Xaliq Mərdanov “Qarabağ”ı məğlubiyyətdən xilas etdi (ÇEMPİON, 25.09.2006)
25 Sen 2006
Xaliq Mərdanov “Qarabağ”ı məğlubiyyətdən xilas etdi (ÇEMPİON, 25.09.2006)
Xaliq Mərdanov “Qarabağ”ı məğlubiyyətdən xilas etdi
QARABAĞ - SİMURQ = 1 - 1
“Qarabağ”: 12. Cahangir Həsənzadə, 4. Vasif Haqverdiyev (7. Romal Huseynov,54), 5. Sergey Sokolov, 6. Xaliq Mərdanov, 8. Aslan Kərimov (k), 9. Samir Musayev, 11. Elmir Xankişiyev, 16. Samir Abbasov, 17. Boyan İlic, 20. Kənan Kərimov (10. Müşfiq Huseynov, 65), 23. Hakan Dəmir.
Baş məşqçi: Böyükağa Ağayev
”Simurq”: 1. Davud Kərimi, 4. Vüqar Həsənov, 5. Ramin Hacıyev, 7. Ramin Nəsibov, 17. Rüstəm Məmmədov (6. Rüstəm Əliyev, 84), 19. Yevgeni Kovtunov, 20. Sergey Seleznyov, 21. Taqim Novruzov, 25. Ramil Sayadov (11. Elmar Xeyirov, 77), 27. Sergey Seqlov, 28. İlqar Əbdurrəhmanov.
Baş məşqçi: Roman Pokora
Qollar: X. Mərdanov, 72 - R. Məmmədov, 17
Sarı vərəqələr: R.Məmmədov, 30, D.Kərimi, 40, V.Həsənov, 53, B.İliç, 57, R.Sayadov, 59, S.Musayev, 73, S.Sokolov, 75, S. Seqlov, 79
Hakimlər: Rövşən Əhmədov, Azər Məmmədov, Vasif Məmmdov, Feyzulla Feyzullayev
Hakim-İnspektor: Kərim Ağayev
Suraxanı. 23 sentyabr. Tofiq İsmayılov adına stadion. 200 tamaşaçı.
Matç “Qarabağ”ın hücumları ilə başlandı. Getdikcə təzyiqi artıran Ağayevin yetirmələri bir neçə dəfə Samir Musayev və Kənan Kərimovun ifasında təhlükəli hücum qursalar da, bunun nəticəsi olmurdu. Qonaqlardan isə yalnız irəlidə tək qalan Ramin Nəsibovla aradabir ona dəstək verən Taqim Novruzov nəsə etməyə çalışırdı. Amma ağdamlılar səhvə yol vermirdilər. Hesabın açılması isə bir qədər gözlənilməz oldu. “Simurq”un nadir hücumlarından biri künc zərbəsi ilə nəticələndi. Rüstəm Məmmədov isə Taqimin ötürməsini dəqiq tamamladı - 0:1.
“Soyuq duş” ağdamlıların oyununa təsirsiz ötüşmədi. İş ondadır ki, “Qarabağ” ikinci hissədə də qonaqların qapısına yol tapmaqda çətinlik çəkirdi. Görünür, bu səbəbdən Ağayev veteran Müşfiq Hüseynovu oyuna qoşmalı oldu. Düzdür, Hüseynov fövqəladə heç nə ilə yadda qalmadı. Sonradan meydançaya çıxan Romal Hüseynov isə bərabərlik qolunun ötürməsini verdi. Onun künc zərbəsindən havalandırdığı topa Xaliq Mərdanov dəqiq zərbə vurdu 1:1. Bundan sonra hər iki tərəf hesabı öz xeyrinə dəyişmək üçün cəhdlər etsə də, bunun bir nəticəsi olmadı.
Böyükağa Ağayev: “Üstünlük bizdə idi. Meydançanın vəziyyətinin bərbad olması daha çox əks-hücuma üstünlük verən rəqibin işinə yaradı. Xal itirməməliydik”.
Roman Pokora: “Qarabağ”ı ilk dəfə görsəm də, iddialı komanda olduğundan xəbərim vardı. Ümumiyyətlə, klublarınız çoxunu yaxşı tanımıram. Çünki ölkənizdə təzəyəm. Nə qədər qəribə olsa da, heç öz yetirmələrimin də səviyyəsinə tam bələd deyiləm. Etiraf edim ki, bu gün bəxt tərəfimizdə oldu.”