Yenə də yığmaya baza-klub axtarılır. Bu dəfə obyekt “Qarabağ”dır (çempion, 12.06.2006)

single-news
12 İyn 2006

Yenə də yığmaya baza-klub axtarılır. Bu dəfə obyekt “Qarabağ”dır (çempion, 12.06.2006)



Futbol üzrə milli komandamızı böhranlı vəziyyətdən çıxarmaq üçün növbəti cəhd göstərilir. İndi də “Qarabağ”ı yığmamızın bazasına çevirirlər. Bu barədə Şahin Diniyev AFFA-nın rəsmi mətbuat orqanı olan “Futbol dünyası”na müsahibəsində deyib. Əslində Yessentukidə istirahətdə olan Diniyevin sözləri mütəxəssislərdə, azarkeşlərdə və elə media mənsublarında da şok effekti yaratdı. Məsələ burasındadır ki, baş məşqçi bu işin çoxdan aparıldığını vurğulayıb. Baza-klub kimi niyə məhz “Qarabağ”ın seçilməsi isə ən mübahisəli məsələdir. Səbəb sadədir: son milli çempionatın böyük hissəsində “Qarabağ” iddiasız klub kimi çıxış edirdi və reallıq budur ki, Ağdam klubu ölkəmizin ən güclü klubu deyil. Düzdür, yığmamızın bundan sonra hansısa klubun bazasında yerləşməsi təqdir olunmalıdır. Ən azı ona görə ki, indiyədək milli komandamız müstəqil şəkildə fəaliyyət göstərib ki, bu da lazımi effekti verməyib. Ya futbolçular müxtəlif bəhanələrlə yığmadan yayınıblar, ya da oyunqabağı aparılan 3-4 günlük məşqlər nəticəsiz qalıb. Yəni millinin üzvlərinin vahid kollektivdə yerləşdirilməsi yaxşı variantdır. Amma “Qarabağ”ın klub-bazaya çevrilməsi nikbinliyə bir o qədər də əsas vermir. Baş məşqçi Şahin Diniyevlə dünənki söhbət zamanı öyrəndik ki, sözügedən ideyanın gerçəkləşməsi yubanır: “Mən milli komandanın 6-7 futbolçusunun “Qarabağ”a gətirilməsinin vacibliyini bildirmişdim. Lakin bu yöndə iş aparılmayıb. Ona görə hələ də bu ideya reallaşmayıb”. “Qarabağ” milli komandamızın bazası olarsa, Diniyev Ağdam klubuna ümumi rəhbərlik edəcək. Bu isə o deməkdir ki, “Qarabağ”ın hazırkı baş məşqçisi Böyükağa Ağayev iş yerini itirməyəcək: “Mənim “Qarabağ”a baş məşqçi keçəcəyim barədə yayılan xəbərlər doğru deyil. Sadəcə, bu layihəmiz baş tutarsa, “Qarabağ”a ümumi rəhbərlik edəcəyəm”. ”Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl də Ağayevin baş məşqçi vəzifəsində qalacağını bildirdi. Çəlikəl baza-klub ideyasının hələ də həyata keçmədiyini deməklə bu barədə geniş danışmayacağını nəzərə çatdırdı. İstədik bir az da Böyükağa müəllimə yer ayıraq. Fikirləşdik ki, bu layihəyəyə onun münasibətini öyrənməyimiz maraqlı olardı. Ancaq Ağayev telefonda səsimizi eşidər-eşitməz “Mən intervyü vermirəm, danışa bilməyəcəyəm” deməklə bizi lap təəccübləndirdi. Görəsən, belə məşqçinin başçılıq etdiyi klub yığmamızın bazasına çevrilsə, Azərbaycanda nikbin azarkeş tapılacaqmı?..

Paylaş

// pop up