VAQİF CAVADOV “QARABAĞ”I AVROPAYA DƏYİŞMƏK İSTƏYİR ( 25.04.2008 Champion)

single-news
25 Apr 2008

VAQİF CAVADOV “QARABAĞ”I AVROPAYA DƏYİŞMƏK İSTƏYİR ( 25.04.2008 Champion)



Son vaxtlar futbol ictimaiyyətinin maraq dairəsində olan futbolçulardan biri də Vaqif Cavadovdur. Təsadüfi deyil ki, hücumçu həm “Qarabağ”ın, həm də U-21-in əsas heyətində yerini möhkəmlədə bilib. Görünür, futbolçunun sərgilədiyi oyun “Qarabağ” rəhbərliyinin də zövqünü oxşayıb. Buna görə də futbolçu ilə müqavilənin müddəti daha iki il uzadılıb. Bunları nəzərə alıb Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” - “Neftçi” matçını izləməyə gələn Cavadovla söhbətləşdik.

- Ötən tur “İnter”ə qarşı keçirilən oyun barəsində fikirlərini bilmək istərdik...
- Qarşılaşma maraqlı alındı. Demək olar ki, başa- baş mübarizə gedirdi. çoxlu imkanlarımız oldu, yararlana bilmədik. Onlar isə əllərinə düşən imkandan maksimum istifadə etdilər.
- Bu il “İnter”lə dörd dəfə qarşılaşmısınız. Bir dəfə də olsun qalib gələ bilməmisiniz. Bunun səbəbini bilirsən?
- “İnter” çox güclü komandadır. Hərtərəfli inkişaf etmiş futbolçuları var. Deməzdim ki, biz onlardan zəifik. Lakin alınmadı. Futbol bir oyundur, ona görə də təəcüblənmək olmaz. Bir də görürsən ki, autsayder liderə qalib gəlir.
- İkinci dövrənin ilk oyunlarında yaxşı təsir bağışlayırdın. Son matçlarda isə əvvəlki kimi çıxış etmirsən...
- Xeyr, hər şey qaydasındadır. Baxmayaraq ki,  son matçlarda qol vura bilmirəm, lakin məşqçilər korpusu oyunumdan razı qalır. Fərqlənmədiyim görüşü isə heç vaxt özümçün yaxşı dəyərləndirə bilmərəm.
- Dediklərindən belə çıxır ki, formada deyilsən?
- Əksinə, zaman keçdikcə futbolçu kimi hər tərəfli formalaşıram. Sadəcə olaraq oyunum alınmır. İnanıram ki, növbəti matçlarda “Qarabağ”a daha çox xeyirim dəyəcək.
- Hazırda izlədiyin “İnter” - “Neftçi” görüşü haqqında nə deyə bilərsən?
- Meydançada əsl mübarizə gedir. “Flaqman”ın yaratdığı qol vəziyətləri çoxluq təşkil edir. Lakin uğurlu sonluğa çatdıra bilmirlər. Bir az da bəxt amilini qeyd edə bilərəm. Dirəkdən qayıdan bir neçə top və s. Hər şey “İnter”in istədiyi kimi gedir. Əks-hücum yaratdılar və qol vurdular.
- Bu matçda kimə azarkeşlik edirsən?
- (Gülür). Yaxşı oyun nümayiş etdirənə. Buraya istirahət etmək və gözəl oyun izləmək üçün gəlmişəm. Kim layiqdirsə, o da sevinən tərəf olsun.
- Dövrələrarası fasilə zamanı sənin xidmətində maraqlı olan klublar var idi?
- Bəli, olub. Amma “Qarabağ”da hər şey istədiyim səviyyədədir. Mehriban kollektivimiz var. Bir sözlə, komandanın düşərgəsində özümü doğma evimdə olduğu kimi hiss edirəm.
- Səninlə maraqlanan komandaların adlarını çəkə bilərsən?
- İndi bunun mənası yoxdur.
- “Qarabağ”la müqavilənin müddətini  daha iki il artırmısan. Yəqin ki, komandada çox qalmaq fikrin var?
- Rəhbərliklə oturub söhbətləşdik. Qarşılıqlı razılaşma əsasında daha iki il “Qarabağ”da qalmağa qərar verdim. Amma bu müddət bitdikdən sonra təklifləri nəzərdən keçirəcəyəm. “Qarabağ”dan birbaşa Avropa klublarına keçmək istəyirəm.
