“Uğurlu nəticə əldə etmək istəyirik”
“Uğurlu nəticə əldə etmək istəyirik”
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Julio Romaonun mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:
“Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Şübhə etmirəm ki, “Olimpiakos” bu mövsüm də Avropa Liqasının qalibi olmağa iddialıdır. Bu komanda ötən mövsüm Konfrans Liqasını qazanmışdı. Hədəfləri böyük olan kluba qarşı çıxış edəcəyik. Son oyunumuzda yaxşı oyun sərgiləmək və uğurlu nəticə əldə etmək istəyirik”.
Baş məşqçi 2008-ci ildən bəri komandamızı çalışdırmasının səbəbləri barədə də danışıb: “Uzun müddət eyni komandada çalışmaq asan deyil. Futbol kollektiv oyundur və işin gedişatında daim dəyişikliklər olmalıdır. İllər boyu yeni futbolçular komandaya dəvət edir və uğurun davamı üçün çalışırsan. Bəxtim onda gətirib ki, yaxşı rəhbərliklə birgə işləyirəm. Çox yaxşı rəhbərliyimiz, idarəçilərimiz var. İddialı kollektiv formalaşdırmaqda həmişə yanımda olublar. Uğurlu nəticə qazanmağımız üçün maksimum çalışıblar. Futbolda bir məşqçinin uzun müddət eyni komandada işlədiyi hallar olub. Biz də bu iddianı qoruyub saxlamağa çalışmışıq”.
Julio Romao isə səfərdən uğurlu nəticə ilə dönmək istədiklərini söyləyib: “Sabah müəyyən detallar oyunun taleyini həll edəcək. Turnir cədvəli baxımından “Olimpiakos” daha yaxşı vəziyyətdədir. Rəqibimiz növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparır. Biz isə aşağı sıralarda qərarlaşmağımıza baxmayaraq, Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək üçün sabah uğurlu nəticə qazanmağa çalışacağıq. Bizim üçün hər bir oyun önəmlidir. Bütün matçlara müsbət nəticə əldə etmək üçün çıxırıq. Sabah da turniri qalibiyyətlə bitirməkdən ötrü əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, sabah Pireydə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.