Vasif Karadan şans gözləyirmiş (futbol+, 23.12.2006)
23 Dek 2006
Vasif Karadan şans gözləyirmiş (futbol+, 23.12.2006)
O "Qarabağ" rəhbərliyi ilə görüşəcək
Rasim Karanın gəlişiylə "Qarabağ"ı xeyli futbolçu tərk etdi ki, onlardan biri də Vasif Haqverdiyev oldu. Türkiyəli məşqçinin heyəti cavanlaşdırmaq yönündə daha yaşlı futbolçulardan imtina etməsi başadüşüləndi. Amma Haqverdiyevin yaşı elə də çox deyil axı. Bu mənada 28 yaşlı futbolçuya "Qarabağ"ın ehtiyac duymaması müzakirə obyektinə çevrilə bilər.
Əslində hələ yayda Haqverdiyevin Ağdam klubundan ayrılacağı haqda söz-söhbət yayılmışdı. O vaxt Vasif özü də "Qarabağ"dan ayrılmasının mümkünlüyünü gizlətməmişdi. Karanın az əvvəl əvəzlədiyi Böyükağa Ağayevlə aralarında olan soyuq münasibət buna rəvac vermişdi. Amma elə oldu ki, Haqverdiyev komandada qalası oldu. Qalmasaydı, bundan yaxşı idi. Ağayev təcrübəli futbolçuya bir əlin barmaqlarının sayına gələcək qədər oyunda şans verdi.
Belədə yeni məşqçinin gəlişi hardasa Vasif üçün ümidverici olmalı idi. Ancaq Kara bəlkə də səviyyəsinə tam bələd olmadığı yarımmüdafiəçini də digərləri kimi "qara siyahı"ya saldı. Vasif üçün özünə qarşı atılan bu addım tam gözlənilməz olmasa da, hər halda təəccüblənib: "Düzünü deyim ki, bir az təəccüblü oldu. Başa düşürəm, yeni gələn məşqçi məni öz komandasında görmək istəməyib. Amma hər halda şans vermək olardı".
Bəs bundan sonra necə olacaq, Vasifi ikinci dövrədə hansı komandada görəcəyik: "İndi bu barədə danışmaq istəmirəm. Qoy hər şey həll olunsun, sizə məlumat verərəm".
Onu da deyək ki, Haqverdiyevin "Qarabağ"la altıaylıq müqaviləsi var: "Rəhbərliklə danışıb bəzi məsələlərə aydınlıq gətirəcəm. Aydınlaşdırmaq lazımdı ki, məni azad agent statusuyla buraxacaqlar, yoxsa necə. Bütün bunlar haqda söhbət etməliyik".