Vüsal Əliyev "Qarabağ"ı qələbəsiz qoydu (HET TRİK, 19.12.2005)

single-news
19 Dek 2005

Vüsal Əliyev "Qarabağ"ı qələbəsiz qoydu (HET TRİK, 19.12.2005)



Matçın gedişində "Qarabağ"ın ərazi üstünlüyü açıq-aşkar görünürdü. Elə ilk təhlükəli vəziyyəti də onlar yaratdılar. Müşfiq Hüseynovun zərbəsində azacıq dəqiqlik çatışmadı. Matçda fəallığı ilə seçilən Müşfiq 30-cu dəqiqədə komandasına penalti qazandırdı və Samir Musayev şansı qaçırmadı. Qoldan sonra qonaqların hesabı bərabərləşdirmək üçün irəli atılacağı gözlənilirdi. Lakin sumqayıtlılar birinci hissədə rəqib qapısı önündə təhlükəli vəziyyət yarada bilmədilər. Əvəzində 44-cü dəqiqədə ağdamlılar hesabı artırmaq imkanı əldə etdilər. Müşfiq Hüseynovun uzaqdan zərbəsini Davud Kərimi dəf etdi. İkinci hissədə Əfqan Talıbov məğlubiyyətdən qurtulmaq üçün meydana Pathe Banquranı buraxdı. Məşqçi fikrində yanılmamışdı. Banquranın meydana daxil olması komandasının oyununu xeyli canlandırdı. Buna baxmayaraq, "Qarabağ" daha bir qol imkanını əldən qaçırdı. Meydana sonradan daxil olan Vasif Haqverdiyev ən çətin olanı bacardı. O, qapı xətti üzərindən topu üst dirəyə tuşlamaqla komandasını qələbədən məhrum etdi. "Vurmayana vurarlar" prinsipi onların əleyhinə işlədi. 59-cu dəqiqədə qonaqların futbolçusu Namiq Əliyev hesabı bərabərləşdirdi. Matçın ən mübahisəli epizodu 80-cı dəqiqəyə təsadüf etdi. Davud Kərimi topu uzaqlaşdırmaq əvəzinə Samir Musayevi aldatmağa çalışdı. Bu isə "Gənclərbirliyi"yə baha başa gələ bilərdi. Hücumçu topu ondan "oğurlayaraq", boş qapıdan keçirdi. Lakin nədənsə hakim qolu saymaq əvəzinə hücumçunun qaydanı pozduğunu bildirdi. Referinin bu səhvi "Qarabağ"ın qələbəsini əindən aldı. Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəlin dediyinə görə, o, matçdan sonra protokolda həmin epizodla bağlı şikayət yazmaq istəyib, amma buna hakimlər imkan verməyib. Səttar Əliyev ("Qarabağ"ın məşqçisi): "Matç bizim üstünlüyümüzlə keçdi. Qol vəziyyətlərini dəyərləndirə bilmədik. Vasif Haqverdiyev bizi 3 xaldan məhrum etdi. Yaralı yerimiz olan hakimlik barədə isə danışmaq istəmirəm". Əfqan Talıbov ("Gənclərbirliyi"nin baş məşqçisi): "Rəqib komanda kimi biz də qələbə qazanmaq istəyirdik. Futbolçularım gənc olmalarına baxmayaraq, yaxşı oynadılar. Hesabdan və birinci dövrədə əldə etdiyimiz nəticədən razıyam".

Paylaş

// pop up