Vüsal ƏLİYEV“Heç bir kluba "işləmirəm" (HET-TRİK, 21.12.2005)

single-news
21 Dek 2005

Vüsal ƏLİYEV“Heç bir kluba "işləmirəm" (HET-TRİK, 21.12.2005)



Dövrə boyu davam edən hakim qalmaqalları son turdan da yan keçmədi. "Qarabağ" - "Gənclərbirliyi" oyununda hesab 1:1 olarkən görüşün baş hakimi Vüsal Əliyev ağdamlıların qolunu hesaba almadı. Bu isə geniş söz-söhbətlərin yayılmasına səbəb oldu. Buna görə də bir neçə gün əvvəl FIFA referisi adına layiq görülmüş Vüsal Əliyevlə söhbətləşmək qərarına gəldik. - Əvvəlcə elə "Qarabağ" - "Gənclərbirliyi" oyunundakı mübahisəli epizod barədə fikirlərinizi bilmək istərdik. - Həmin epizodda "Qarabağ"ın hücumçusu Samir Musayev rəqib qapıçıya arxadan toxundu. Buna görə də mən cərimə zərbəsi təyin edərək, qolu hesaba almadım. Orada doğru qərar qəbul etdiyimə əminəm. Kim nə deyir, qoy desin. Özləri bilərlər, oyunun kasetini montaj da etsələr, mən yüz faiz düzgün addım atdığımı bilirəm. Toxunma olubsa, nə üçün qolu hesaba almalıyam? Bu barədə söhbət belə gedə bilməz. - Oyundan sonra "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl narazılıqlarını protokolda qeyd edə bilmədiklərini deyir. Çəlikəlin sözlərinə görə, onların şikayət etmələrinə maneçilik törədilib. - Yox, məsələ heç də onların dedikləri kimi olmayıb. Yəqin siz də bilirsiz ki, protokolda etiraz üçün ayrıca yer var. Qanuna görə orada yalnız rəqib komandanın heyətində "lipa" varsa və ya hansısa tərəfin vaxtdan şikayəti varsa, nəsə qeyd etmək olar. Qalan bütün şikayətlər isə raport şəklində AFFA-ya təqdim edilməlidir. Əsasnamədə belədir. Əgər bilmirlərsə, gedib oxusunlar. Digər tərəfdən də oyundan sonra "Qarabağ" rəhbərliyi çox ləng tərpənmişdi. Biz artıq protokolu doldurub, "kserekopiya"ya göndərmişdik ki, onlar bu məsələni qeyd etmək istədiklərini bildirdilər. Həmin qaydanı da biz oyundan sonra Əmrah bəyin nəzərinə çatdırdıq. Onlar da AFFA-ya şikayətlərini təqdim ediblər və orada da oyunun kasetinə baxılıb. Və qərara da alınıb ki, hakim dogru qərar qəbul edib. - Sizi "Bakı"ya "işləmək"də ittiham edirlər. Bu haqda nə deyə bilərsən? - "Bakı"ya "işləmək"də? Yox, bu çox yanlış fikirdir. Vüsal Əliyev Azərbaycanda heç bir kluba "işləmir". Mən sizi buna yüz faiz əmin edə bilərəm. Heç bir klub deyə bilməz ki, Vüsal Əliyevlə işbirliyində olub. Mən təmizəm. Allah da göydən baxır. Namaz qılan adamam. Kim nə fikirləşir, qoy fikirləşsin. Bu onların öz fikirləridi. Ancaq belə şey heç vaxt ola bilməz. - Ümumiyyətlə, sizə heç rüşvət təklif edən olub? - Heç vaxt. Mən şəxsən öz adımdan deyə bilərəm ki, heç bir zaman belə halla qarşılaşmamışam. Rastıma çıxmayıb ki, kimsə mənə pul təklif etsin. - "Neftçi" də sizdən şikayətçidir. Hətta onlar açıq şəkildə bəyan edirlər ki, sənin oyunlarına təyin olunmağını istəmirlər. - "Neftçi"nin hansı