XAQANI MƏMMƏDOV HAKİMLİKDƏN UZAQLAŞDIRILDI !
10 Noy 2005
XAQANI MƏMMƏDOV HAKİMLİKDƏN UZAQLAŞDIRILDI !
Dünən AFFA-nın mənzil-qərargahında Hakimlər Komitəsinin növbəti iclası keçirilib. Toplantıda ölkə çempionatının bəzi oyunlarında nəticəyə təsir edən hakim səhvləri müzakirə edilib və baş verənlərə hüquqi qiymət verilib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, ən ağır cəzaya FİFA referisi Xaqani Məmmədov məruz qalıb. X.Məmmədov baş hakim kimi yeddinci turda Tovuzda oynanılan "Turan" - "İnter" görüşündə yol verdiyi ciddi nöqsanlara görə ölkə çempionatının oyunlarını idarə etməkdən uzaqlaşdırılıb. Üstəlik, HK X.Məmmədovun FİFA hakimliyindən geri çağırılması haqda qərar çıxarıb. Onun əvəzində ötən mövsümün yekununa görə ən yaxşı reytinqə malik olan milli dərəcəli hakim Vüsal Əliyevin namizədliyi irəli sürülüb.
"Turan" - "İnter" oyununun hakimlər briqadasının digər üzvləri - İlham Əliyev, Mehman Mahmudov və Anar Niyazov isə 3 oyunu idarə etməkdən kənarlaşdırılıblar. Milli dərəcəli digər hakim İqor Şpakovski isə "Şahdağ" - "Karvan" oyununda yol verdiyi ciddi səhvlərə görə birinci dövrənin sonuna qədər oyunlardan kənarlaşdırılıb. Onun oyunlara cəlb edilib-edilməməsi ikinci dövrənin ərəfəsində HK iclasında müzakirə olunacaq.