VLADİSLAV QƏDİROV: " ABUZƏRİN BURAXDIĞIMIZ ƏKSƏR QOLLARDA SƏHVİ OLURDU" (FUTBOL+, 01.08.2005)

single-news
1 Avq 2005

VLADİSLAV QƏDİROV: " ABUZƏRİN BURAXDIĞIMIZ ƏKSƏR QOLLARDA SƏHVİ OLURDU" (FUTBOL+, 01.08.2005)



"Qarabağ" 2004-05-ci il mövsümünün sonuna üç tur qalmış uğursuzluq zolağına düşərək, bütün üstünlüyünü itirdi. Hətta bunun nəticəsi kimi mükafatçılar sırasında da ağdamlılara yer tapılmadı. Dövrələrarası fasilədən başlayaraq komandanı titrədən daxili münaqışələr əvvəl oğul, sonra ata Ponomaryovun "Qarabağ"dan ayrılması ilə nəticələndi. Birinci dövrədən sonra Anatoliylə yanaşı, baş məşqçinin köməkçisi olan Vladislav Qədirov da "Qarabağ"dan ayrı düşdü: "Komanda istirahətə buraxıldıqdan sonra Əmrah bəy məni çağırıb baş məşqçinin mənimlə işləmək istəmədiyini bildirib, səbəbini soruşdu. Amma səbəb mənim üçün də qaranlıq idi. İqor Anatolyeviç İsveçdən qayıtdıqdan sonra iki-üç dəfə onunla görüşüb bunu öyrənməyə çalışsam da, onun buna vaxtı tapılmadı. Yaxın dostum olduğundan səhvimi desəydi mən də başa düşərdim. Hamının səhvi ola bilər. Amma münasibətlərimizə nəyin təsir etdiyini indiyədək bilmirəm.Buna baxmayaraq, o həmişə mənim kumirim olub və belə də olacaq. Onun ölkədə çalışmasını hamıdan çox istəyirdim və yenə bu fikirdəyəm". Komandada nələr baş verdiyini söyləmək istəməyən sabiq "Qarabağ"lı bütün uğursuzluqlarda kimin əli olduğunu da açıqlamaq istəmədi: "Hamınız "Qarabağ"da nələr baş verdiyini təxmin edirsiniz və günahkarın kim olduğu da heç kimə sirr deyil. Nə qədər ki o adam komandadadı, "Qarabağ" irəli getməyəcək. İstər Ponomaryov olsun, istər Qədirov, istərsə də başqası. Amma hər şeyi təkcə onunla bağlamaq olmaz". Bir neçə gün əvvəl komandanın sabiq müdafiəçisi Abuzər İbrahimovun müsahibəsini oxumayan Qədirov onun dediklərində xəbərsizdi. Xatırladaq ki, Abuzər olanların əsas günahkarının mövsümün əvvəlində komandaya gəldiyini və birinci dövrədən sonra getdiyini bildirməklə Qədirova eyham vurmuşdu. Heyətdən kənar qalmasının səbəbini də bu adamla bağlayan İbrahimov məhz onun sayəsində Ponomaryova təzyiq edərək, Abuzərin oynamasına şərait yaratdığını qeyd etmişdi. Qədirov bütün bunlarla bağlı bu qeydləri etdi: "Bəlkə o Toliki nəzərdə tutub. Axı o da mövsüm başlayandan sonra gəlib, birinci dövrədən sonra komandanı tərk etdi. O ki qaldı Abuzərə, aramızda hər hansı problem olmayıb. Sadəcə, İqor Anatolyeviç uzun müddət burda yaşamadığından uğur qazanması üçün məsləhətlərimi əsirgəmirdim. Hər halda, onun burda uğur qazanmasını mənim qədər istəyən yox idi. Hərçənd digər məşqçilər də sözlərini deməli, son qərarı isə Ponomaryov verməli idi. Abuzərlə bağlı onun "Qarabağ"da oynamağa hazır olmadığını düşündüyümdən baş məşqçiyə də bunu söyləmişdim. Buraxdığımız əksər qollar məhz onun səhvlərindən, bəzi epizodlarda çatdırmamasından vurulmuşdu. "MKT-Araz"la oyun da istisna deyildi. Elə buna görə də klub rəhbərliyi onu Türkiyə toplanışına da aparmağı lazım bilmədi". Qədirov adının uğursuzluqlarla birgə hallanmasını da düzgün saymır. Səbəb isə sadədir: "Mən gedəndə zirvədəydik, hər şey də yaxşı gedirdi. Çempionluq üçün yığılan heyətimiz yığmaya 6-8 oyunçu verir, hər qarşılaşmada qələbə üçün "döyüşürdü". Nə oldusa məndən sonra baş verdi. Oyunçuların nə isətdiyini də başa düşmək olmurdu. Bunların səbəbini həm rəhbərlik, həm də younçular məndən yaxşı bilər".

Paylaş