"Xəzər-Lənkəran" beşə çatdı (HET TRİK, 04.10.2005)

single-news
4 Okt 2005

"Xəzər-Lənkəran" beşə çatdı (HET TRİK, 04.10.2005)



"Şəfa" stadionunda keçirilən bu qarşılaşmanın turun ən maraqlı matçlarından olacağını düşünənlər yanılmamışdılar. Oyun həqiqətən də maraqlı alındı. Həm də 90 dəqiqə ərzində meydanda baş verənlər yox, o cümlədən, görüşdən sonra yaşanan qalmaqal nəticəsində. QARABAĞ - XƏZƏR-LƏNKƏRAN 2:1 Hüseynov 4, Musayev 59-p. - Əliyev 64 GÖRÜŞÜN FİNAL, DÖYÜŞÜN START FİTİ Matçı, bəzi epizodlardakı qətiyyətsizliyini nəzərə almasaq, normal idarə edən baş hakim Vüsal Əliyevin görüşün başa çatdığını bildirən fiti səsləndikdən dərhal sonra "Xəzər-Lənkəran"lı Emin Quliyevlə "Qarabağ"ın legioner futbolçusu Blajenko Bekovaç münasibətlərini aydınlaşdırmağa başladılar. Özü də yumruq və təpik zərbələriylə. Futbolçular arasında konflikt görüş ərzində formalaşsa da, sonda bu, açıq-aşkar davaya çevrildi. Ümumiyyətlə, məhz həmin yumruqlaşmanın təfərrüatına varmaq fikrində deyilik. Ancaq, olayda baş rollardan birinin ifaçısı olan Emin Quliyev haqda bir neçə söz demək fikrimizcə yerinə düşərdi. "Xəzər-Lənkəran"lı futbolçuların son oyunlarda uğradıqları müvəffəqiyyətsizliklərlə əlaqədar psixoloji baxımdan bəzi problemlərlə üzləşdikləri çoxlarına bəllidir. Oyundan sonra keçirilən mətbuat konfransında cənub klubunun baş məşqçisi Nazim Süleymanov da bunu etiraf etdi. Ancaq, həm milli komandanın, həm də klubunun heyətində meydana çıxdığı qarşılaşmalarda Emin Quliyev şifahi xalq ədəbiyyatının söyüş janrını nə dərəcədə yaxşı bildiyini (təkcə bizim deyil, eləcə də şimal qonşumuzun) hər dəfə nümayiş etdirir. Özü də bunu o qədər yüksək səslə edir ki, hətta azarkeşlərin səs-küyü arasında da həmin vulqar sözləri rahat eşitmək mümkündür. Bu cür hərəkətlər isə nəinki özünü peşəkar futbolçu hesab edən, istənilən digər sahədə çalışan heç bir şəxsə başucalığı gətirməz. Dəfələrlə ölkəmizi milli komanda və klubların heyətində beynəlxalq yarışlarda təmsil edən Emin Quliyev bəzi hərəkətlərində korrektələr etməyə borcludur. DÖRDÜNCÜ DƏQİQƏDƏ "SOYUQ DUŞ" "Qarabağ" artıq ilk dəqiqələrdə tablodakı sıfırları ətalət vəziyyətindən çıxarmağı bacardı. Mərkəzdə topu ələ keçirən Sergey Kravçenko rəqibin cərimə meydançasına doğru irəliləyərək komanda yoldaşı Müşfiq Hüseynovu lənkəranlıların qapıçısı Aleksandr Martyoşkinlə duelə göndərdi. Təkbətək mücadilədən qalib ayrılan ağdamlıların kapitanı dördüncü dəqiqədə komandasının hesabda irəli çıxmasını təmin etdi. Onsuz da çempionatda məğlubiyyətləri sıralayan "Xəzər-Lənkəran" üçün erkən qol buraxmaq psixoloji baxımdan çox uğursuz başlanğıcın əsasını qoydu. Bu, komandanın oyununda açıq-aşkar özünü büruzə verirdi. Nazim Süleymanovun ilk yarıda iki əvəzetməyə əl atmasını da bu baxımdan təsadüfi hesab etmək olmaz. Dörd dəqiqə ərzində (27-31) Vüsal Hüseynov və Mikayıl Namazov müvafiq olaraq, Alim Qurbanov və Miroslav Saviçlə əvəzləndi. Qol vurduqdan sonra əsas diqqəti müdafiəyə yönəldən nominal ev sahibləri rəqibini əks-hücumlarda yaxalamaq istəyirdi. Belə məqamların birində Müşfiq Hüseynov dublunu rəsmiləşdirə bilərdi. Ancaq onun topa vaxtında yetişə bilməməsi hesabın artmasına imkan vermədi. Matçın 24-cü dəqiqəsində Mahmud Qurbanov uzaq məsafədən Cahangir Həsənzadənin sayıqlığını yoxladı. Caqa bu epizodda topa uğursuz toxunsa da, hər halda qapısının toxunulmazlığını qorumağı bacardı. İlk hissədə təhlükəli məqam kimi Samir Əliyevin 3-4 metrlikdən qapı dirəyini nişan almasını da qeyd etməyə dəyər. BƏRABƏR HESABLI İKİNCİ YARI Fasilədən sonra "ev sahibləri" tamamilə müdafiəyə qapansa da, Süleymanovun yetirmələrinin