TÜRKİYƏLİ QİTƏ ÇEMPİONU «QARABAĞ»DA

single-news
24 Okt 2004

TÜRKİYƏLİ QİTƏ ÇEMPİONU «QARABAĞ»DA



(«Futbol+» qəzeti 23-24 oktyabr 2004-cü il) Ölkədə bacarıqlı futbolçu çatışmazlığında uşaq futbolunda işlərin qaydasında getməməsinin payı böyükdür. Vaxtında bu yöndə istənilən fəaliyyət göstərilmədiyindən indi həmin boşluğun əziyyətini çəkirik. Balacarın qənaətbəxş inkişafı üçün lazımi məktəblərin yoxluğu isə problemin digər tərəfidir. Üstəlik, ölkədə səviyyəli uşaq məşqçiləri də barmaqla sayılası qədərdir. Kəsəsi, uşaq futbolunda problem çoxdur. Bütün bunlara son qoymaq üçün isə təkcə AFFA-nın səyləri yetirlə ola bilməz. Hərçənd federasiyanın da bu istiqamətdə ciddi addımlar atdığını söyləmək olmur. Buna baxmayaraq, elita təmsilçiləri də üzərinə düşən vəzifənin öhdəsindən yaxşı gəlməlidir. «Qarabağ»ın vitse-prezidenti Tahir Gözəlin iştirakıyla baş tutan baş tutan son tədbirlərdə klub rəsmisinin fikirlərini dinləyəndən sonra belə qənaətə gəldik ki, Ağdam komandası uşaq futbol məktəbi yaratmaq baxımından ilkə imza atmaqda israrlıdır. Zənnimiz bizi yanıltmayıb. Belə ki, sahədə tanınan türkiyəli mütəxəssis Sərpil Həmdi Tüzünü ölkəmizə dəvət edən «Qarabağ» uşaq futbol məktəbində işləri onun proqramı əsasında tənzimləməyi düşünür. Bu gün ölkəmizə təşrif buyurması gözlənilən məşqçi 1992-ci ildə Türkiyənin 18 yaşlılardan ibarət yığmasına qitə çempionu adını qazandırıb. Təkcə bu fakt çox şeydən xəbər verir. Bununla belə, Ağdam klubu nisbətən ciddi problemlərindən birini də çözə bilmir. Yeni stadion inşa etdirməyi nəzərdə tutan «Qarabağ» torpaq əldə etməkdə çətinliklə üzləşib. Hələ bir neçə gün əvvəl Anatoli Ponomaryovun təqdimat mərasimində Tahir bəy AFFA-dan mənəvi dəstək umduqlarını gizlətməmişdi. Əslində, yerindən-yurdundan didərgin düşən «Qarabağ»ın həmin əraziyə yetərincə haqqı çatır. Hər halda orada hansısa restoranın, kafenin yox, yeni stadionla yanaşı, ölkə futbolunun inkişafında pay sahibi olacaq məktəbin əsası qoyulacaq.

Paylaş

// pop up