TÜRKİYƏ, ƏZMKARLIQ VƏ BİZ
TÜRKİYƏ, ƏZMKARLIQ VƏ BİZ
Allaha and olsun ki, Türkiyə millisinin uğurlarının sirrini axtaranların ya bekarçılıqdan işi-gücü yoxdur, ya da məşhur deyimdə deyildiyi kimi, günün günorta çağında əlində çırağla “alma” axtarmağa bənzəyir. Canımızdan, qanımızdan olan Anadolu türkləri bir sürpriz, bəlkə də fizoloji, psixoloji məhdudiyyətləri məhv edərək inanılmazı gerçəkləşdirib. Bu gün gecə yaşanacaqlardan asılı olmayaraq. Çempionatın kimin qələbəsiylə bitməsindən asılı olmayaraq Türkiyə millisi dünyaya “ay-ulduz”u beyinlərə, əksəriyyətinin də ürəklərinə “ağ-qırmızı” rənglərlə həkk etdirə bilib.
Əslində, bu girişlə gətirmək istədiklərim hər kəsin yazdığı mədhiyyələrlə ilgili deyil. Yəqin, bilirsiz, Türkiyənin uğurlarında meydandan kənar amillərin rolu çox olub. Bu günlərdə Türkiyə bütün islam və türk dünyasının tək təsəllisi, qüruru və ümidinə çevrilməsində hələ adını qeyd etdiyimiz toplumların inancı, sevgisi və duasının az əməyi olmayıb.
Elə bu sevginin ən böyük təzahürlərindən biri də məmləkətin başkəndində yaşandı. Türk dünyasının qürurunun Xorvatiyanı faciəvi, dramatik, möcüzəvi, ritorik şəkildə məğlub etdiyi o müdhiş gecədə Azərbaycanda əməlli-başlı bayram yaşandı. Unuduldu həmin gecə ənənəvi “Qarabağ” problemi. Bəlkə də, gecə saat 3-4-də yaşananlar müstəqillik tariximizdə millət olmayan və ola bilməyən Azəri türklərinin damarında türk qeyrətinin təcəssümünü əks etdirən qan axdığını, birləşə bildiyini, uğurunda sevinə biləcəyi, ortaq sevinc və kədərlərinin yaşaya biləcəyini xatırlatdı.
Əgər xalqımız, 120 dəqiqə sığan bir futbol oynundan sonra onun sevinciylə bir gecədə 15 min nəfərlik izdiham sevinci yaradırsa, demək ki, yaşıyırıq.
Əslində, bütün deyilənlər nə qədər gözəl, və qürur verici olsa da, sevincimizə bir “qırıq” təəssüf qatılması da mümkünsüz olmadı. Axı, hər nə qədər Türkiyənin uğurlarına sevinsək də, bizim futbol prioreriyamızın Avstriya və İsveçrə bayramından nə qədər uzaq qaldığını düşünəndə dərindən ah çəkməmək mümkün deyil. Axı, Türkiyə millisinin uğurunun sevinci nə qədər sərhədlərə sığmasa da, millimizin belə bir mötəbər turnirinin final mərhələsində bayrağının dalğalandığını düşünmək belə insanı vəcdə gətirir. Amma, yığmamızın bu həyəcanı yaşamasına qədər alnımıza qara gənə kimi yapışmız qrup mərhələsində sonuncu olmaqdan qurtulmalıyıq. Bunu bacaracağıqmı? Bu sual Şekspirin məşhur “olum ya ölüm” ritorikasından daha qəlizdir.
Amma qəlbində və beynində kiçicik də olsa nikbinlik simptomları daşıyanlar elə Avropa çempionatına baxmaqla yəqin özlərinə ürək-dirək verirlər. Xorvatiya millisinin baş məşqçisi Biliç dediyi kimi “bu türkləri nə qədər analiz etsəm də sirrlərini tapa bilmədim.” Əlbəttə, rok qrupunun üzvü bu sualın cavabını tapa bilməzdi. ƏZMKARLIQ deylən zad nə məktəbdə öyrədilir, nə də ki, həyat dərsi başa salır. Bu sadəcə, döyünən ürəklərin mübarizəsidir. Deyirlər, azəri tükləri çox texnikalıdır. Ola bilər ki, əzmkarlıq kəlməsinin arxasında bir okean qədər gizlənmiş aysberqin “damar”larına yazılmış inanc və güc türklərdə çox güclüdür. Amma bizlərə sanki bundan qismət düşməyib.
Bİr dəfə Serbiya millisinə əzmkarlığın nə olduğunu göstərmişik. İlk və sonuncu dəfə. Hələlik. Türklərsə, bizim 18 ildə bir dəfə etdyimizi artıqlmasıyla 3 dəfə etdi, 10 günün içində.
Bizə Serbiya lazım deyil. Bizə Serbiyaları ürəkləri ilə deşəcək, vuruşacaq əzmlər lazımdır. Yəqin nə vaxtsa olacaq… Yəqin, mən görərəm. Mən olmasam da, nəvələrimin belə bir şansı yəqin olar. O zaman Türkiyə millisi yəqin Dünya Çempionu olar…