimi ikidən çox qol vurmayan "Qarabağ" iki matçda qol həsrəti yaşayıbsa, gəncəlilər üç dəfə buna üzülüb. Hərçənd ötən mövsümün ilk 9 turunda hamıdan çox qol vuran məhz "Qarabağ" idi - 23 qol. "Bakı" həmin "Bakı"dı Ötən mövsümün 32 matçına cəmi 11 qol buraxmaqla az qala tarix yazan paytaxtın eyniadlı təmsilçisi yenə ən etibarlı müdafiəsiylə öyünməkdədi. Hamıdan az (5) top buraxan bakılılar ötən mövsümün uyğun dövründə "MKT-Araz" kimi üç qol buraxmışdı. İndi cəmi 3 oyunda qol buraxan komandanı qapıçı dəyişikliyi də dəyişməyib. Oyunların 2/3-dən "quru" çıxan qolkiperlərin uğuru komandanı ikinci sıraya daşıyıb. "Quru" oyunların üçünün ardıcıl olduğunu da qeyd edək. Hərəyə 4 "quru" oyunu olan "Karvan", "Olimpik", "Gəncə" müdafiəsinə layiq yeri hələ ki, tutmayıb. Sonuncular ümumiyyətlə, həm qol vurmaq, həm də buraxmaqla daha yüksək yerə layiq olsa da, 7-ci yerdə qərarlaşıb. Yalnız ilk turda qapısının toxunulmazlığını qorumuş "Gənclərbirliyi" haqda da bu sözləri demək olar. Cəmi 3 "quru" oyunu olan "Xəzər-Lənkəran" da yerinə layiq olduğundan az qol buraxıb. Əvəzində son pillələrdə "məskən" salan "Göyəzən"lə OMİK burda da sonuncudu. Cəmi bir matçda bir qol buraxmaq "xoşbəxtliyinə" sevinən qazaxlıların bu göstəricidə sonunculuğu təbii qarşılana bilər. Ötənilkindən fərqli oyun göstərən "MKT-Araz" isə OMİK-lə eyni sayda qol buraxıb. Amma bu qolların yarısı iki oyuna - "Gəncə" və "Neftçi"nin hesabına düşür. Elə "Neftçi" də bu göstəricidə əksini tapıb. Digər komandalar isə çox qol buraxmasına baxmayaraq, cədvəldə nisbətən irəlidədi. Hələ də "quru" oyuna həsrət "Qarabağ", həmçinin "Turan" iki, "Şahdağ" isə üç pillə irəliləməyə sevinib. Bu göstəricidə hətta beşinciliyi belə bölüşən "İnter" isə üç "quru" oyun keçirib. Əslində vurulan və buraxılan topların fərqi də komandaların mövqeyiylə həmişə üst-üstə düşmür. 14 komandadan yalnız üçü - "Bakı" və aşkar autsayderlər bunun əksində fərqlənib. Elə "Turan"da da müəyyən uyğunluq haqda danışmağa dəyər. Digər komandadakı fərqlən isə cədvəlin onlara aid olan yarımhissəsində - "yeddiliyin"də cərəyan edir. Yuxarıda qərarlaşanlarda top fərqi "Neftçi"nin geri, "İnter"lə "Karvan"da irəli getməsinə əngəl olmayıb. "Şahdağ"la "Gəncə"nin yerlərini dəyişməsi isə qələbə sayına görə gerçəkləşib. Aşağılarda isə "MKT-Araz"la "Qarabağ" yerlərinə yaraşmayan top fərqinə, digər üç komanda isə bunun əksinə nail olub. İnter 1 2-4 5-6 Bakı 2 2-4 1-2 Karvan 3 5-6 2 4-5 Neftçi 4 1 3-4 1 Turan 5 2-4 7-8 4-5 Şahdağ 6 9-10 9 7 Gəncə 7 5-6 3-4 6 MKT-Araz 8 9-10 12-13 12 Qarabağ 9 7-8 11 11 Olimpik 10 11-12 5-6 8 Xəzər-Lənkəran 11 11-12 7-8 9 Gənclərbirliyi 12 7-8 10 10 OMİK 13 13-14 12-13 13 Göyəzən 14 13-14 14 14 1 - komanda, 2 - turnir cədvəlində, 3 - məhsuldarlığa görə, 4 - az qol buraxmağa görə yeri.

Paylaş

// pop up