U-21 “Qarabağ"dan güclü çıxdı (HET TRIK, 10.04.2006)

single-news
10 Apr 2006

U-21 “Qarabağ"dan güclü çıxdı (HET TRIK, 10.04.2006)



Artıq bir neçə gündür ki, gənclərimiz türkiyəlilərlə oyunun hazırlıqlarına start verib. Nazim Əliyevin futbolçuları "Velotrek"də məskunlaşıblar. Dünən isə U-21 yox-lama görüşündə "Qarabağ"la üz-üzə gəldi. Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmaya komandalar aşağıdakı heyətlə çıxdılar: U-21: Kamran Ağayev, Saşa Yunisoğlu, Natiq Qasımov, Ceyhun Adışirinov, Vladimir Levin, Ruslan Əmircanov, Nakim Vəliyev, Tərlan Xəlilov, Romal Hüseynov, Murad Ağakişiyev, Fərid Quliyev. "Qarabağ": Cahangir Həsənzadə, Bojan İliç, Zoran Çlinşek, Fərid Haqverdiyev, Ramiz Hüseynov, Vaisf Haqverdiyev, Elmir Xankişiyev, Mehran Əliyev, Qoqa Beraya, Müşfiq Hüseynov, Samir Musayev. Yoldaşlıq xarakteri daşıyan qarşılaşmanın hər hissəsi 35 dəqiqədən ibarət oldu. Nazim Əliyev futbolçularını meydana 3-6-1 taktiki sxemi ilə buraxmışdı. Oyun yoxlama görüşü xarakteri daşısa da futbolçular mübahisə etməyə də imkan tapırdılar. Belə epizodlardan birində Romal Hüseynovla Vasif Haqverdiyev uzun müddət mübahisə etdilər. 10-cu dəqiqədə isə hesab açıldı. "Qarabağ"ın üzvü olan, lakin U-21-in şərəfini qoruyan Fərid Quliyev Cahangir Həsənzadəni məyus etdi. İkinci hissəyə komandalar dəyişikliklərlə çıxdılar. İkinci hissənin startında yenicə meydana daxil olan Vitali Kovalyovun səhvindən yararlanan Fərid Quliyev özünün və U-21-in ikinci qolunu vurdu. Fəridin artıq öz komandasına qol vurmaq üzrə ixtisaslaşdığını vurğulamaq olar. Transfer hüququ "Bakı"ya məxsus olsa da "Qarabağ"ın şərəfini qoruyan hücumçu ölkə çempionatının oyununda paytaxt təmsilçisini məyus etdi. Ardından U-21 daha bir qol vurdu. Bu dəfə Elnur Abdullayev fərqləndi. Ağdamlıların gücü isə yalnız təsəlli qoluna çatdı. Elmir Xankişiyev cərimə zərbəsini dəqiq yerinə yetirdi. Bu həm də matçda vurulan son qol olduğundan U-21 "Qarabağ"ı 3:1 məğlub etdi. Ümumiyyətlə, gənclər yığmamızın pis təsir bağışlamadığını qeyd etmək olar. Xüsusən də komandamızın arxa xətti etibarlı oyunu ilə seçilirdi. Komandanın üzvü Rail Məlikov ayağında ağrılar olduğundan matçı kənardan izləyirdi. Oyundan sonra isə U-21-in baş məşqçisi Nazim Əliyevin qarşılaşma haqda fikirlərini öyrəndik: "Uşaqlar pis təsir bağışlamadı. Lakin yarımmüdafiə xəttindən xeyli narazı qaldım. Fərid də pis oynamadı. İlk oyunu olmasına baxmayaraq, iki qol vurdu ki, bu da təqdirəlayiq haldır".

Paylaş