"Turan" da iki gürcünü milliləşdirdi (FUTBOL+, 13.08.2005)

single-news
13 Avq 2005

"Turan" da iki gürcünü milliləşdirdi (FUTBOL+, 13.08.2005)



Ötən mövsümün son turunda Tovuzda qarşılaşan bu komandaları püşk artıq ilk turda üz-üzə qoydu. Komandaların fasilə müddətində ciddi dəyişikliklərə məruz qaldığını nəzərə alsaq, oyunun hər iki tərəf üçün çətin keçəcəyini düşünənlər yanılmadı. Xüsusən ciddi proseslərin burulğanını arxada qoyan "Qarabağ" heyətini bəzi futbolçularla gücləndirən "Turan"a qarşı sərgilədiyi oyunla heç də pis təsir bağışlamadı. Rəqiblərin heyətində çempionatda debüt edən Junivan, Draqiç, Kiril Nikolov, Bekovaç, Kravçenko, Voskoboynik özünü yaxşı tərəfdən göstərə bildi. Xüsusən "Qarabağ"da son müdafiəçi mövqeyində çıxış edən xorvat Bekovaç ən xoş sözlərə layiq idi. Latsabidze ilə Siçinavanın milliləşdirilməsi isə Şensoya onlardan başqa meydana daha 5 legioner buraxmaq imkanı vermişdi. Yeri gəlmişkən, az qala hər müsahibəsində milliləşdirmənin əleyhinə olduğunu bəyan edən Naci bəyin "Turan"da da bu üsula əl atılmasına yol verməsi təəssüf doğurur. Görünür, tovuzlular da "palaza bürün, el ilə sürün" prinsipinə əməl etməyi lazım bilib. Matç başlamamış bəndəniz "Futbol+"in mövsümün ən yaxşı oyunçusu üçün təsis etdiyi mükafatı Asen Nikolova təqdim etdi. Yerli azarkeşlər bu olayı böyük coşqu ilə qarşıladı. Yeri gəlmişkən, azarkeşlər arasında Şensoyun ailə üzvləri və qarşıdakı parlament seçkisində namizədliyini Tovuzdan verməyə hazırlaşan sabiq ANS-çi Qənirə Paşayeva da vardı. Komandalar oyuna ehtiyatlı başladığından ilk 10 dəqiqədə ciddi təhlükə görmədik. Meydan sahibləri diqtə edən tərəf olsa da, qonaq müdafiəçilərin səliqəli oyunu hücumları məntiqi sonluğa çatdırmağa imkan vermirdi. Amma tovuzlular Asenin dirijorluğu ilə getdikcə təzyiqi artırmağa başladı. Bu taktika tezliklə bəhrə verdi: Asen - Romal - Junivan kombinasiyasını braziliyalı cərimə meydanı daxilindən dəqiq zərbəylə tamamladı. Amma etiraf edək ki, qoldan sonra hücumlarına ara verməyən meydan sahibləri əks-hücumlarda gərgin anlar yaşayırdı. 20-ci dəqiqədə Sokolovskinin zərbəsindən sonra top az fərqlə dirəyin yanından keçdi. İki dəqiqə sonra isə artıq "Qarabağ"ı Kovalyov xilas etdi. Hissə yenicə yarılanmışdı ki, Junivan dubl imkanını əldən verdi. Ağdamlılar da ara-sıra Elşənə həyəcan yaşatmağa müvəffəq olurdu. Orta sahədə fəallığı ilə seçilən ukraynalı Kravçenkonun 34-cü dəqiqədəki zərbəsində azca dəqiqlik çatmadı. Amma o ilk yarının uzatma dəqiqələrində hesabı bərabərləşdirdi - 1:1. Komandalar ikinci hissəyə passiv başladı. Ağdamlıları anlamaq olardı: heç-heçə onları qane edirdi. Əvəzində "Turan"ın aramsız hücum edəcəyini gözləsək də, bu baş vermədi. Hətta bu yarıda ilk qol vəziyyətini qonaqlar yaratdı. Əks-hücum zamanı Müşfiqin cərimə meydanına daxil olub "doqquzluğ"a gönərdiyi topu Elşən gözəl reaksiya ilə dəf etdi. Asenin yorulması artıq komandasının hücumlarının gücünə təsir göstərirdi. Hər halda, o 57-ci dəqiqədə topu mərkəzdə ələ keçirərək, uzun reyddən sonra qapıya zərbə endirə bildi. Az sonra Kovalyov kapitanın cərimə zərbəsini də ustalıqla zərərsizləşdirdi. Nəticəylə barışa bilməyən "Turan" son 10 dəqiqədə yenidən aramsız hücumlarla qonaqları hamılıqla müdafiəyə çəkilməyə məcbur etdi. Əvvəlcə Kovaçeviç Kiril Nikolovun gözəl ötürməsindən sonra topu düz Kovalyovun üstünə vurdu. Amma uzatma dəqiqələrində "Turan" qələbə istəyinə çatdı. Asenin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı tirindən dönsə də, Elnur Allahverdiyev onu akrobatik vuruşla qapıya göndərdi. Bununla da o "oyuna çıxsam, mütləq qol vuracam" vədini boşuna vermədiyini göstərdi. Yeri gəlmişkən, oyundan sonra "Nəsimi" firması Elnura matçın ən yaxşısı kimi xüsusi mükafat verdi. Naci Şensoy, "Turan"ın baş məşqçisi: "Havanın çox isti olması işimizi xeyli çətinləşdirdi. İlk yarıda daha istəkli və güclü, ikinci hissədə isə elə də yaxşı oyun sərgiləyə bilməyən "Turan" gördük. İkinci hissədə oyunumuzun alınmamasına "Qarabağ"ın əzmkar oyununun səbəb olduğunu deməliyəm". Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Hər şeydən əvvəl "Turan"ı və Şensoyu qələbə münasibətiylə təbrik edirəm. "Turan" güclü komandadı, amma biz də tovuzlulara qarşı layiqincə mübarizə apardıq. Son dəqiqələrdə qapımızda qol görmək bəxtsizlik oldu. Bu oyunun ən yaxşı nəticəsi heç-heçə idi. Heyətimizin xeyli gec yığılmasına rəğmən, komandamın oyunundan razı qaldım. Legionerlərin də çıxışından razıyam. Qarşıdakı oyunlarda daha güclü "Qarabağ" görəcəksiz".

Paylaş

// pop up