U-19 komandamız sosial layihədə iştirak edib

single-news
23 Yan 2026

U-19 komandamız sosial layihədə iştirak edib



UEFA tərəfindən “Qarabağ” Futbol Klubunun akademiyasına UEFA Gənclər Liqası çərçivəsində maliyyə vəsaiti ayrılıb. Sözügedən vəsait gənc futbolçuların sosial aktivliyinin təmin olunmasına yönəlib.

Ayrılan 1000 avro məbləğində maliyyə vəsaiti UEFA-nın gənclər futboluna dəstək mexanizmləri çərçivəsində təqdim olunub. Bu tip ödənişlər Gənclər Liqasında iştirak edən futbolçuların meydançadan kənar — sosial və mental inkişaflarını sürətləndirmək məqsədi daşıyır.

“Qarabağ” Futbol Klubu ayrılan vəsaitdən təyinatı üzrə istifadə edib. Bununla yanaşı, klubumuz gənc futbolçuların sosial məsuliyyət hissinin formalaşdırılması və cəmiyyətlə inteqrasiyasını yalnız beynəlxalq proqramlar çərçivəsində deyil, öz təşəbbüsləri və tərəfdaşlıqları vasitəsilə də davamlı şəkildə həyata keçirir.

Bu çərçivədə klubumuzun tərəfdaşlarından olan “Qarabağ Mechack 9030” (Azərbaycanın və Qafqazın FIRST Robotics Competition üzrə ilk və yeganə komandasıdır. Komanda gəncləri STEAM – Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat – sahələrində inkişaf etdirmək, beynəlxalq yarışlarda təmsil etmək və ölkənin intellektual imicini yüksəltmək məqsədi daşıyır) qrupunun üzvləri — fiziki məhdudiyyətli uşaqlar — Akademiyamızın U-19 komandası ilə səmimi görüş keçiriblər.

Görüş zamanı qonaqlarımız akademiyanın futbolçuları ilə yaxından tanış olub, onların məşq mühiti ilə maraqlanıb və futbol atmosferini yaxından hiss etmək imkanı əldə ediblər. Bu görüş gənc futbolçularımız üçün də sosial məsuliyyət və inklüzivlik baxımından əhəmiyyətli təcrübə olub.

Tədbirin sonunda "Qarabağ Mechack 9030" komandasının üzvlərinə akademiyamız adından hədiyyələr təqdim edilib və birlikdə xatirə fotosu çəkilib.

Qeyd edək ki, UEFA Gənclər Liqası Avropanın aparıcı klublarının akademiyalarını bir araya gətirən nüfuzlu turnirdir və yarış çərçivəsində yalnız idman nəticələri deyil, eyni zamanda sosial məsuliyyət və gənc futbolçuların inkişafı məsələləri də xüsusi diqqət mərkəzində saxlanılır. UEFA bu istiqamətdə iştirakçı klublara müxtəlif həcmdə maliyyə və metodiki dəstək göstərir.

“Qarabağ” FK isə son illər akademiyasının inkişafını klub strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və UEFA proqramları çərçivəsində əldə olunan dəstəkləri gənc futbolçuların uzunmüddətli inkişafına xidmət edəcək şəkildə istifadə edir.

Paylaş

// pop up