“Xəzər-Lənkəran” Samir Musayevi istəyirmiş (futbol+, 05.08.2006)
5 Avq 2006
“Xəzər-Lənkəran” Samir Musayevi istəyirmiş (futbol+, 05.08.2006)
Braziliyalı legionerlərlə və Kolumbiyalı Xorxe Diasla heyətdəki bütün çatışmazlıqları aradan qaldıran “Xəzər-Lənkəran” sən demə, bir müddət əvvəl fasilə dövrünün ən səs- küylü keçidinə imza ata bilərmiş. Son transferləri edənə kimi hücumçu problemindən şikayətlənən cənublular “Qarabağ”ın forvardı Samir Musayevi heyətinə qatmaq istəyirmiş.
UEFA kubokunda “Zimbru”yla qarşılaşmalarda iki qol vuran Musayevin “Xəzər-Lənkəran”a keçidinə ağdamlılarla müqaviləsinin olması maneçilik yaradıb. Bunu Lənkəran klubunun məşqçi-seleksiyaçısı Bəxtiyar Musayev də təsdiqlədi. Biz cənubluların “Zimbru”yla cavab matçından sonra Samirə müştəri düşdüyünü eşitsək də, Bəxtiyar bəy bunun xeyli əvvəl olduğunu bildirdi: “Bəli, biz Musayevlə maraqlanmışıq. Onu komandamızda görmək istəyirik. Hələ o zaman cənubi amerikalı legionerlər “Xəzər-Lənkəran”a gəlməmişdi. Klublar transfer əməliyyatlarına yenicə girişirdi. Amma gördüyünüz kimi, Samiri gətirə bilmədik. “Qarabağ”la müqaviləsi olduğundan onun “Xəzər-Lənkəran”a keçidi baş tutmadı”.
Yəqin ki, Samirlə anlaşa bilsəydi, cənub klubu əcnəbi futbolçuların transferinə bunca həssas yanaşmazdı. Amma Musayevin “Xəzər-Lənkəran”a keçidi baş tutmadı və bu məsələdə kimin itirib, kimin qazandığını Allah bilir.
“Xəzər-Lənkəran”la bağlı diqqət çəkən digər məsələ bu komandanın “Neftçi”ylə ikinci turda ev oyununu hansı stadionda keçirəcəyidi. Əvvəlcədən lənkəranlıların “ağ-qaralar”ı yenicə hazır olan stadionunda qəbul edəcəyi deyilirdi. Məhz flaqmanla qarşılaşmada Lənkəran stadionunun açılışı olmalıydı. Ancaq son günlər belə söz-söhbət gəzir ki, cənublular hörmətli qonaqlarını Lənkəran şəhər Olimpiya İdman Komleksinin arenasında qəbul etməyə hazırlaşır. Bu isə “Neftçi” tərəfdarlarının narazılığına səbəb olub. Ki “bizi bostanlığa salıb udmaq istəyirlər”. Bəxtiyar bəylə söhbətdə bu məsələyə də toxunduq və “ağ-qaralar”ın ürəyində ümid işığı yandıra biləcək xəbər eşitdik: “Əsas stadionun ot örtüyü ilə bağlı problem var. Amma Olimpiya İdman Kompleksinin vəziyyəti də qənaətbəxşdi. Həm də “Neftçi”ylə oyunun əsas stadionda yox, başqa arenada keçiriləcəyi dəqiqləşməyib. İnşallah oyun gününədək bütün məsələləri həll edərik. Yenə də “Neftçi”ylə yenicə hazır olan stadionumuzda qarşılaşacağımıza inanırıq. Böyük ehtimalla belə də olacaq, narahat olmağa dəyməz”.