- Türkiyə “Sivasspor”unda forma geyən qohumun İlqar Qurbanovun çıxışını necə dəyərləndirirsən?
- İlqar tez-tez zədələnir. Bu səbəbdən meydançaya çıxa bilmir. Ona şans verilən zaman isə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Xatırlıyırsınızsa, “Beşiktaş”la matçda “Sivasspor”un qələbə qolunu vurmuşdu.
- Onun ehtiyatda oturmasını yalnız zədəli olması ilə əlaqələndirirsən?
- Bəli, amma etiraf etməliyik ki, Türkiyədə futbol günbəgün inkişaf edir. Belə şəraitdə ilk “onsəkkizliyə” düşmək böyük hünərdir.
- Qəzetimizin ötən sayında Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90-illiyinə həsr olunmuş əcnəbi və yerli futbolçular arasında şou xarakterli matç keçirilməsini təklif etmişdik! Buna münasibətin necədir?
- çox gözəl. çoxlu azarkeş gələr. Kimin qalib gəlməsindən asılı olmayaraq, böyük maraqla qarşılanar. Bir də legionerlərin, yoxsa bizim güclü olduğumuz aşkara çıxar.
- Təklif olsa, oynayarsan?
- Böyük məmnuniyyətlə...
- Qarşıda sizi autsayder “ABN-Bərdə” ilə səfər qarşılaşması gözləyir?
- Fərqi yoxdur, istər güclü olsun, istərsə də zəif, rəqib rəqibdir. Zəif də 11 nəfərdir, güclü də. Təbii ki, qələbə üçün oynayacağıq. Turnir cədvəlində mümkün qədər irəli getmək istəyirik.
- Deyəsən, “Qarabağ” haqqında çox danışdıq. Gəl bir az da U-21 barəsində söhbətləşək...
- Buyurun...
- öncə İtaliya ilə oyundakı təəssüratlarını oxucularımıza çatdırardın...
- Nə deyim vallah. çətin oyun olacağını bilib yaxşı hazırlaşmışdıq. Bərabər səviyyədə mübarizə apardıq. Sonda gücümüz onlardan az oldu.
- Məğlubiyyətin əsl səbəbini necə izah edərdin?
- İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığması çox güclü kollektivə malikdir. Belə oynayacağımızı düşünmürdük. Düzünü desəm, özümüzə inanmadıq. özümüzü əvvəlcədən məğlub olmuş kimi hiss edirdik.
- Bu matçda rəqib komandanın baş məşqçisi Pyerluici Kaziragi sənin oyun tərzini bəyənmişdi. Bu barədə məlumatın var?
- Dediklərinizdən xəbərim var. İtaliya kimi güclü komandanın baş məşqçisinin dilindən tərif eşitmək hər bir futbolçu üçün xoşdur.
- Həmin qarşılaşmada italiyalı menecerlər də iştirak edirdilər. Səninlə maraqlanıb nəsə təklif ediblər?
- Xeyir, belə hal baş verməyib.
- U-21-in yeni baş məşqçisi Bernard Lippertin işi səni qane edir?
- Onu tez-tez görmürəm. Yanlız İtaliya ilə oyunöncəsi toplanışımız olub.
- Onunla bizim məşqçilər arasındakı fərqi hiss edə bilmisən?
- Elə də ciddi fərqlər nəzərə çarpmır. Konkret fikir söyləmək üçün hələ çox tezdir.
- ümumiyyətlə, alman biriqadasının futbolumuzun sükanı arxasına keçməsinə sənin münasibətin necədir. Səncə, onlardan nə isə gözləməyə dəyər?
- Əlbəttə, dəyər. çünki alman mütəxəssisləri futbolun zirvəsində dayanıblar. Amma dünya şöhrətli məşqçilərə də vaxt lazımdır. Onlardan tezliklə nəticə gözləmək olmaz.
- Sonda ən böyük arzunun nə olduğunu bilmək istərdik?
- Futbolda böyük uğurlar qazanmaq və Avropanın aparıcı klublarının birində çıxış etmək istəyirəm. Bir də fürsətdən istifadə edib mənim üçün etdikləri hər bir şeyə görə, ailəmə minnətdarlığımı bildirirəm.

Paylaş

// pop up