"TURAN"ın QƏRBDƏN KƏNARDA İLK SINAĞI (HET-TRİK, 30.09.2005)

single-news
30 Sen 2005

"TURAN"ın QƏRBDƏN KƏNARDA İLK SINAĞI (HET-TRİK, 30.09.2005)



Qısa fasilədən sonra oktyabrın 1-i ölkə çempionatının 6-cı turuna start veriləcək. İlk oyun günü 4 oyun keçiriləcək. Belə ki, "İnter" "Şahdağ"ı, "Göyəzən" "Karvan"ı, "Gəncə" "Olimpik"i, "MKT-Araz" isə "Neftçi"ni qəbul edəcək. "Şahdağ"dan "İnter"lə oyunda da sensasiya gözləməyə dəyər. Səfərdə "Bakı" və "Xəzər-Lənkəran"ı yenməyi bacaran qusarlılar bank klubundan xal qopara bilsələr, bu, heç də gözlənilməz sayılmamalıdır. Bu matç həm də ona görə maraqlıdır ki, "Şahdağ" 6 tur ərzində T.Bəhramov adına Respublika stadionunda 3-cü dəfə meydana çıxacaq. Buna kimi Qusar klubu Respublika stadionunda "Neftçi" və "Bakı"nın qonağı olub, birində məğlub olub, digərində isə qələbə qazanıb. "Gəncə"nin "Olimpik"i asanlıqla yenəcəyi gözlənilsə də, "Göyəzən"in evdə "Karvan"a müqavimətsiz təslim olacağı real görünmür. İlk oyun günündə "MKT-Araz" - "Neftçi" matçının digərlərindən daha maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyini gözləmək olar. "MKT-Araz" ev oyunlarını Sumqayıtda keçirdiyindən bu amil daha çox paytaxt klubunun işinə yarayır. Hər iki klub son turda məğlub olduğundan uğursuzluğu unutdurmağa çalışacaq. Müqavilə müddəti uzadılacağı söylənilən İqor Nakoneçnıya bu ərəfədə qələbə hava-su kimi lazımdır. 6-cı tura oktyabrın 2-də keçiriləcək "Qarabağ" - "Xəzər-Lənkəran", MOİK - "Bakı", "Gənclərbirliyi" - "Turan" matçları ilə yekun vurulacaq. Autsayder olmasına baxmayaraq, MOİK-in "Bakı"ya müqavimət göstərəcəyini düşünmək olar. Keçən çempionatda "Bakı"nın medal qazanmasına mane olanlardan sayılan MOİK-in bostanlığa bənzər stadionda çıxış etməsini nəzərə alsaq, bu daha inandırıcı görünür. Ötən mövsüm sərgilədikləri oyundan əsər-əlamət qalmayan "Qarabağ" - "Xəzər-Lənkəran" cütlüyünün də oyunu maraq doğurur. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan bu klublar yeni mövsümdə olduqca aşağı səviyyədə çıxış edirlər. "Qarabağ"ın evdə oynayacağını nəzərə alsaq, "Xəzər"in işi heç də asan olmayacaq. Psixoloji durumları aşağı olan cənub klubunun "Qarabağ"dan xal alması onlar üçün böyük önəm daşıyır. "Gənclərbirliyi" - "Turan" qarşılaşması bir sıra maraqlı məqamlarına görə digərlərindən geri qalmır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, çempionatda 5 tur arxada qalsa da, " Turan" ilk dəfədir ki, qərb bölgəsini tərk edir. Bu baxımdan Tovuz klubunun uzaq Sumqayıtdan hansı nəticəylə geri dönəcəyi olduqca maraqlıdır. Son üç turda qələbə üzünə həsrət qalan "Gənclərbirliyi" bu oyunda da məğlub olarsa, Əfqan Talıbovun işinin ağırlaşacağını güman etmək heç də çətin deyil. Arxada qalan turlardan sonra çempionatın ən sərrast futbolçuları Pathe Banqura və Junivan Suaresin müvafiq olaraq, "Gənclərbirliyi" və "Turan"da çıxış etməsini nəzərə alsaq, matçı forvardların dueli kimi də qələmə vermək olar.

Paylaş

// pop up