hücumları çox kəsərsiz alınırdı. Əvəzində ağdamlılar ikinci dəfə rəqibini meydanın mərkəzinə dəvət etdi. Hər şey Azər Cabbarovun cinah reydindən sonra başladı. "Xəzər-Lənkəran"ın müdafiəçilərini geridə qoyan Cabbarov gözəl ötürmə ilə Aleksandr Voskoboyniki adaşı Martyoşkinlə üz-üzə çıxardı. Qolkiperi aldatmağa müvəffəq olan futbolçu son zərbəni vurmağa macal tapmadı. Qolkiper Voskoboyniki yıxmaqla özünə sarı vərəqə, komandasının qapısına isə penalti qazandı. Nöqtəyə yaxınlaşan Samir Musayev fürsəti fövtə vermədi. İkinci qoldan sonra çoxları oyunun taleyinin artıq həll olunduğunu düşünsə də, "sən saydığını say, gör fələk nə sayır" deyiminə müvafiq durum yarandı. "Qarabağ" üçün "fələk" Samir Əliyevin simasında təzahür etdi. 64-cü dəqiqədə müdafiədəki boşluqdan istifadə edən forvard hesab arasındakı fərqi azaltmaqla oyundakı intriqanı son dəqiqələrədək saxladı. Qalan vaxt ərzində Emin Quliyev, Rəşad Abdullayev və Mahmud Qurbanovun fərqlənmək cəhdlərinin qarşısını Cahangir Həsənzadə aldı. Beləliklə, final fitinəcən hesab dəyişmədi və "Xəzər-Lənkəran" cari mövsümdə ardıcıl olaraq beşinci dəfə məğlubiyyətlə barışmalı oldu. Emin Quliyev yaman dalaşırmış Azərbaycan çempionatının 6-cı turu çərçivəsində keçirilən qarşılaşmalar yenə də qalmaqalsız ötüşmədi. Əsas diqqət mərkəzində olan hadisə isə "Şəfa" stadionunda "Qarabağ"la "Xəzər-Lənkəran" arasındakı oyun zamanı, daha doğrusu matçın bitimindən dərhal sonra baş verdi. Meydanda özünü son zamanlar həddindən artıq əsəbi aparan, addımbaşı küçə söyüşlərini sağa-sola yağdıran, yeri gəldi-gəlmədi hakimlərin qərarlarına etirazını kobud şəkildə bildirən, çox vaxt rəqiblərinə qarşı hörmətsiz və aqressiv davranan Emin Quliyev bu dəfə də ampluasına sadiq qaldı. Təsadüfi deyil ki, yuxarıda adını çəkdiyimiz qarşılaşmadakı qalmaqalın əsas fiqurlarından biri məhz "Xəzər-Lənkəran"nın və milli komandanın futbolçusu Emin Quliyev idi. Oyunun gedişində Quliyevlə "Qarabağ"ın legioner futbolçusu Blazenko Bekovaç arasında toqquşma olsa da, baş hakim Vüsal Əliyevin müdaxiləsindən sonra tərəflər nisbətən sakitləşdilər. Həmin epizodda hakim hər iki oyunçuya sarı vərəqə göstərməyə borclu olsa da, qətiyyətsizlik nümayiş etdirib əlini cibinə salmadı. Hakimin final fitindən dərhal sonra Emin Quliyev Bekovaçın üstünə hücum çəkdi. Bir-birlərinə yumruq və təpik zərbələri endirməyə macal tapan futbolçuları stadiona daxil olan polis nəfərləri, komandaların hər ikisinin nümayəndələri və Lənkəran klubunun mühafizə xidmətinin əməkdaşları sakitləşdirməyə müvəffəq oldular. Milli komandada forma geyən, müxtəlif beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən bir futbolçunun meydanda bu cür hərəkətlərə yol verməsi doğrudan da biabırçılıqdır və utancvericidir. "Xəzər-Lənkəran"da çıxış edən futbolçuların intizamsızlığı demək olar ki, hər turun oyunlarında diqqət mərkəzinə düşür. Bu mənada Emin Quliyev komanda yoldaşlarına nisbətən daha böyük fəallıq nümayiş etdirir. Artıq sistematik hal alan bu cür hərəkətlərin qarşısı ölkə futbol qurumu və klub rəhbərləri tərəfindən alınmalıdır. Sonda onu da bildirək ki, insident zamanı azarkeşlər də meydana daxil oldu və bu da özlüyündə stadionda təhlükəsizlik tədbirlərinin istənilən səviyyədə təşkil olunmamasının göstəricisidir. P.S. Sözügedən məsələ ilə əlaqədar hər iki klubun mətbuat xidmətinin katibi ilə əlaqə saxlayaraq futbolçuların hərəkətlərinə komanda daxilində hansı qiymətin verilməsini öyrənməyə çalışdıq. Müraciət etdiyimiz şəxslər komandaların istirahətə buraxıldığını və bu üzdən insidentlə bağlı heç bir tədbirin görülməməsini diqqətimizə çatdırdı.

Paylaş

// pop up