Türkiyə - Danimarka 2:2 (0:1)
4 Sen 2005
Türkiyə - Danimarka 2:2 (0:1)
Türkiyə: Volkan, Həmit Altıntop, İbrahim Toraman, Alpay, Ümit Özat, Səlcuk, Tümər (Tolqa Seyhan, 85), Hasan Şaş (Hüseyn Çimşir, 46), Yıldıray Baştürk (Okan Buruk, 46), Hakan Şükür, Fatih Təkkə.
Danimarka: Sorensen, Aqqer, Priske (Qravqard, 46), Helveq, N.Yensen (Larsen, 85), Poulsen, Qravesen, K.Yensen, Rommedal, Yorgensen (Qrunşer, 79), Tomasson.
Qollar: K.Yensen, 41 (0:1). Okan Buruk, 48 (1:1). Tümər, 81 (2:1). Larsen, 90 (2:2).
Vərəqələr: Səlcuk, 54. Hüseyn Çimşir, 80. Poulsen, 70 - sarı.
"İnönü" inanılmaz matça səhnə oldu. Stadionda vəziyyət o həddə çatmışdı ki, azarkeşlər həyəcandan ölü səssizliyə qərq olmuşdu. Hətta prezident Ahmet Necdət Sezər, baş nazir Rəcəb Tayyip Ərdoğan və bir sıra tanınmış şəxslər də bu görüşü canlı izləməyə qərar vermişdi. Qardaş ölkə futbolçularının "ya tamam, ya davam" şuarıyla başladığı oyun təssüf ki, heç də onların istədiyi kimi sonuclanmadı. Olsenin matçdan əvvəl də söylədiyi kimi, bu qarşılaşma Danimarka üçün də böyük əhəmiyyət kəsb edirdi...
...Komandalar fasiləyə yollanarkən sevinən tərəf qonaqlar olsa da, Türkiyə ikinci yarıda oyunun başqa məcrada keçəcəyinə ümidli idi. Bu ümidlər özünü doğrultdu. Terim fasilədən sonra Okan və Hüseyni meydana buraxmaqla ilk yarıdakı səhvini düzəltdi. Belədə "ay-ulduzlular" həm orta sahədəki üstünlüyü ələ keçirdi, həm də daha effektli hücumlar təşkil etməyə başladı. Demək olar matçın axarını dəyişən Okan qarşılaşmanın taleyini həll edən qola da imza atdı. O ağlasığmaz dərəcədə gözəl zərbəylə "status-kvo"nu bərpa etdi. Burukun millidəki 8-ci qolundan sonra yenə ehtiyatlı oyun başladı. 61-ci dəqiqədə Türkiyənin qapısına vurulan qol zamanı ofsayd qeydə alınıdı. Çox keçmədi ki, Klaus Yensen yerli azarkeşlərin ürəyini ağzına gətirdi. Nəyin bahasına olur-olsun, anadolular bu matçda qələbə qazanmalı idi. Bu istəklə başlayan növbəti hücumlar dalğası cərimə zərbəsiylə nəticələndi. Tümərin qolu yalnız "İnönü"nünü yox, bütün Türkiyəni ayağa qaldırdı. Artıq hər şey "ay-ulduzlular"ın lehinə çevrildiyi bir vaxtda oyunu başa vurmaq təlaşı və müdafiədəki ənənəvi səhvlər meydan sahiblərinin başına oyun açdı. Növbəti uzun ötürmə, oyunboyu inamlı çıxışıyla bütün futbolsevərlərin rəğbətini qazanan Alpayın kobud səhvi və qardaş ölkənin mundial ümidləri puça çıxdı. Bu matçla Türkiyə ikinci pillədəki mövqeyini möhkəmlətməklə yanaşı, öz işini xeyli asanlaşdıracaqdı. Lakin "ev"dəki xal itkilərinin 9-a çatması Türkiyənin taleyini Yunanıstandan asılı vəziyyətə saldı.
Fatih Terim, Türkiyə yığmasının baş məşqçisi: "Uşaqların zəhməti heyif oldu. İndi vəziyyət daha kritikdi. Hakana qarşı edilən hərəkət penalti idi. Amma hakimi tənqid edə bilmərəm".
Marten Olsen, Danimarka yığmasının baş məşqçisi: "Bizim üçün vəziyyət daha da çətinləşdi. Ukrayna artıq DÇ-2006-ya vəsiqəni təmin edib. Görəsən, çərşənbə günü dürüst oynayacaqlarmı? İki ölkə bir-birinə qonşu sayılır. Ümid edirəm ki, səhv düşünürəm".
1. Ukrayna 10 7 3 0 16-4 24
2. Türkiyə 10 4 5 1 21-9 17
3. Yunanıstan 9 4 3 2 12-7 15
4. Danimarka 9 3 4 2 15-10 13
5. Albaniya 10 4 0 6 9-17 12
6. Gürcüstan 9 2 3 4 13-18 9
7. Qazaxıstan 9 0 0 9 4-25 0
7 sentyabr: Ukrayna - Türkiyə, Danimarka - Gürcüstan, Qazaxıstan - Yunanıstan.