fikirdə olması mənim üçün maraqlı deyil. Bu onların öz işidir. Mən nə deyə bilərəm ki? Hakimlər Komitəsi var. Kimin hansı oyuna təyin olunmasına onlar qərar verir. Mən sənə sual verirəm: necə olur ki, Gəncədə "Neftçi" 1:0 udur, Qazaxda "Neftçi" 1:0 udur, oyunun da baş hakimi Vüsal Əliyevdir, mənim başıma and içirlər, gəlib Hakimlər Komitəsində məndən razılıq edirlər. Sonra çıxıb "Gəncə"yə 2:1 uduzurlar, narazı qalırlar. Halbuki oyun bütün Azərbaycana canlı yayımlanır və hamı da hər şeyi görür. Ardınca "Karvan"la heç-heçə edirlər və yenə də məndən narazı qalırlar. Bu hansı məntiqə sığır? Oyunun kasetinə baxsınlar. Deyirlər guya onların penaltisini verməmişəm. Amma həmin anda müdafiəçi birinci topa oynamışdı. Belədə isə qaydalara görə penaltidən danışmaq yersizdir. Mən "Neftçi"yə bir şeyi demək istəyirəm: nə istəyirsiniz, deyin. Komitə var, o da öz işini yaxşı bilir. Udanda məndən razı qalırlar, uda bilməyəndə narazı? Onsuz da həmişə belə olub. Xal itirən tərəf hakimdən narazı olur. - Hakimlər Komitəsinin sədri Əli Hüseynovla münasibətləriniz necədir? Deyilənə görə, Hüseynov sizə himayədarlıq edir. - Bizim Hakimlər Komitəsinə Əli müəllim kimi sədr heç vaxt gəlməyib. Əli Hüseynov komitəyə gələndən sonra burada çoxlu dəyişikliklər baş verib. Hamıya eyni münasibət bəslənir. Əli müəllimlə heç bir problemimiz yoxdur, hamımız ondan razıyıq. Ramiz Mirzəyevin Əli Hüseynovu sədr təyin etməsini çox doğru qərar hesab edirəm. - Ümumiyyətlə, səncə Azərbaycanda hakimlik etməklə normal dolanmaq olar? - Bu dəqiqə hakimliklə məşğul olmaqla çox gözəl yaşamaq olar. Bizim aldığımız qonorara baxın. Azərbaycanda kim bu qədər qonorar alır ki? Biz bir oyuna görə iki milyon manat alırıq. Məgər bu azdı? Ayda hakimlər iki, üç, dörd oyun idarə edirlər. Bu gör nə qədər pul edir. Bizim prezidentimiz Ramiz Mirzəyev də çox sağ olsun ki, qonorarlarımızı artırıb. Bizə kostyumlar, formalar verilib. Rayonlara gedərkən bizim üçün çox yaxşı şərait yaradılır. AFFA-dan da, prezidentimizdən də çox razıyıq. - Bu yaxınlarda FİFA referisi adına layiq görüldüz. Bu haqda nə deyə bilərsiz? - Mənə edilən bu etimada görə bir daha həm Hakimlər Komitəsinə, həm də assosiasiya rəhbərliyinə təşəkkür edirəm. Çalışacam ki, onların etimadını doğruldum. Və söz verirəm ki, bütün qüvvəmi buna sərf edəcəm. Həm ölkə daxilində, həm də xaricində Azərbaycanın adını uca tutmaq üçün var qüvvəmlə çalışacam. Bunun uçun ingilis dili kurslarına da gedirəm. - Bu qərarı bir az gecikmiş hesab etmirsiz? Ötən dəfə Babək Quliyevin əvəzinə sizin namizədliyiniz irəli sürülməliydi. Çünki sizin reytinqiniz daha üstün idi. - O vaxt belə bir şey olmuşdu. Mən də gözləyirdim ki, bu ad mənə veriləcək. Ancaq Hakimlər Komitəsi fərqli qərar qəbul etdi. Mən də onların qərarına hörmətlə yanaşdım.

Paylaş

// pop up