"TURAN" VƏ "QARABAĞ" UDUZDU (525-Cİ QƏZET, 25.10.2005)
25 Okt 2005
"TURAN" VƏ "QARABAĞ" UDUZDU (525-Cİ QƏZET, 25.10.2005)
Ötən həftə sonu futbol üzrə milli çempionatda növbəti turun matçları gerçəkləşib. Sürprizlərlə dolu 7-ci turun yekununda yarış cədvəlində yeni lideri peyda olub. Bu, çətin səfər qələbəsi qazanan "İnter"dir. Bakı klubu Tovuzda yerli "Turan"ı minimal hesabla üstələyib. Yeganə qola 57-ci dəqiqədə Vyaçeslav Lıçkin imza atıb. Buna baxmayaraq, rəqiblə müqayisədə Naci Şensoyun yetirmələri daha yaxşı təsir bağışlayıblar. Əlverişli imkanlarından yararlana bilməyən tovuzlular sonda məğlubiyyətlə barışıblar. Bu uğursuzluqda Romal Hüseynovun yoxluğu da rol oynayıb. Bir müddət öncə avtomobil qəzasına düşən Romal görüşü tribunadan izləyib.
Məğlubiyyətə bərabər heç-heçə. "Neftçi"-"Gənclərbirliyi" matçına qısaca belə ad vermək olar. Son ölkə çempionu doğma divarlar arasında cəmi bir xalla kifayətlənib. Daha doğrusu, flaqman oyunun böyük hissəsində hesabda geri qalıb. Və ikinci hissənin ortalarında Nadir Nəbiyev "Gənclərbirliyi"nin qapıçısının çıxışda buraxdığı səhvi bağışlamayıb. Hər halda, sumqayıtlılar "Neftçi"dən xal qoparmağa nail olublar. "Bakı" da "Gəncə"nin ciddi müqavimətilə üzləşib və nəticədə qapılara qol vurulmayıb. Bununla da, "Gəncə" son 3 turda ikinci dəfə Respublika stadionundan xalla ayrılıb Ümumiyyətlə, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv cari mövsümdə çempionluq uğrunda mübarizə aparan komandalar üçün əsl başağrısına çevrilib. "Olimpik"-"MKT-Araz" matçı da eyni hesabla bitib. "Şahdağ" "Qarabağ"a 3:1 hesabıyla qalib gəlib. "Xəzər-Lənkəran" 70 günlük fasilədən sonra nəhayət, qələb sevinci yaşayıb. Cənub klubu çempionatın aşkar autsayderi "Göyəzən"in qapısına 2 cavabsız top vurub. "Karvan" doğma azarkeşlər önündə MOİK-i məğlub edib (5:1).
7 turdan sonra "İnter" 17 xalla vahid liderdir. Ondan bir xal geri qalan "Bakı" ikinci, 15 xala malik "Karvan" isə üçüncüdür. Növbəti turun oyunları oktyabrın 29-30-da təyin olunub.