Vüsal Əliyevi yenə bağışlamaq istəyirlər (FUTBOL+, 20.12.2005)

single-news
20 Dek 2005

Vüsal Əliyevi yenə bağışlamaq istəyirlər (FUTBOL+, 20.12.2005)



..... Turda hakimliklə bağlı ən diqqəti çəkən məqam "Qarabağ" - "Gənclərbirliyi" oyunuyla bağlı olsa da, baş hakim Vüsal Əliyevə verilən bal heç 8,0-dən aşağı olmayıb. Qeyd edək ki, klubun rəsmi saytında baş direktor Əmrah Çəlikəlin imzasıyla Hüseynova ünvanlanmış etiraz məktubu yerləşdirilib. Orda Ağdam klubunun bir neçə epizodla bağlı narazılığı göstərilsə də, əsas diqqət 76-cı dəqiqədə rəqib komandanın qapıçısı Davud Kəriminin topu çıxartmaq istəyərkən ayağının boşa çıxması və qolkiperə heç bir toxunuş olmadan topa sahib çıxararaq onu tora göndərən Samir Musayevin qolunun hesaba alınmamasıdı. Etiraz məktubunda həmçinin qeyd olunub ki, matçın protokolunda "Qarabağ" narazılığını yazmaq istəsə də, ehtiyat hakim Elçin bunun qeyri-qanuni oldduğunu iddia edərək imkan verməyib. Əliyev isə meydan sahiblərinin yazmağa gecikdiklərini əsas gətirib. Halbuki Ağdam klubu səlahiyyətli nümayəndələrinin oyun bitəndən 10 dəqiqə sonra hakimlər otağına gəldiklərini iddia edir. "Qarabağ" tərəfi iki kameradan - orta və yan tərəfdən həmin epizodun çəkildiyini qeyd edərək qayda pozuntusunun olmadığını və bunun birbaşa nəticəyə təsir etdiyini ön plana çıxarır. Bununla da ağdamlılar nəticənin ləğv edilərək matçın yenidən keçirilməsinə çalışır. Dünən AFFA-ya gələn "Qarabağ"ın məşqçisi Şahid Həsənov və operatoruyla birgə Əli bəy komandanın narazı qaldıqları epizodlara, xüsusilə də Samir Musayevin qol epizoduna baxıb. Matçın hakim-inspektorunun rəyini, verdiyi qiyməti də əsas gətirən Hüseynov Əliyevin qərarını dəstəkləyir: "Vüsal həmin vaxt epizoda yaxın idi və düzgün qərar çıxarıb. Biz də "Qarabağ"ın nümayəndələriylə birgə həmin epizoda baxdıq və belə razılaşdıq ki, qayda pozuntusu olduğundan qolun hesaba alınmaması düzgün imiş. "Qarabağ"ın oyunçusu ayağını rəqib qapıçının qarşısına qoyub ki, bu da onun yıxılmasıyla nəticələnib. Hər halda qapıçı həmin epizodda kənar təsir olmasaydı, yerə yıxılmazdı". Hər halda Vüsal bəyin bir neçə gün öncə adının FİFA referisi kimi təsdiqləndiyini və beynəlxalq miqyasda daha ciddi sınaqlar öncəsi ləkələnməməsinə çalışılmasını vurğulamaq olar. Artıq "Qarabağ" yeni FİFA referisini qorumağın əziyyətini çəkməli oldu. Bunadək isə "Neftçi" Əliyevdən narazılığını bildirərək hətta moldovalı legioneri Vadim Boretsin sarı vərəqəsinin ləğvinə nail olmuşdu. Görəsən, növbə hansı komandanındı?

Paylaş

// pop up