”Xəzər-Lənkəran” zirvəyə qayıtdı (ÇEMPİON, 16.05.2005)
16 May 2005
”Xəzər-Lənkəran” zirvəyə qayıtdı (ÇEMPİON, 16.05.2005)
“Xəzər-Lənkəran” - “Qarabağ” 3:0
Qollar: S. əliyev, 34, 43; R. Abdullayev, 76
”Xəzər-Lənkəran”: Aleksandr Martyoşkin, Miroslav Saviç, Martin Stankov, Füzuli Məmmədov, ədəhim Niftəliyev, Rəşad Abdullayev (Bəxtiyar Musayev, 81), Alim Qurbanov, Dəniz Kolqu, İlqar Qurbanov (Rəşad Kərimov, 69), Samir əliyev, Oktay Dərəlioğlu (Xaqani Məmmədov, 85)
”Qarabağ”: Rauf Mehdiyev, Andrey Kolinenko, Vladimir Boqaç, Abuzər İbrahimov, Mübariz Orucov, Aqil Məmmədov (İvan Karamanov, 72), Mustafa Engin Özmən (Vüqar Nadirov, 57), Ruslan Musayev (Samir Musayev, 56), Denis Sokolovski, İsmayıl Məmmədov, Vadim Vasilyev
Sarı vərəqələr: O. Dərəlioğlu, D. Kolqu, A. İbrahimov, M. Özmən
Hakimlər: İmanxan Sultani, Azad Q. Hüseynov, İlham əliyev, Anar Niyazov
Stadion: Lənkəran şəhər stadionu, 14000 tamaşaçı
Ötən tur “Neftçi”yə məğlub olmaqla “Qarabağ”dan geri düşən “Xəzər-Lənkəran” bu görüşdə qalib gəlməklə liderliyi qaytarmaq əzmində idi. Rəqiblər oyuna ehtiyatlı başladılar. Lakin lənkəranlılar ilk dəqiqələrdən daha inamlı görünürdülər. Artıq 8-ci dəqiqədə Rəşad Abdullayev və Oktay hərəyə bir dəfə fərqlənə bilərdilər. Ardınca Rəşadın əla ötürməsindən sonra Samirin qüvvətli zərbəsini Rauf Mehdiyev çətinliklə uzaqlaşdırdı. Nəhayət, 32-ci dəqiqədə hesab açıldı. İlqar Qurbanovun ara ötürməsini Samir əliyev tora qovuşdurdu - 1:0. Sakitləşmək bilməyən meydan sahibləri hücumlarını davam etdirirdilər. İkinci qolu da İlqarla Samir təşkil etdilər. Bu dəfə də əliyev fərqləndi. İkinci hissənin əvvəllərində komandasının qeyri-fəallığını görən Ponomaryov birdən-birə iki əvəzetmə edərək hücumu qüvvətləndirdi. Amma yenə də qol vəziyyətlərini lənkəranlılar yaradırdılar. 68-ci dəqiqədə oyunu yüksək səviyyədə keçirən İlqar Qurbanov fərqlənməyə yaxın olsa da, Mehdiyev inamlı oynadı. Bununla belə, “Xəzər-Lənkəran” daha bir qol vura bildi. Rəşad Abdullayev Dənizin ötürməsini tamamladı - 3:0. Son dəqiqlərdə Samir rəqibin 5 futbolçusunu arxada qoysa da, zərbə vura bilmədi. Beləliklə, “Qarabağ”ı darmadağın edən “Xəzər-Lənkəran” yenidən liderliyə qayıtdı.
Rasim Kara (“Xəzər-Lənkəran”): “Matça çox yaxşı hazırlaşmışdıq. Onların oyunlarını izləmiş və lazımi taktika qurmuşduq. Layiqli qələbə qazandıq. Fikrimcə, çempionluğun taleyi “qızıl oyun”da həll olunacaq”.
İqor Ponomaryov (“Qarabağ”): “Müdafiədə kobud səhvlərə yol verdik və rəqib bundan lazımınca istifadə etdi. Bu, komandanı “sındırdı”. “Xəzər-Lənkəran”ı gözəl oyun və qələbə münasibəti ilə təbrik edirəm”.