“Üçhissəli tamaşa”nın birinci hissəsi (FUTBOL+, 04.03.2006)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
4 Mar 2006
“Üçhissəli tamaşa”nın birinci hissəsi (FUTBOL+, 04.03.2006)
Bu matçı ötənmövsümkü gücündən və iddialarından əsər-əlamət qalmayan “Qarabağ”la sonuncu ölkə kubokunun sahibinin dueli kimi də qələmə vermək olar. Ağdam klubu cari mövsümdə heç də uğurlu qrafik cızmır. Təsadüfi deyil ki, bunun nəticəsi olaraq çempionatın birinci dövrəsi başa çatan kimi əksər oyunçular, o cümlədən baş məşqçi Elxan Abdullayev klubla yollarını ayırmaq məcburiyyətində qalıb. Amma əvəzində heç də ciddi dəyişikliklər baş vermədi. Transferə çıxarılan əvvəlki oyunçulardan fərqlənməyən futbolçulara bel bağlayan ağdamlılar boş qalmış baş məşqçi postuna da yerli mütəxəssis Böyükağa Ağayevi gətirdilər. Təcrübəli çalışdırıcı komandanın “sükanı arxasına” keçdiyi ilk günlərdən çempionluq haqda düşünməyin mənasız olduğunu və yalnız kuboka güc qoyacaqlarını söylədi.
Həqiqətən də hazırda turnir cədvəlində 21 xalla 8-ci pillədə qərarlaşan “Qarabağ”ın medallara iddiası mümkünsüzdü. Avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yol kuboku qazanmaqdan keçir ki, hazırda Ağdam klubunun “Bakı”yla müqayisədə bu yarışa daha ciddi önəm verdiyini demək olar. Axı paytaxt təmsilçisi ölkə çempionluğunu qazanmaq üçün gözəl şanslara malikdi və yeri gəlsə, ölkə kubokunu arxa plana keçirə bilər. Baxmayaraq ki, “Bakı” rəsmiləri hər iki cəbhədə uğura eyni dərəcədə önəm verdiklərini bəyan etməkdən yorulmur. Aydın məsələdi ki, çempionatda “Neftçi”, “Karvan”, “İnter”dən fərqli olaraq işləri o qədər də rəvan getməyən “zolaqlılar” ehtiyat variant kimi kubokda da irəli getməyi vacib sayır.
Komandalar bu mövsüm cəmi bir dəfə üz-üzə gəlib. Çempionatın 4-cü turunda Bakıxanov qəsəbə stadionunda keçirilən prinsipial görüşdə Əsgər Abdullayevin yetirmələri 4:2 hesablı qələbəyə sevinib. İndi ağdamlıların revanş üçün də gözəl fürsəti var. Bu rəqiblərlə bağlı çox nadir hallarda təsadüf edilən maraqlı faktı da diqqətinizə çatdıraq. Belə ki, qarşıdakı üç həftə ərzində “Bakı”yla “Qarabağ” bir-birinə qarşı eyni sayda oyun keçirmək məcburiyyətindədi. Öncə paytaxt təmsilçisini Suraxanıda qəbul edəcək ağdamlılar iki dəfə də səfərdə onlarla görüş keçirməlidi. Martın 12-də çempionatın, bir həftə sonra isə kubokun cavab oyunu çərçivəsində.
Matç ərəfəsində baş məşqçiləri qayğılandıran bəzi problemlər də var. Belə ki, Ağayevin komandasında əsas qol ümidi İrakli Beraya son turda dizindən aldığı zədə üzündən əməliyyat olunub. Güman ki, ağdamlıların hücum xəttində Samir Musayevlə Egidius Yuşka tandem təşkil edəcək. Komandanın əsas qapıçısı Cahangir Həsənzadə isə artıq tamamilə sağalıb. “Bakı”da isə əsas qapıçıyla bağlı problem hələ də qalmaqdadı. Hələ Türkiyədəki təlim-məşq toplanışında sıradan çıxan Rauf Mehdiyev zədəsini sağaltmayıb. Son oyunlarda komandasına kömək edə bilməyən qolkiper “Qarabağ”la matçı da buraxacaq. Onunla yanaşı, sarı vərəqə limiti dolan Yaşar Abuzərov komandasına kömək edə bilməyəcək. Buna baxmayaraq, Əsgər bəyi sevindirə biləcək məqamlar da var. Belə ki, zədəli Andre Ladaqanın və cəzalı Leandro Qomeşin sıraya dönməsi nəticəsində baş məşqçi kubok oyununda onların əməyindən istifadə edə biləcək.