“Yeddilik” iddialı “üçlüyə” çevrildi? (ÇEMPİON, 11.04.2005)
11 Apr 2005
“Yeddilik” iddialı “üçlüyə” çevrildi? (ÇEMPİON, 11.04.2005)
Mövsümün başa çatmasına 8 tur qalarkən sular durulmağa başlayır. əgər birinci dövrə başa çatdıqdan sonra hələ də çoxları iddialı “səkkizlik”dən danışırdısa, indi vəziyyət fərqlidir. Artıq futbol dairələrində üç komandanın - “Qarabağ”, “Neftçi” və “Xəzər-Lənkəran”ın şansları daha yüksək qiymətləndirilir. Hərçənd hər tur sensasiya baş verdiyindən indidən proqnoz vermək olduqca çətindir.
Elə son turda çoxları “Xəzər-Lənkəran”ın “MKT Araz”ın öhdəsindən asanlıqla gələcəyini düşünsə də, fərqli səhnələrin şahidi olduq. Amma əslində matçın gedişində üstünlük tam meydança sahiblərinin tərəfində idi. Cənub klubu itirilmiş iki xala görə ilk növbədə özünü günahlandırmalıdır. Çünki rəqib qapısı qarşısında xeyli qol vəziyyəti yaradılsa da, “Xəzər-Lənkəran”ın forvardları bunları sağa-sola xərcləməklə məşğul oldu. İmişli komandası isə qazanılmış bir xala görə birinci növbədə qolkiperi Nadir Şükürova “çox sağ ol” deməlidir. Məhz təcrübəli qapıçının inanılmaz reaksiyaları sayəsində İmişli komandası qonşu şəhərdən bir xal apara bildi.
Turnir cədvəlinin hazırkı durumuna əsasən, heç şübhəsiz, çempionluğa əsas namizəd birinci pillənin sahibi - “Qarabağ”dır. Aktivində 61 xal olan Ağdam klubu ən yaxın izləyicisi “Neftçi”ni 4 xal qabaqlayır. Amma bir faktı yaddan çıxartmamalıyıq ki, təqvimin son dövrü İqor Ponomaryovun komandasına qətiyyən sərf etmir. əyalət təmsilçisini çempionatın sonuna kimi xeyli çətin oyun gözləyir. “Qarabağ”ın “İnter”, “Neftçi” “Xəzər-Lənkəran” və “Turan”la matçlarda xal itirmək ehtimalı daha çoxdur. Bir şeyi də qeyd edək ki, ağdamlılar son oyunlarda 3 xalı çətinliklə əldə edirlər. Ponomaryovun yetirmələri İmişli səfərindən 1 xalı min bir əziyyət bahasına gətirdikdən sonra indi də MOİK önündə problemlərlə qarşılaşdılar. Aslan Kərimov 47-ci dəqiqədə lazımi yerdə olub, başla topu tora göndərməsəydi, “Qarabağ” üçün hər şey acınacaqlı nəticələnə bilərdi. Ağdam klubnun daha bir “minus”u klubdaxili ab-havanın ürəkaçan olmamasıdır. Düzdür, Anatoli Ponomaryov komandadan ayrıldıqdan sonra anlaşılmazlıqların yoluna qoyulduğunu fikirləşirdik. Ancaq komandanın icraçı direktoru Adil Nadirovun Ponomaryovu ittiham edən müsahibəsi yenə aləmi bir-birinə qatdı.
Qızıl medallara digər əsas iddiaçı - “Neftçi”nin də işləri istədiyi kimi getmir. “MKT-Araz”la matçda bir xalı çətinliklə əldə edən “flaqman” “İnter” önündə yenə də problemlərlə üzləşdi. Ümumiyyətlə, “ağ-qaralr”ın baş məşqçisi Ağasəlim Mircavadov hələ ki ukraynalı həmkarı Anatoli Konkovu yenməyin yollarını tapmayıb. Bakılıları mövsümün sonuna kimi “Qarabağ”, “Xəzər-Lənkəran” və “Turan” kimi güclü rəqiblərlə oyunlar gözləyir. Son vaxtlar “Neftçi”nin hücum xəttində də “axsamalar” hiss olunur. Qurban Qurbanov zədəli olduğu vaxtlar George Adamiya əla oyun sərgiləsə də, gürcü forvard indi kölgəyə çəkilib. əvəzində komandanın kapitanı yavaş-yavaş formaya düşür.
Üçüncü pillənin sahibi “Xəzər-Lənkəran”ın hücumla bağlı hər hansı problemi olmadığını qeyd edə bilərik. Ardıcıl 7-ci oyunda da fərqlənən Oktay Dərəlioğlu, demək olar ki, formasını tam bərpa edib. Türkiyə yığmasının forvardına qol vurmaq üçün hər cür şərait yaradan Samir əliyevi də yaddan çıxartmaq olmaz. Hazırda ölkəmizin ən güclü hücum dueti Cənub komandasındadır. Rasim Karanın komandası mövsümün sonuna kimi bir neçə çətin oyun keçirməli olacaq. Aprelin 20-də doğma divarlar arsında “İnter”i qəbul edəcək lənkəranlıları “Neftçi və “Qarabağ”la da ağır görüşlər gözləyir.
Mövsümün başa çatmasına 8 tur qalarkən hər hansı komandanı favorit kimi qəbul etmək olmur. Təqvimə nəzər salanda isə “Qarabağ”a nisbətən “Neftçi” və “Xəzər-Lənkəran” şanslı görünür.