TOYUM QALDI GƏLƏN İLƏ
TOYUM QALDI GƏLƏN İLƏ
…Və ya Zaur mənim biznes-planımı necə alt-üst etdi
Ötən dəfə elə bu saytdaca mollalar haqqında yazanda, məqaləni oxuyan dost-tanışlarım məni xəbərdar elədilər ki, bəs yaman naqolay məsələdən yapışıbsan, bu molla söhbətinə bir də qayıtma. Hətta onu da xatırlatdılar ki, yadındadırmı, bir neçə il bundan əvvəl telekanallardan birində Azərbaycana diffuziya etmiş təriqətlərdən birini «yuyub-sərən» xanım aparıcının evinə elə həmin təriqətə mənsub şəxslər tərəfindən basqın edilmişdi. Mən bu hadisəni xatırladım. Həmin vaxt yazıq xanım həmkarımı az qala din düşməni kimi qələmə verməyə çalışmışdılar. Amma zaman göstərdi ki, əsrlər boyu cahillikdən əziyyət çəkən vətən torpağımızın üstündə gəzişənləri nə Sabir, nə Cəlilin dümsükləmələri ayıldıbdır. Nə isə, başınızı nə ağrıdım, dost-tanışlarım məni xəbərdar elədilər ki, mollalara «ilişmə», yoxsa səni də xanım həmkarının aqibəti gözləyir. Xox, qorxdum!
O yazının üstündən keçən düz 2 həftəlik dövr ərzində öz-özümlə məşvərətdən sonra belə qərara gəldim ki, yox, baş verənlər yazının davamını tələb edir. Çox pakizə! Tələb varsa, deməli, satmağa hələ nəyimizsə qalıbdır…
Tarix: 28 may 2008-ci il. Məkan: «Şəfa» stadionu. Budur, çempionluğun taleyini müəyyənləşdirəcək komanda meydançaya çıxır. Tribunalarda xeyli azarkeş var. Aralarında mollalar axtarıram, amma gözümə dəymirlər. Bəlkə də «mülki geyimdədirlər» və özlərini «kamuflyaj» etmək üçün saqqallarını da qırxıblar. Bir onu blirəm ki, «Qarabağ»ın ağıllı başbilənləri ötən dəfə yazdıqlarımdan nəticə çıxararaq rəqibin qarşısına birə-beş sayda molla ilə çıxarıb. Birinci hissə gedir. Mollalardan hələ ki heç biri o birinə güc gələ bilmir – oyun meydançanın mərkəzində gedir. Arabir qulağıma səslər gəlir: «Görəsən, «Qarabağ» oyunu neçəyə satıb?» İçin-için gülüb elə içimdəcə deyirəm ki, ay binəvalar, hələ bir gözləyin. Bu da birinci hissənin sonu. Hələ ki nisbi sakitlikdir. Nə «Şəfa» yerindən uçub, nə də «Qarabağ»lı oyunçular meydançadaca daşa döndəriliblər. İkinci hissədir, «Qarabağ»ı tanımaq olmur. Beynimdən bir düşüncə keçir: «Görəsən, bunları fasilədə nə ilə murdarlayıb, nəyin suyunu içiriblər?» Hücumu hücum təqib edir, amma nəticə yoxdur. Yenə bir düşüncə: «Qarşı tərəfin mollalarının «stajı», deyəsən, çoxdur, arzularına çatmalarına 7 dəqiqə qalıb. Bəlkə, jurnalistikanı atıb, gələn mövsümdən bir «molla kontoru» açım? Özüm olaram müdir, yan-yörəmə də ən «stajlı» mollaları yığaram. Hələ bukmeker kontorlarını da müflis edə bilərəm. Bir az əlimə maya salım, mollalarımı göndərərəm xarici ölkələrə ezamiyyətə. Məsələn, Biləndər əmini göndərirəm «Old Trafford»a və tapşırıram ki, «Mançester Yunayted»in oyunçularını «bağla». Burdan da cibimdə olanın hamısını yatırıram «MY»nin məğlubiyyətinə. Bir gecəyə kim bilir nə qədər qazanaram. Əşşi, Biləndər əmiyə də 20 faizlik hissə ayıraram, qurtarar gedər. Öz adamımızdı, narazı qalmaz. Bəyəm, yas çadırlarında «tamadalıq» etməklə bu qədər qonorar alırdı ki? Yəqin, yaxşı qazanaram…» Elə bu cür şirin xəyallara dalmışdım ki, Zaurun qolu gəldi… Heç yeri idi, ay Zaur?.. Offf, yenicə biznes-plan qurmağa başlamışdım, sən nə etdin axı?.. İndi oğul istəyir, nişanlıma desin ki, toyumuz qaldı gələn futbol mövsümünə. Bu tərəfdən də qız evi yaman tələsdirir. Gedim fikirləşim görüm, başqa nə edə bilərəm. Mollalara bel bağlayanın sonu belə olar da…
P.S. Evimə basqın etmək istəyi olan mollalar ünvanımı saytın rəhbərindən ala bilərlər.